Əli Kərimli AXCP-də ki yerinə kimisə gətirəcəkmi?

Əli Kərimli AXCP-də ki yerinə kimisə gətirəcəkmi?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti qurultaya hazırlaşır. Partiyanın nizamnaməsinə görə, qurultay özünə yeni başqan da seçməlidir.

Bəs görəsən hazırki AXCP sədri Əli Kərimli Müsavat Partiyasındakı keçmiş həmkarı İsa Qəmbər kimi, demokratik prinsiplərə hörmət adıyla 15 ildən sonra yerini başqa bir namizədə devr edəcəkmi? Yoxsa yenə də proseslərə və quruma namizədi öz əlində saxlayacaq?

“Hafta.az-ın debatı” rubrikasında da Əli Kərimlinin növbəti qurultayda seçilib –seçilməmə ehtimallarını müzakirə edəcəyik.

İlk olaraq AXCP funksioneri Fuad Qəhrəmanlı Hafta.az-a açıqlamasında bildirib ki, Əli Kərimlinin başqası ilə əvəz olunmasına heç bir zərurət yoxdur:

“Mənim şəxsi fikrimə görə, Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərinin etimadını kifayət qədər doğruldub. Hesab edirəm ki, partiyanın başqanlığı üçün dəyişiklik zərurəti yoxdur. Eyni zamanda sədrin seçilməsi qurultayın müstəsna səlahiyyətindədir. Bunu qurultay müəyyən edəcək. Partiya sədrliyinə nə qədər namizədin olacağını qurultay vaxtı bilmək olar. Bunu indidən demək çətindir”.

Millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə Hafta.az-a açıqlamasında bildirib ki, qurultayda kimin seçilməsinin elə bir əhəmiyyəti yoxdur. Milli Məclis üzvünün sözlərinə görə AXCP-də həmişə söz azadlığı pozulub:

“AXCP adında siyasi bir təşkilat yoxdur. Keçmişdə də ictimai bir təşkilat idi. İndi isə bu partiya deyil, dərnəkdir. Aydın məsələdir ki, bu dərnəyin də sədri Əli Kərimlidir. Orada da söz və fikir azadlığı həmişə pozulub. Partiya üzvləri hansı fikri söyləyiblərsə dərhal oradan uzaqlaşdırılıblar. O baxımdan da, AXCP-də digər adamların seçilib – seçilməməsinin bir o qədər əhəmiyyəti yoxdur. Çünki artıq elə bir təşkilat yoxdur, təşkilat dağılıb. Təşkilatda olan az-çox dövlətini, millətini sevən insanlar oradan uzaqlaşıb. Çünki orada yığışan qüvvələr ancaq anti-milli qüvvələrdir”.

COMMENTS