Zərərçəkənlər aksiya keçirtdi

Zərərçəkənlər aksiya keçirtdi

azad.jpg

“City Hospital”ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyev və onun idmançı dostlarının döyüb bıçaqla xəsarət yetirdikləri Aslan və Azər Cəfərov qardaşları və onların qohumları bu gün səhər saatlarında Prezident Administrasiyasının (PA) qarşısına toplaşıb.

 

“Azadlıq”a danışan Aslan Cəfərov deyir ki, məqsədləri qarşılaşdıqları haqsızlıqla bağlı rəhbərliyə məlumat verməkdir: “Biz zərərçəkən olduğumuz halda qardaşımı həbs ediblər”.

Hadisə barədə Aslan Cəfərov deyir ki, bu ilin avqustun 5-də işlədiyi “City Hospital”dan çıxıb: “Klinikanın direktoru Bayram Qorçuyev məni təhqir etdi. Ona cavabını qaytardım və ərizəmi yazıb işdən çıxdım. Sonra oğlu Cavidan zəng etdi. O da söyüş söydü, təhqir etdi. Axşam da yaşadığım Xətai rayonuna gəldi. Mən qardaşım və onun qonşusuyla həyətdə idim. Zəng etdilər, qarşılarına çıxanda 5-6 idmançı hücum etdi. Məni döydülər və 3 bıçaq vurdular. Qardaşımla qonşusu da səsə gələndə onları döydülər. Qardaşıma iki bıçaq, qonşusuna bir bıçaq zərbəsi vurdular. Hadisədən sonra işi ört-basdır etmək üçün cavidanı klinikada yatızdırıblar. Sənəddə də qeyd olunub ki, o, avqustun 7-də xəsarət alıb. Əgər biz Cavidana xəsarət yetirmişiksə niyə 2 gün sonra xəstəxanaya yerləşdirilib. Əsas məsələ odur ki, işi ört-basdır etsinlər”.

Cəfərovların digər qardaşı Samil Cəfərov və əmisi şikayətlərinin dinlənilməsi üçün PA-nın qəbul otağına dəvət olunub. Onların şikayətləri dinlənilib.
Görüş barədə məlumat verən Samil Cəfərov deyib ki, onların şikayətləri dinlənildikdən sonra Baş Prokurorluqla əlaqə saxlanılıb. PA-dan onların qəbul edilməsi ilə bağlı Baş Prokurorluğa göstəriş verilib.

PA-dan Baş Prokurorluğa yollanan Cəfərovlara verilən cavab onları heyrətləndirib. Baş Prokurorluğun qəbul şöbəsində prokuror Kamal Qılıcovun qəbulunda olan Samil Cəfərova “yəqin ki, günahınız var” deyilib: “Kamal Qılıcov bizim şikayəti dinləyən kimi dedi günahınız var ki, qardaşınız həbs edilib, günah sizdə olub, ona görə də qardaşınız həbs olunub. Biz yenidən Prezident Administrasiyasına gedəcəyik. Bir daha şikayət edəcəyik. Bizə qarşı aşkar haqsızlıq var”.
Qeyd edək ki, bu il avqustun 5-də Xətai rayonunda baş verən hadisə zamanı 1977-ci il təvəllüdlü Azər Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-ci il təvəllüdlü Telman Nuriyev döyülərək bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Cəfərovlar bununla bağlı müvafiq strukturlara şikayət ediblər. Oktyabrın 25-də işi araşdıran müstəntiq Tural Hacıyev zərərçəkən şəxslərdən birini – Azər Cəfərovu çağıraraq dindirib. Dindirilmədən dərhal sonra onu şübhəli şəxs kimi saxlayıblar. Azər Cəfərov qardaşı Aslan Cəfərovla birlikdə təqsirləndirilən Cavidan Qorçuyevə qarşı xuliqanlıq etməkdə və qəsdən bədənə az ağır xəsarət yetirməkdə ittiham olunur.
Saxlanılan Azər Cəfərova Cinayət Məcəlləsinin 221.2.3 (xuliqanlıq) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs-qətimkan tədbiri seçilib.

Şikayətçilərin verdiyi məlumata görə, onları döyənlərdən biri beşqat dünya çempionu Ehram Hacıyevdir və o, kikboksinq üzrə milli komandanın məşqçisidir.

COMMENTS