Qurban Qurbanov: “Cəbhədəki hadisələr bizə çox ağır təsir edir”

“Qarşılaşma barədə geniş danışmaq istəmirəm. Rəqib çox yaxşı, güclü komandadı. Biz sabah çox yaxşı bir komandaya qarşı oynayacağıq”. 

 

Qol.Az-ın Apasport.az saytına istinadən yaydığı xəbərə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Zalsburq”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.
 
O, öncə cəbhə bölgəsində şəhid olan əsgərlərin ailələrinə başsağlığı verib:

“ Cəbhədəki hadisələr bizə çox ağır təsir edir. Ancaq həmin hadisənin təəssüratında matça çıxsaq, bu, futbolçuların oyununa təsir göstərə bilər”.

Q.Qurbanov bildirib ki, Rəşad Sadıqovun oynayıb-oynamayacağı sabah bilinəcək:

“Rəşad haqda qərar vermək üçün sabahadək vaxtımız var. Vüqar Nadirovun isə oynamaq şansı var. Heyətdə hansısa dəyişiklik etsək, ola bilər ki, futbolçular bunu yerinə yetirməsin. Rəqibi yaxşı tanıyırıq. Ola bilsin bizə imkan verməsin. Reynaldo və Telinin yoxluğu bizə problem yarada bilər.  Hər şey sabah meydanda bilinəcək. Sosial şəbəkələrdə gedən yazılara gəlincə, bu haqda düşünsək futbolçuların konsentrasiyasına təsir edə bilər. Əsas odu fikrimiz oyunda və rəqibdə olsun. Futbolçularımızın qol vuranda hansısa jest etməyinə gəlincə, daha yaxşı nəticə ilə dönsək, daha yaxşı olacaq”.
 
Zalsburqa uduzmağa gəlmədiyini deyən Qurbanov sabahkı qarşılaşmada stadionun tam dolacağını söyləyib: “Rəqib məşqçi də deyir ki, azarkeş amilindən yararlanmalıyıq.  Yerli azarkeşlərin çox olması bizə mane ola bilər. Amma bizim məqsədimiz yaxşı nəticə qazanıb, mərhələ adlamaqdı. Çalışmalıyıq ki, komandamız sabah ən yaxşı oyunlarından birini oynasın. Düzdü, “Qarabağ”da psixoloji gərginlik var, lakin qarşılaşmaya qədər bunu üzərimizdən atmağa çalışacağıq”.
 

COMMENTS