Qarabağ və ətraf rayonlarda azərbaycanlara qarşı yezidi kürdlər vuruşur

Bu günlərdə Şimali İraqda yezidi kürdlərin faciəsi bütün dünyanın diqqətini özünə cəlb etdi.

 

Özünəməxsus dini inancları və dünyagörüşü olan bu avtoxton xalq radikal İŞİD qruplaşmasının amansız təqibləri ilə üzləşdi. Xüsusən yezidi kürdlərin əsas yaşayış arealı olan Şimali İraqdakı Laleş vilayətində humanitar böhran öz dəhşətli miqyası ilə seçildi.

Aparıcı xəbər kanallarının hadisəni işıqlandırdığı bu günlərdə Ermənistanda da yezidi kürdlərin kütləvi aksiyaları müşahidə olundu. Bir neçə gün öncə onlar hətta paytaxt Yerevanın mərkəzindəki küçələri də nəqliyyata bağlamışdılar. Tələb olunurdu ki, Ermənistan hökuməti İraqdakı yezidi kürdlərə yardım göstərsin. Yezidi kürdlərin qətiyyətli tələbləri və rəsmi Yerevandan yardım ummaları təsadüfi deyil. Belə ki, erməni-yezidi əlaqələri daim dostluq və qarşılıqlı yardım səviyyəsində olub.

Erməni-yezidi kürdləri münasibətlərinin ən önəmli elementlərindən biri 40 minlik yezidi kürdün Ermənistanda yaşamasıdır. 2011-ci ilin statistikasına görə, düşmən ölkə əhalisinin 1,2%-i yezidilərdi. Onların əsas hissəsi Armavir və Araqatosn vilayətindəki 30 dağlıq və dağətəyi kənddə məskunlaşıblar. Əsas məşğuliyyət kimi yezidilər üstünlüyü maldarlığa verirlər.

Tarixə nəzər salsaq, I Dünya Müharibəsinin ön cəbhəsində kifayət qədər yezidi kürdün türk qoşunlarına qarşı vuruşduğunun şahidi olarıq. 1918-ci ilin mayında Osmanlı-türk qoşunları Yerevan və Gümrü ətrafına çatanda ermənilərə yardım üçün gələnlərdən biri də yezidi kürdü Cahangir ağa və onun 700 nəfərlik süvari qoşunu olur. O, 1918-ci ilin mayında daşnak Ermənistanı və Osmanlı türkləri arasında baş verən Başaparan və Sərdarabad döyüşlərində aktiv şəkildə iştirak edir. Buna görə Ermənistanda Cahangir ağanı xalq qəhrəmanı hesab edirlər.

Əsasən erməni soyad sonluqlarından istifadə edən yezidi icma işğalçı ölkədə özünü çox komfort şəraitdə hiss edir. Belə ki, hələ 1990-cı ildən Yerevanda “Danqs Ezdya” (“Yezidinin səsi”) qəzeti nəşr olunur. Yerevan rəsmləri iki xalqın dostluğunu nümayiş etdirmək üçün 2012-ci ilin sentyabrında Armavir vilayətində yezidi kürdlər üçün Laleş məbədi inşa etdirib. Bu münasibətlə dünya yezidilərinin dini lideri Mire-Mira Tahsin Ermənistana rəsmi səfər edərək, prezident Serj Sarksiyanla görüşlər keçirmişdi.

2011-ci ildən “Gənc Yezidilər Assosiasiyası” fəaliyyət göstərir. Bütün Ermənistan ərazisində bir neçə yezidi ictimai təşkilatı sərbəst fəaliyyət göstərir. Ermənistan yezidiləri ittifaqının sədri Əziz Tamoyan 3 milyonluq dünya yezidiliyinin yalnız Ermənistanda bütün hüquqlarla təmin olunduğunu vurğulayır. Bununla belə, işsizlik səbəbindən yezidilərin kütləvi mühacirətini və ölkə parlamentində 1 deputatlarının olmamasını da qınayır.

“Bizim sayımız 60 min nəfərə çatıb. Ölkədəki milli azlıqlar arasında ən çoxsaylısı bizik. Hesab edirəm ki, biz heç olmasa 1 deputat sahibi olmalıyıq. Həm də Qarabağ müharibəsində iştirak etmişik”.

Tamoyanın sözlərində həqiqət var. Çünki 1988-1994-cü illərdə işğalçı Ermənistanın Qarabağ uğrunda apardığı döyüşlərdə 500 yezidi kürdü erməni separatçılarının tərəfində vuruşub. Rəsmi statistikaya əsasən, onların 36-sı öldürülüb, 4 nəfəri isə itkin düşüb.

Bununla bağlı “Ermənistanın Gənc Yezidilər Assosiasiyası” təşkilatının sədri, Yerevan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin magistrantı Səid Avdalyannın da öz mövqeyi var. Millətçi ermənilərin yezidi kürdlərinə milli təhlükə kimi baxdıqlarını xatırladan Avdalyan xalqının daim öz dövlətinin (Ermənistanın) yanında olacağını bildirir.

“Mənim adım Səid Avdalyandır. Düzdür, yezidilərin beşiyi Şimali İraq sayılır. O hər birimizin qəlbindədir. Lakin mən anadan olduğum, təhsil aldığım ölkənin – Ermənistanın vətəndaşıyam. Qarabağ müharibəsi zamanı 33 yaşlı əmim, 25 yaşlı qardaşım bu ölkə naminə canlarından keçiblər. Digər əmim təmənnasız olaraq 11 ton ət məhsulunu müharibə veteranlarına hədiyyə edib. Heç kəs çoxəsrlik erməni-yezidi münasibətlərini poza bilməz” – deyə Avdalyan bildirib.

Yezidiləri narahat edən başqa amil isə onların adət-ənənələrinin yerli ermənilər tərəfindən rişxəndlə qarşılanmasıdır. Belə ki, onlarda qız uşaqlarının 12-13 yaşlarında ərə verilməsi praktikası mövcuddur ki, bu vəhşi adət bu gün də qotunub saxlanılır. Yezidi icmalarının rəhbərləri 18 yaşlı qızın “qarımış” olduğunu hesab edirlər və öz xalqlarının bu adətini müdafiə edirlər.
Başqa bir problem isə yezidilərin əsasən dağlıq bölgələrdə yaşamaları və ermənilərlə az ünsiyyətdə olmalarıdır. Bunun sayəsində bir xalq kimi onlar assimiliasiyaya az uğrayıblar.

Diaspor fəaliyyətlərində də Avropa və Amerika yezidiləri ermənilərlə kordinə edilmiş fəaliyyət göstərirlər. Xüsusən bu amillər Rusiya Federasiyası ərazisində müşahidə olunur.

Tanınmış yezidilərdən söhbət düşdükdə isə Ermənistanda anadan olan və hazırda boks üzrə Rusiya yığmasında çıxış edən dünya çempionu, Olimpiya Oyunları 3-cü Mişa Aloyanı, Ermənistan yığmasının heyətində 2 qat Avropa çempionu olan Roman Amoyanı misal göstərmək olar. Amma dünyada sözün əsl mənasında ən məşhur yezidi ötən il qətlə yetirilən “qanuni oğru” Aslan Usoyan (Ded Xasan) idi. Onun ölümündən sonra isə kriminal aləmdə başqa bir yezidi kürdü Zaxari Kalaşov böyük nüfuz qazanıb.

COMMENTS