Zəfər Quliyev dəfn olundu

Tanınmış politoloq, rusdilli “Minval.az” saytının eksperti Zəfər Quliyev bu gün dəfn olunub.

Dəfn mərasimində mərhumun dostları, yaxınları, qəzetin əməkdaşları, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər. Qəbrinin üstündə Zəfər Quliyevin dostları, ictimai -siyasi xadimlər çıxış ediblər.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri Isa Qəmbər deyib ki, Azərbaycan böyük mütəfəkkirini, təvəzökar filosofunu itirdi: “Biz də gözəl bir dostumuzu itirdik. Təsəllimiz budur ki, Zəfər bəy çox şərəfli bir həyat yaşadı. Böyük bir irs, istedadlı övladlar qoyub, getdi. Allah rəhmət etsin, yaxınlarına və övladlarına baş sağlığı verirəm”.

Politoloq Eldar Namazov, Müsavat başqanı Arif Hacılı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da onun barəsində öz xatirələrini bölüşüblər və mərhuma Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, ürək damarlarında tıxanıqlıqdan əziyyət çəkən Zəfər Quliyev müalicə üçün getdiyi Tiflisdə dünyasını dəyişib.

63 yaşlı Zəfər Quliyev ölkənin tanınmış politoloqlarından və ictimai-siyasi xadimlərindən biri idi.

COMMENTS