Yunan nazir Azərbaycanı təhdid etdi – türkün düşmənləri birləşir

Yunan nazir Azərbaycanı təhdid etdi – türkün düşmənləri birləşir

Ekspert deyir ki, Xarici İşlər Nazirliyi Yunanıstanın Azərbaycandakı səfirini nazirliyə çağırmalı, xəbərdarlığını etməlidir

Yunanıstan-Türkiyə münasibətlərinin son dərəcə gərginləşdiyi bir vaxtda bu ölkənin xarici işlər naziri İrəvana səfər edib. Ermənistanı illərdir açıq şəkildə dəstəkləyən Yunanıstan hökumətinin xarici işlər naziri Nikos Dendias son sərhəd toqquşmalarından danışıb. Ermənistan-Azərbaycan sərhədində son zamanlar baş verən sərhəd toqquşmaları mövzusuna toxunaraq, kifayət qədər birmənalı şəkildə Azərbaycana xəbərdarlıq edib.

44 günlük Qarabağ müharibəsinin başlandığı gün Ermənistana dəstəyini ifadə etmək üçün İrəvana səfər edən Dendias “siyasi xəritəni yenidən cızmaq istəyən ölkələrə aydın siqnal göndərmək istəyirəm. Mesajım budur ki, bu cür siyasət iflasa uğrayacaq”, – deyə bildirib. Erməni həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra baş nazir Nikol Paşinyanla görüşüb və bundan sonra sosial şəbəkələrdə yazıb: “Mən bir daha Yunanıstanın Ermənistanla tam həmrəyliyini vurğuladım”. Məlum olduğu kimi, Yunanıstan bundan əvvəl də Ermənistana siyasi dəstək verib. Lakin son vaxtlar Yunanıstan və Türkiyə arasında artan hərbi gərginlik fonunda Afina erməni siyasətini də xeyli fəallaşdırıb. Türkiyə-Yunanıstan münasibətlərini kəskin şəkildə gərginləşdirən Yunanıstanın Egey dənizindəki mübahisəli adalara silahlı qüvvələrini köçürməsi mövzusuna qayıdaraq xatırladaq ki, söhbət 1923-cü ildə Yunanıstanın da imzaladığı Lozanna Sülh Müqaviləsinə uyğun olaraq silahsızlaşdırılmış ərazilərdən gedir. Lakin son vaxtlar Ankara kimi NATO-nun üzvü olan Afina da öz hərbi qüvvələrini mübahisəli adalarda, üstəlik, Türkiyənin ərazi sularına yaxın ərazidə yerləşdirməyə başlayıb. Türkiyə Yunanıstanın hərəkətlərini onun təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul edir və buna görə də Afinanı qətiyyətli əks tədbirlərdən qaçmaq üçün təmkin və sağlam düşüncə nümayiş etdirməyə çağırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstan qoşunlarının Egey dənizindəki silahsızlaşdırılmış adalara gətirilməsinin “gizli işğal” olduğunu bildirib. Eyni zamanda Ərdoğan vurğulayıb ki, Yunanıstanın hərbi qüvvələrini Qərbi Trakya və Egey dənizindəki adalarda cəmləməsinin Ankara üçün hərbi əhəmiyyəti yoxdur, çünki Türkiyənin hərbi gücü Yunanıstanı xeyli üstələyir. 

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən bir neçə gün öncə, sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Yunanıstanın münaqişə ilə bağlı tutduğu mövqeyə işarə edərək “Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb” demişdi.

Dövlət başçısı Türkiyənin mövqeyini də müdafiə etmişdi. “Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz.  Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq. Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək”.

Nazirin İrəvanda verdiyi açıqlama və Afinanın Türkiyəyə yönəlik təxribatçı addımları isə onu göstərir ki, Yunanıstanın antitürk siyasətində dəyişən heç nə yoxdur.

Hikmət Babaoğlu: "Fransalı müxbirin sualları əvvəlcədən siyasi mətbəxdə  hazırlanmışdı"

Hikmət Babaoğlu 

YAP-çı deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Yunanıstanın xarici işlər nazirinin Ermənistana səfəri zamanı səsləndirdliyi fikirlər Azərbaycana qarşı erməni təxribatının davamıdır: “Məsələ ondadır ki, Ermənistan hazırda Ağ dənizdə və Egey dənizində qardaş Türkiyəyə qarşı formalaşdırılmağa cəhd edilən anti-Türkiyə koalisiyasını yeni modifikasiyada Cənubi Qafqaza köçürməyə çalışır. Ermənistan onsuz da həmişə Türkiyə və Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edib. İndi isə yenidən özünü mümkün anti-Türkiyə koalisiyasında daxil etməklə antitürk koalisiyasının coğrafiyasını genişləndirmək istəyir. Bu koalisiyanın ən böyük hərbi-siyasi dəstəkçisi Fransadır. Eyni zamanda ABŞ hərbi-siyasi mərkəzləri də həmin prosesdə fəal iştirak edirlər. Bu özlüyündə bir daha onu göstərir ki, NATO müttəfiqliyi bizə KTMT müttəfiqliyini xatırladır. Sənəd üzərində müttəfiq olan ölkələr faktiki sahədə müharibə vəziyyətindədirlər, ya da bir-birilərinə qarşı vəkalət müharibəsi aparırlar. Məsələn, müxtəlif terror təşkilatları vasitəsi ilə illərdir ki, NATO müttəfiqləri Türkiyəyə qarşı savaşırlar. Okeanın o tayındakı müttəfiq terror təşkilatlarını Türkiyəyə qarşı silahlandırır və təlim keçir, Yunanıstanda terror təşkilatlarının hazırlıq təlim mərkəzləri açıq şəkildə fəaliyyət göstərir, Fransa şirkətləri Suriya-Türkiyə sərhədləri boyunca terroristlərə sığınacaq və səngərlər inşa edir və s. Ancaq illərdir davam edən bu ortaq fəaliyyət bir nəticə vermir. Latın atalar sözündə deyilir ki, əgər vurduğun öldürmürsə, deməli, gücləndirir. Qardaş Türkiyə vurulduqca güclənir. Bu gün adi atıcı silahların patronunu belə xaricdən alan, 400 milyard borcu olan Yunanıstan dünya hərb sənayesinin ən müasir silahlarını istehsal edən Türkiyəyə qarşı heç nə əldə edə bilməz. Azərbaycana gəldikdə isə Azərbaycan Prezidenti İlham Əliyev hələ 44 günlük müharibədən əvvəl Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Yunanıstanın münaqişə ilə bağlı tutduğu mövqeyə işarə edərək ”Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb” demişdi. Dövlət başçısı Türkiyənin mövqeyini də müdafiə etmişdi. Bu mövqe səsləndirilən zaman biz hələ nə tarixi qələbəmizə imza atmışdıq, nə də qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamışdıq. İndi isə Azərbaycan qalib ölkədir və Prezident İlham Əliyevin yunan səfirə şifahi olaraq dediyi sözləri rəsmi Şuşa Bəyannaməsi ilə təsdiq edib. Ona görə də regionda yeni təxribatlar yaratmaq istəyənlər bilsinlər ki, qarşılarında 21-ci əsrin müharibə standartlarını yaradan iki strateji müttəfiq ölkə var və regionda əlavə gərginlik yaratmaqdan çəkinsinlər”.

AĞ Partiyada yeni təyinat olub.

 Rəhim Əhmədzadə

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə burada təəccüblü heç nə görmür: “Yunanıstan tərəfinin Azərbaycana olan münasibəti təəccüblü deyil. Yəni Yunanıstan hökumətinin xarici işlər naziri Nikos Dendiasdan fərqli mövqe gözləmək əbəsdir. Sizin də xatırlatdığınız kimi, Azərbaycan iqtidarı ən yüksək mərtəbədən, yəni ölkə prezidenti səviyyəsində lazımi xəbərdarlığı etmişdi. Hansı ki, o vaxtlar bəlkə də Yunanıstan tərəfi Azərbaycanın bu şəkildə uğurlu əməliyyatlara imza atacağını təsəvvür belə edə bilmirdi.  Azərbaycan hökumətinin Yunanıstana olan tənqidlərindən biri də Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədar idi. Məlum olduğu kimi, bu məsələdə də Yunanıstana kifayət qədər jest edilmişdi. Görünən odur ki, Yunanıstan bu xoş niyyətləri anlamaq istəmir. Ya da bizdən Türkiyə və Yunanıstan arasında seçim etməyimizi istəyirlər. Bu mövzuda danışmaq belə gülməlidir. Həm də məsələ belədir ki, bizi “təhdid” edən kimdir? Avropa Birliyinin çiyinlərindəki yük olan Yunanıstan? Dəfələrlə Almaniya, Fransa və s. kimi ölkələrdən tənqidlər eşitmiş, iqtisadiyyatı illərdir bərbad olan, bəzi Qərb dairələrinin əlində oyuncağa çevrilmiş Yunanıstan Ermənistana hansı səviyyədə dəstək verməyi planlayır? Əlbəttə, onların Ermənistan səfəri və Azərbaycan haqqında səsləndirdikləri cəfəngiyyatlar tək onların beyninin məhsulu deyil. Hazırda bütün dünyanın gözü Zəngəzur dəhlizi mövzusuna çevrilib. Azərbaycan bu istiqamətdə qətiyyətli addımlar atdıqca, ölkəmizə qarşı müxtəlif dairələrdən belə fikirlər yüksəlməyə başlayır. Bu hal daha da davam edəcək. Amma ciddi heç bir əhəmiyyəti yoxdur. Kimsə bizim Türkiyə ilə olan münasibətlərimizə görə də bizə qarşı mövqe ortaya qoymaq istəyirsə, öncə bizim Türkiyə ilə bağlı olan münasibətlərimizi, tariximizi gözünün önünə gətirsin, sonra nəsə tələb etsin. Bir şeyi də bilsinlər ki, Azərbaycan kifayət qədər adekvat ölkədir. O, özünə qarşı olan münasibətləri heç vaxt unutmur. Lazımi məqamda cavab verir. Son olaraq onu qeyd etmək istəyirəm ki, Xarici İşlər Nazirliyimiz yubanmadan Yunanıstanın Azərbaycandakı səfirini nazirliyə çağırmalı, xəbərdarlığını etməlidir. Bu xəbərdarlıq həm onlara, həm də analoji addımı atmaq arzusunda olanlara mesaj olmalıdır.

Yunanıstana veriləcək ən gözəl cavab əslində belə ola bilər: “Kəsəyən dağa küsüb, dağın xəbəri yoxdur”

Cavanşir ABBASLI
“Yeni Müsavat”

COMMENTS