Yasamalda məcburi köçkünlərin evləri söküldü

Yasamalda məcburi köçkünlərin evləri söküldü

Yasamal rayonunda evləri sökülən sakinlər etiraz aksiyası keçirir. Qanlı göl ətrafında yaşayan məcburi köçkünlərin etirazına səbəb onlara məxsus evlərin heç bir xəbərdarlıq edilmədən sökülməsidir.

 

Sakinlərin sözlərinə görə, söküntü işlərinə iki gün öncə başlanıb. Əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Sakinlər evlərdən əşyaları çıxarmağa belə macal tapmayıblar. Evləri içəridə əşyalar olduğu halda söküblər, nəticədə sakinlərə külli miqdarda ziyan dəyib.

Sakinlər deyir ki, söküntü zamanı heç bir təhlükəsizlik qaydalarına əməl olunmayıb. Bir nəfər yaşlı kişi başından xəsarət alıb.

Artıq ikinci gündür ki, ev sahibləri etiraz edir. Şahidlərin dediyinə görə, ötən gün etirazçılarla polis arasında münaqişə yaranıb. Bir nəfər gənc həbs olunub.

Hadisə yerində olan əməkdaşımızın sözlərinə görə, aksiyada 50 nəfərdən çox sakin iştirak edib.

Etirazçılar deyir ki, aparılan söküntünün səbəbi onlara izah edilməyib, kompensasiya veriləcəyi haqqında heç bir söz deyilməyib. Söküntü prosesi təxminən 70 hektar sahəni əhatə edir. Hazırda 30-a yaxın ev sökülüb və proses davam edir.

COMMENTS