“Yenilənmək istədik, lakin bu baş tutmadı“

“Yenilənmək istədik, lakin bu baş tutmadı“

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoyun müsahibəsi

 

– Səxavət bəy, qurultayda son anda Qubad İbadoğlunun xeyrinə geri çəkildiniz. Bu əvvəldən verilmiş qərar idi, yoxsa…?

 

– Xeyr, mən bu qərara qurultayın gedişində gəldim. Qubad bəyin qurultaydakı çıxışına qulaq asdım, bir daha gördüm ki, biz eyni fikirdəyik. Bu addımı atdım və heç də peşman deyiləm. Bəziləri başqa cür düşünür. Hesab edirlər ki, mən geri çəkilməməli idim və müəyyən səs toplamaqla, seçkini ikinci tura daşıya bilərdim. Amma nəticədən asılı olmayaraq, heç də peşman deyiləm.
Mən islahat tərəfdarıyam. Bir tərəfdə islahatçılar, digər tərəfdə populist və şüarçılar idi. Dəyişmək, yenilənmək istədik, lakin bu baş tutmadı.

 

– Belə fikir yaranır ki, iki namizəd Arif Hacılıya qalib gələ bilmədi. Ya siz zəif idiniz, ya da partiya sizin dediyiniz yeniliyə hazır deyildi.

 

– Partiya yeniliyə hazır deyil. Çünki Arif Hacılı 6 ildir ki, partiyada Mərkəzi İcra Aparatının rəhbəri, seçki qərargahının sədri kimi 10-15 vəzifə daşıyıb. Bütün rayon təşkilatlarında, Mərkəzi İcra Aparatında olan Arif Hacılının “çətəsi” qurultayların, konfransların keçirilməsini monopoliyada saxlayıblar və özlərinə lazım bildikləri adamları qurultaya seçmişdilər. İki il bundan qabaqdən qurultaya nümayəndələrin seçilməsinin məqsədi də bu idi ki, onlar Arif Hacılıya səs versinlər. Daha doğrusu onları seçdirmişdilər.
Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi də Mərkəzi İcra Aparatının funksionerləri, məmurlarından ibarət idi. Son 2 il ərzində qurultay məsələləri birbaşa Arif Hacılının özünün nəzarəti altında olmuşdu. Özünə məqbul saydığı şəxsləri də nümayəndə olaraq seçdirmişdi. O şəxslərin də baş populist olan Arif Hacılının fikirlərinin ziddinə getməsi qeyri-mümkün idi.

– Bəy, partiyadan getmək kimi fikirlər varmı, göründüyü kimi, narazılıq özünü göstərir?

 

– Mən bu barədə düşünürəm. Mənimlə yanaşı, islahatçı qrup da düşünür. Mən partiyanın qanuni, hüquqi müstəvində fəaliyyətinin tərəfdarıyam. Amma bu dəstə meydanlara çıxmaq, icazəsiz aksiyalar istəyir. 90-cı illərdə də belə idi. Ondan qabaq Kommunist Partiyasında da hamı alqışlayır, lakin insanlar pis gündə yaşayırdı. İndi də eyni vəziyyətdədir. Partiyanın bərbad günə qalmış strukturlarının vəziyyətinə görə Arif Hacılı günahkardır. Populist, şüarçılarla islahatçıların eyni komandada işləməsi düşündürücü haldır. Bəzi dostlarımız mənə müraciət ediblər, bəziləri məsləhət istəyirlər. Amma gələcək fəaliyyət fərdi olaraq verilən qərardır.
Mən ömrümü şüarçılığa, populizmə həsr etmək istəmirəm. Gələcək fəaliyyətim haqqında yaxın günlərdə açıqlama verəcəm.

– Partiyada yaranmış vəziyyətə İsa Qəmbərin münasibəti necədir?

 

– Bundan sonra İsa bəyin nə deməsi də mənim üçün önəmli deyil.(publika.az)

COMMENTS