Yol tikintisi sakinləri toz-torpağa qərq edib

Yasamal sakinləri xahiş edirlər ki, təmir zamanı sudan da istifadə olunsun
Yasamal rayonu Əhməd Cəmil küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Belə ki, adıçəkilən ünvanda təmir-tikinti işləri aparılır. Sakinlərin sözlərinə görə, burada işlər bir aydır davam edir. Sakinlər Əhməd Cəmil küçəsinin uzun müddətdir təmir olunmadığına görə yararsız vəziyyətə düşdüyü üçün onun yenidən qurulmasına ehtiyac olduğunu bildirdilər. Onların bircə istəyi var ki, yolun təmiri zamanı toz-torpağın olmaması üçün yol sulansın.

İş icraçılarının sözlərinə görə, təmir-tikinti işləri hələ bir ay da davam edəcək. Aparılan təmir işlərinin plana uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

“Azəryolservis” ASC-dən bildirildi ki, Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən Ə.Cəmil küçəsində yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir. Artıq küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 14500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülməsi işləri də aparılır. Söküntü işləri başa çatandan sonra bura təqribən 2500 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

COMMENTS