Zaqatalanın baş həkimindən və Səhiyyə Nazirliyindən prezidentə şikayət: “Ölsəm, günahkar…”

Mən yenidən cərrahiyə əməliyyatına girirəm. Əgər ölərəmsə bilin ki, bunun günahkarları başda Zaqatala Rayon Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva olmaqla , cərrah həkimlər Azər Salmanov və Hacı Əlixanovdur”.

Bu sözlər Zaqatala rayonu Makov kənd sakini Ömərov Zaur Aydın oğlu tərəfindən Savash.org-un electron ünvanına göndərdiyi şikayət məktubundandır.

Zaqatala Rayon Mərkəzi Xəstənaxanasında 06 yanvar 2016-cı il tarixdə kor bağırsağından cərrahiyə əməliyatı olduğunu yazan şikayətçinin sözlərinə görə həkimlərin savadsızlığı onun həyatını ciddi təhlükə altında qoyub:

“Kor bağırsağın cərrahiyə əməliyatı üçün məndən 450 manat aldılar. Amma şikayətim pulun alınmasından deyil . Məsələ burasındadır ki, savadsız həkimlərin səhvi nəticəsində bağırsağıma infeksiya düşüb deyə səhhətimdə daha ciddi problemlər yaranıb. Ona görə də məni təcili olaraq Bakı şəhərinə, Topçubaşov adına Mərkəzi Kliniki Xəstəxanaya gətirdilər. Məni təkrar cərrahiyə əməliyyatı edəcəklər. Bu müraciətimi etməkdə məqsədim isə odur ki, əgər ölərəmsə əvvəlcədən bilin ki, bunun günahkarları başda Zaqatala Rayon Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva olmaqla , cərrah həkimlər Azər Salmanov və Hacı Əlixanovdur”.

“Səhiyyə naziri Oqtay Şirəliyev hara baxır?” deyə sual edən şikayətçi baş həkim Leyla Seyidəliyevanın barəsində ciddi tədbirlər görülməsini tələb edir: “Leyla Seyidəliyeva Zaqatala Xəstəxanasına nəinki baş həkim, heç süpürgəçi vəzifəsinə də layıq deyil.Onun barəsində mətbuatda tənqid dərc edilən kimi baş həkim dərhal telekanalları dəvət edərək, pul gücünə özünü və bərbad günə saldığı xəstəxanasını saxtakarlıqla təriflətdirir. Leyla Seyidəliyeva, başqa ölkədə olsaydınız sizi həbs edərdilər. Ancaq siz utanmadan günahsız insanların qanına batmış əllərinizlə rüşvət yığmaqdan əl çəkmirsiniz”.

Daha sonar isə şikayətçi Zaqatala Mərkəzi Xəstəxanasındakı rüşvət məbləğlərini açıqlayıb: “Qan analizi 15-20 manat, ultrasəs müayinə 15 manat, rengen 25 manat, cərrahiyə əməliyatının haqqı 450 manatdan-1500 manat aralığında dəyişir. Amma buna baxmayaraq cərrahiyyə əməliyyatları da uğurla edilmir, nəticədə həmin xəstələr də mənim kimi bədbəxt edilir”.

Şikayətçi Ömərov Zaur Aydın oğlu daha sonra böyük hay-küyə səbəb olacaq daha bir iddia irəli sürür. Onun sözlərinə görə, Zaqatala MRX-nin baş həkimi Leyla Seyidəliyevanın cəzasız qalması onun Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən himayə olunmasıdır: “Bu qədər ana, uşaq , digər xəstələrin ölümlərinə, korrupsiyanın tüğyan etməsinə baxmayaraq baş həkim Leyla Seyidəliyeva barəsində tədbirin görülməməsinin səbəbkarı Səhiyyə nazirinin müavini Nigar Əliyevadır. Baş həkimi məhz nazir müavini himayə edir. Səhiyyə Nazirliyi tərəfindən himayə olunduğunu nəzərə alaraq mən bu qurumdan baş həkimlə bağlı hansısa tədbirin görüləcəyinə inanmıram. Odur ki, birbaşa prezident İlham Əliyevdən xahiş edirəm ki, bu Zaqatala səhiyyəsini korrupsiya yuvasına çevirmiş Leyla Seyidəliyevanın barəsində təcili ölçü götürülməsi üçün göstəriş verəsiniz. Sonda isə bir daha bəyan edirəm ki, əgər mən ölərəmsə bunun məsuliyyəti savadsız baş həkim Leyla Seydəliyevanın üzərində qalacaq”.

Savash.org

P.S. Yazıda adları hallanan şəxslərin mövqeyinə dərc etməyə hazırıq.

COMMENTS