Yol polisi tanınmış vəkilə hörmətsizlik edib

Tanınmış vəkil Aslan İsmayılov yol polisləri ilə facebook statusunda maraqlı fakt açıqlayıb. Dosye.az Aslan İsmayılovun yazdıqlarını təqdim edir:

 

“Təxminən 20 dəqiqə bundan qabaq yaxından tanıdığım bir şəxsin həyat yoldaşı mobil telefonuma zəng edib xahiş etdi ki, yaranmış problemlə bağlı onlara kömək edim. İzah etdi ki: “Qızımın idarə etdiyi avtomobildə evə gedirdik, Bülbül-Xəqani küçələri kəsişməsində DYP əməkdaşı bizi saxlayaraq qaydanı pozduğumuzu bildirib. Səbəbini isə – yol sizin olsa da piyadanı buraxmayıbsınız – deyərək bildirdi. İzah etdik ki, bizim yolda heç piyada olmayıb. 10 YP 317 polis maşınından bir nəfər düşüb dedi ki, bizim şəklimizi çəkibsiniz ona görə sizi bölməyə aparacağıq. İzah edin bunların bizi bölməyə apara bilərlərmi?”

İş yerimin yanı olduğundan dərhal hadisə yerinə getdim. Yaxınlaşdıqda bir neçə DYP əməkdaşının Bülbül-Xəqani kəsişməsində maşınları saxladığını gördüm. Tanışların maşınına yaxınlaşıb polis işçilərindən nə olduğunu soruşdum. Bir nəfər dərhal izah etdi ki, bunlar bizim şəklimizi çəkirdilər ona görə polis bölməsinə aparmalıyıq. Ona izah etdim ki, sizin belə bir hüququnuz yoxdur. Gördüm ki, onların qanundan ümumiyyətlə anlayışı yoxdur. Bir nəfər DYP vəzifəli şəxsinə zəng edib hadisəni ona anlatdım və o izah etdi ki, müvafiq qurumlara tapşırar. Haqqına deyim ki, bu söhbətləri eşidən mənimlə danışan polis işçisi artıq səhv etdiyini başa düşmüşdü. Bu zaman kənarda olan digər DYP işçisi mənimlə kobud şəkildə, əl-qolu ilə danışmağa başlayanda əlini kənara itələyib mədəniyyətə dəvət etdim. Dərhal “ə məni vurursan?! İndi buna görə cavab verəcəksən!” deyib əlindəki radioqurğu ilə guya harasa xəbər ötürdü. Yanındakıların ona nə isə dedikdən sonra təcili bizi elə oradaca buraxıb hadisə yerindən dərhal uzaqlaşdılar.

Nə üçün bu hadisəni ictimailəşdirirəm? Birinci, iki tanıdığım xanım yanında mənə qarşı cavan polis işçisi hörmətsizlik etdi və hesab edirəm ki, o və digər qanunsuzluq etmiş işçilər cəzalanmalıdılar. İkinci olaraq isə yoxlamaq istəyirəm, bu dəfəki şikayətimdən sonra nə olacaq? Mənə qarşı qanunsuzluq etmiş hakim haqqında şikayət etdikdən sonra elə həmin şəxsin şikayəti ilə məni vəkillikdən kənarlaşdırdılar. Bu gün onsuz da fəal ictimai mövqeyi olan hər kəs həbsdədir və yaxud həbsə hazırdır.

P.S. Bu yazımı DİN Baş DYP İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan şikayət ərizəsi kimi qəbul etməsini xahiş edirəm”.

COMMENTS