Əhmədzadənin tenderlərini niyə “Azərkörpü” MMC udub?

Zakir Quliyev və Əfəndi İsmiyevin milyonluq maliyyə maxinasiyaları

 

Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyevin rəhbərlik etdiyi “Cavad qruplaşması” nın həyata keçirdiyi böyük maliyyə maxinasiyaları ilə bağlı yeni məlumat daxil olub.

JAM.AZ PİA.AZ-a istinadən xəbər verir ki, artıq uzun illərdir “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev ASC sədri Əhməd Əhmədzadənin etimadından istifadə edərək “Azərkörpü” ASC-nin rəhbəri Əfəndi İsmiyevlə əlbir olaraq hər il dövlətin külli miqdarda vəsaitini mənimsəyirlər. Bildirilir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin elan etdiyi iri tender lahiyyələrində monopolist mövqe tutan şirkətlərdən biri də “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətidir.

Qeyd edək ki, özəl və dövlət sifarişli lahiyyələri həyata keçirən “Azərkörpü” ASC-nin tarixçəsi uzaq 1968-ci ilə gedib çıxır. 3000-dən çox işçisi olan və 2001-ci ildən özəlləşdirilən “Azərkörpü” ASC hazırda respubilkada körpülərin, avtomobil yollarının, tunellərin, hidrotexniki və meliorasiya qurğularının, energetika obyektlərinin, limanların tikintisini, neft sahəsinin tikintiləri ilə məşğul olur, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılmasını həyata keçirir.

Daxil olan məlumata əsasən Əfəndi İsmiyev Əhməd Əhmədzadə ilə çox yaxın münasibətlərə malik bir şəxsdir. Buna baxmayaraq mənbə həyata keçirilən milyonluq maliyyə maxinasiyalarından Əhmədzadənin nə qədər xəbərdar olması barədə heç bir məlumat vermir. Lakin son 12 ildə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin iri lahiyyələrinin qalibi “Azərkörpü” ASC olub. Bu iri lahiyyələrdə isə bir qayda olaraq Əfəndi İsmiyevin əsas tərəfdaşı kimi “Cavad Qruplaşmasının” rəhbəri kimi tanınan Zakir Quliyevin adı keçir. Zakir Quliyevlə İsmi Əfəndiyevin tərəfdaşlığı nəticəsində isə hər il milyonlarla manat dövlət vəsaiti silinərək mənimsənildiyi idda olunur.

Belə ki, bəzi hidrotexniki və meliorasiya qurğularının quraşdırılması üçün hər il Zakir Quliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən “Azərkörpü” ASC-nin hesabına milyonlarla manat vəsait köçürür. Qiymətlərin şişirdilməsi ilə yanaşı bir çox lahiyyələr sadəcə kağız üzərində həyata keçirilir. Əslində həmin qurğuların böyük əksəriyyəti sovet dönəmindən qalma qurğulardır və “Azərkörpü” ASC-yə köçürülən vəsaitlərin 70-80 faizi isə bir qayda olaraq mənimsənildiyi bildirilir.

Mənbə bildirir ki, Zakir Quliyev və Əfəndi İsmiyevin bu böyük maliyyə maxinasiyalarının 3-cü ortağı isə Əhməd Əhmədzadənin qaynı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Aparat Rəhbərinin köməkçisi işləyən Ramiz müəllimdir.

Qeyd edək ki, Zakir Quliyev və ortaqlarının maliyyə maxinasiyaları ilə bağlı daha geniş faktları araşdırdıqdan sonra növbəti yazımızda ictimaiyyətin diqqətinə çatdıracağıq.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…

COMMENTS