Zahid Oruc müəllimlərin müdafiəsinə qalxdı

Zahid Oruc müəllimlərin müdafiəsinə qalxdı

zahid.jpg

“Azərbaycanda müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına əlavə səlahiyyətlər verilməlidir”.

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Zahid Oruc çıxış edib.

Z. Oruc bildirib ki, müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi könüllülük prinsipi əsasında olmalıdır: “Təklif edirəm ki, qiymətləndirmə zamanı yüksək nəticə göstərən müəllimə 2-3 dəfə artıq maaş verilsin. Kim məvacibinin yüksək olmasını istəyirsə, bu qiymətləndirmədə iştirak etməlidir”.

Bundan başqa, Z. Oruc 20 il qüsursuz fəaliyyət göstərən müəllimlərin mənzillə təmin olunmasını da təklif edib: “Hərbi qulluqçular, jurnalistlər kimi, müəllimlərə də ev verilə bilər və ya onların ipotekadan yararlanmasına şərait yaradıla bilər”.

Azərbaycanda 500 min kvadratmetr mənzil fondunun olduğunu və adambaşına 18 kvadratmetr yaşayış sahəsinin düşdüyünü xatırladan Z. Oruc bunun yetərli olmadığını söyləyib: “Hər il 120-130 min nəfər orta məktəbi bitirir. Bu isə bir neçə ildən sonra mənzilə ehtiyacı olan daha 60 min insan deməkdir. Bundan başqa, rayonlardan əhalinin böyük hissəsi işləmək üçün Bakıya gəlir. Hesab edirəm ki, iş yerləri, mənzil fondu da rayonlara yönəldilməlidir”.

COMMENTS