Yeniyetmə qızların evdən qaçma səbəbləri

Yeniyetmə qızların evdən qaçma səbəbləri

İllərdir erkən nikaha qarşı müzakirələrə qoşulub, bunu şiddətlə qınayıram. Qızların evdən çıxıb getməsinin səbəbini biz daha çox ailədə axtarmalıyıq. Ailədə verilən tərbiyə, davranış, onun mühiti, təhsildən kənar qalması və ya adının sadəcə təhsildə olub, özünün evdə qalması, onun yanında aparılan söhbətlər, ailənin həssas durumu və s. Bunların hamısı qızların evdən qaçmasına səbəb olur.

Bu sözləri Buta.ws-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə erkən nikahlar haqqında danışarkən deyib.

“Övladlarımızın yeniyetməlik – sevib-sevilməni dərk edən dövründə valideyn olaraq onlarla ünsiyyətdə olmuruqsa, onlarla müzakirələr aparmırıqsa, nələrinsə izahını vermiriksə, ümumiyyətlə, cinsəl tərbiyə ilə bağlı qızlarımızla, oğlanlarımızla danışmırıqsa, əlbəttə, evdən qaçma və erkən nikah halları ilə tez-tez rastlaşacağıq”, – deyə o qeyd edib.

Sədrin sözlərinə görə, bir həftə ərzində sığınacağa 3 qız daxil olub:

“10, 14 və 16 yaşında və hər üçü həssas ailədən çıxan 3 yeniyetmə. Ya ataları dünyasını dəyişib, yaxud atalığı tərəfindən seksual hərəkətlərə təhrik olunub. Digər bir qız anası dünyasını dəyişdikdən sonra ümumiyyətlə atasından ayrı yaşayıb. Burada analıq faktoru var.

14 yaşlı qızın evdən qaçma səbəbi isə uşağın ailə tərəfindən hicaba məcbur edilməsidir. Bütün hallarda hər bir hadisənin arxasında ailə dəyərləri durur. Bu halların aradan qaldırılması üçün mən bir daha deyirəm ki, uşaq hüquqları mexanimzlərinin işlək vəziyyətə gətirilməsi, həssas ailələrlə bağlı işin təşkili, icra hakimiyyətləri yanında komissiyalar ilə həmin ailələrin görüşü mütləqdir”.

DOSYE.ORG

COMMENTS