Qoca separatçı Ələkrəm Hümbətovun “röyaları”

66 yaşlı Ələkrəm Hümbətov hələ də xülyalarla yaşayır və həyatının bu ahıl zamanında illüziyalarına, uydurduğu idefikslərə inanmaqla bahəm, öz vətəninə böhtanlar ünvanlamaqdan çəkinmir.

 

Dağlıq Qarabağdakı savaş illərində 704-cü Laçın briqadasından yararlanaraq 1993-cü ilin iyunun 21-də Azərbaycanın 7 rayonunu güya «birləşdirən» qondarma «Talış-Muğan Muxtar Respublikası»nın yaradıldığını bəyan edən Ələkrəm Hümbətovun «prezident»liyi çox çəkməmişdi.

Həmin ilin avqustun 7-də elə lənkəranlılar özünü «prezident» sayan adamın «iqamətgah»ına yürüş edərək onu binadan çıxarmış, tərəfdaşlarını pərən-pərən salmışdılar. Ələkrəm Hümbətovun əmri ilə onun adamları dinc insanlara atəş açmışdılar və 3 lənkəranlı həlak olmuşdu.

Ə.Hümbətov 1993-cü ilin dekabrın 9-da həbs olundu, bir il sonra MTN-in İstintaq Təcridxanasından qaça bildi, amma 1995-ci ilin avqustun 7-də yenə həbs olundu. 1996-cı ilin fevralında hərbi tribunal onun ölüm cəzasına layiq bilsə də, 2 il sonra cəza ömürlük həbslə əvəzləndi.

2004-cü ildə əfv olunan Ələkrəm Hümbətov ailəsi ilə birlikdə elə həmin ildən bəri Hollandiyada yaşayır. Ə.Hümbətov həm də yaratdığı «Talış Milli Hərəkatı»nın lideridir və ermənilərlə də çox sıx əlaqədədir. Separatçılıq xərc tələb edən məsələ olduğundan özünü hələ də «lider» sayan Hümbətovun erməni pullarına ciddi ehtiyacı var.

2005-ci ildə Azərbaycan vətəndaşlığından məhrum edilən Ə.Hümbətov 2013-cü il sentyabrın 24-də İrəvana separatçı «Talış-Muğan Respublikası»nın prezidenti kimi səfər edərək İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra işğal altında olan Dağlıq Qarabağa yollanaraq Xankəndidə yerləşən universitetdə çıxış edib.

Ə.Hümbətov illərdir ki, «siyasi fəaliyyət»ini Ermənistanın xüsusi xidmət orqanlarının göstərişləri əsasında nizamlayır və bunu gizlətmir də.

İndi o, yeni «iş»ə başlamaq niyyətindədir.

Ələkrəm Hümbətov Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) müraciət ünvanlayıb. Həmin müraciətdə Azərbaycan hökumətinin ölkə vətəndaşlarını guya qorxu və təzyiq altında saxlaması, son dövrlər respublikada qanunsuz silahlardan istifadə edilməsi, həbslərin sayının artması, «talış fəalları»nın qətlə yetirilməsi və ya azadlıqdan məhrum edilməsi haqda böhtan xarakterli məlumatlar yer alıb.

Müraciətin sonunda Ələkrəm Hümbətov AŞPA-nın Azərbaycanın bu qurumun qarşısında götürdüyü öhdəliklərin icrasına ciddi nəzarət edəcəyinə və bu istiqamətdə müvafiq addımlar atacağına ümid bəslədiyini bildirib.

Göründüyü kimi, yaş bəzi insanları ağıllandırmaq əvəzinə, onlarda qocalıq marazmı yaradır.

Bu marazm həmin qocanın doğulduğu ölkəyə düşmən kəsilən ölkə tərəfindən maliyyələşdirilən fəaliyyətlə müşayiət olunanda isə tragikomediya alınır (milli.az).

COMMENTS