Ədliyyə Nazirliyi AXCP kimi Razi Nurullayev, yoxsa Əli Kərimli qanadını tanıyacaq?

Nazirlik yaxın günlərdə qərarını verəcək; hər iki narazı tərəf özünü AXCP-nin hüquqi varisi elan edib

Tarixi boyunca dəfələrlə parçalanmış Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında cərəyan edən hadisələr aktuallığını hələ də saxlayır. Buna səbəb qurum daxilində qurultay keçirən narazı tərəflərin qeydiyyata alınmaları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməsidir.

Nazirlikdən günlər öncə verilən açıqlamada AXCP tərəfindən iki müraciətin daxil olduğu, araşdırmalar aparıldığı və nəticələrlə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyi bildirilib. Hazırda hər kəsi bir sual maraqlandırır. Ədliyyə Nazirliyi AXCP kimi Əli Kərimli yoxsa, Razi Nurullayev qanadını tanıyacaq? Tərəflər arasında bu sualın cavabı ətrafında gərginlik günbəgün artır. Hər iki tərəf özünü AXCP-nin hüquqi varisi elan edib.

Yeni AXCP-nin sədri Razi Nurullayev musavat.com-a Ədliyyə Nazirliyinin son açıqlamasını məsələnin gündəmdə olduğunun göstəricisi kimi qələmə verdi: “Ədliyyə Nazirliyi ilə müəyyən təmaslarımız olur. Sənədlər göndəririk. Nazirliyin son açıqlaması məsələnin kifayət qədər gündəmdə olduğunun və məsələyə diqqətlə yanaşıldığının göstəricisidir. İstənilən halda bu problem var və problemin çözülməsi Ədliyyə Nazirliyindədir.

Ümid edirik ki, nazirlik AXCP-nin hüquqi varisi kimi bizi tanımalıdır. Fikirlərimizdə qərarlıyıq. Düşüncəmə görə, müsbət cavab da ala bilərik. Araşdırmanın tez bitəcəyi düşüncəsində deyiləm. Kifayət qədər ekspertizalar, analizlər keçirilməlidir. Bu da müəyyən vaxt aparacaq. Qərarın tezliklə verilməsini gözləmirəm. Nazirlik məsələnin tez həll olunmasında maraqlıdırsa, qısa zamanda cavab verə bilər. Bu bizim üçün sürpriz ola bilər”.

R.Nurullayev 2018-ci ili ölkəmizdə dəyişiklik ili kimi qələmə verməsinin nazirliyin qərarına təsir edib-etməyəcəyinə də münasibət bildirdi: “Azərbaycanda siyasətin hər cür üzü var. Bu baxımdan bunu istisna etmək olmaz. Amma qərarlarımızı, hədəflərimizi nazirliyin qərarlarına uyğunlaşdıra bilmərik. Bizim 2018 hədəflərimiz bəzi dairələr tərəfindən narazılıqla qarşılana bilər. Bunun nazirliyin qərarına təsiri ola bilər. Məsələnin amma haqlı tərəfi var. Ədliyyə Nazirliyinin məsələyə müdrik yanaşacağı düşüncəsindəyəm.

Bu yola çıxan zaman Ədliyyə Nazirliyi bizi tanıyacaq və buna görə bu cür açıqlamalar vermək düşüncəsində olmamışıq. Nazirliyin istənilən qərarı fikirlərimizə təsir göstərə bilməz. Hədəflərimizi müəyyən etmişik, o hədəflərə doğru da gedəcəyik. Sadəcə nazirliyin müsbət qərarı işimizi sürətləndirə bilər. Qərardan asılı olmayaraq gələcəyə doğru gedirik. Heç bir müqavimət bizə təsir göstərmək iqtidarında deyil”.

Yeni AXCP-nin sədri son günlərdə etdiyi təyinatların Əli Kərimli qanadı tərəfindən rişxəndlə qarşılanmasına, ələ salınmasına da kəskin reaksiya verdi: “Düşünürəm ki, məntiqsiz bir yanaşmadır. Bu onların içinin göynərtisi, paxıllığı anlamına gəlir. Ağzından süd iyisi gələn insanın kaş həmişə ağzından süd iyisi gəlsin, bu paklıq, təmizlikdir. Müavin təyin etdiklərim kifayət qədər tanınmış şəxslərdir. Sadəcə heç zaman onlara önə çıxmağa imkan verməyiblər. Biz onları önə çıxarırıq ki, ölkəmizdəki dəyişikliklərdə öndə olsunlar.

İndiyə qədər Azərbaycanda siyasətdə olanlar, özlərinə təcrübəli deyənlər, böyüklüklərini Himalay dağı ilə müqayisə edənlərin nəticəsi sıfırın altındadır. Sözlərinin təsiri yoxdur. Zaman-zaman onlar iqtidar, xalq və beynəlxalq aləm tərəfindən məsxərəyə qoyulublar. 25-30 ilə yaxındır ki, nəticəsiz siyasətin avanqardıdırlar. Həmin siyasətçilərin adlarını qoymuşuq. Əgər onlar uğursuz olmasaydılar, cəmiyyətə məntiqsiz siyasət gətirməsəydilər, bu günkü siyasətimiz tamam fərqli olardı.

Fəxr edirəm ki, uğursuzluğa imza atmayan şəxslərin içərisindən seçim etmişəm. Bundan sonrakı zaman bizim olmalıdır. Uğursuz insanlardan özümə müavin təyin  edib, növbəti uğursuzluqlara şərait yarada bilməzdim. Təyinatlarım lağlağı obyektinə çevrilirsə, sosial şəbəkələrdə yüz minlik səhifələrdə müzakirə olunursa, buna çox sevinirəm. Demək cəmiyyətə səs salmışıq. Müzakirə olunuruq, demək düzgün yoldayıq. Apardığımız siyasətin ciddi nəticələri var”.

R.Nurullayev Əli Kərimli qanadının əvvəllər soyuq münasibətləri olan qurumlarla yaxınlaşmasının arxasında duran gizli mətləblərə də toxundu: “Bu cür çağırışlar, hərəkətlər Azərbaycanda 30 ildir təkrarlanır. Bu özünü saxlama cəhdidir. Onlar bir-birilərinin yanında olaraq, neçə ildir siyasətdə qalmalarına səbəb olublar. Uğursuzluğun carçıları olan bu insanlar bir-birilərini tamamlayırlar. Bu insanlara yeni qüvvələrin siyasi səhnəyə çıxmaları sərf eləmir.

Bizi məhvetmə yolunu seçirlər. Amma buna nail ola bilməyəcəklər. Biz əgər bu gün həmin siyasi qüvvələrlə birlikdə hər hansı bir tədbir keçirsək, birlik yaratsaq, medianın gündəmində bizim dediklərimiz əsas olacaq. Yeni fikri biz söyləyəcəyik. Medianın əsas sualları bizə ünvanlanacaq. Onların gözü bunu götürmür, dedikləri cəmiyyətə məlumdur. Hədəflərimiz təmiz və aydındır. Bütün bunlar qısqanclıqdan doğur. Bizimlə dost olmaq istəyənlərə qapı bağlamarıq. Bizi düşmən görənlərə baş qoşmayacağıq.

Azərbaycanda hazırda mövcud olan partiyaların yanımızda olmaları gücümüzü artıran deyil. Əgər artıran olsaydı Milli Şura, yaxud bundan əvvəl yaradılan siyasi bloklar güclü olardı. Parlament seçkiləri ilə bağlı bir necə blok yarandı. Hətta 15-20 partiya birləşdi. Sonu nə oldu? Nəticəsizliyə düçar oldular. Biz xalqı seçmişik. Onların yanımızda olması yox, xalqın olması daha vacibdir. Biz gücləndikcə, onların özləri yanımızda olmağa cəhd edəcəklər”.

COMMENTS