Əvəz Zeynallının səhhətində problem yaranıb

Hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhəti pisləşib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda xural.com-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. Onun sözlərinə görə, Ə.Zeynallının səhhətindəki problemlər hələ həbsindən əvvəl də olub: “Ciddi müalicə götürməyə ehtiyacı vardı. Lakin qəzetin gündəlik nəşrə başlaması bunu yubadırdı. Həbsindən sonra da dəfələrlə müalicə üçün müraciətlərimiz oldu.

Bakı İstintaq Təcridxanasında saxlanılarkən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də onunla görüşdü və təcridxananın o vaxtkı rəhbəri Elxan Sadığova müraciət etdi. Ə. Zeynallını müayinə edəndən sonra o, bir müddət müalicə aldı. Həbsindən əvvəl 2 dəfə burnundan uğursuz əməliyyat olunub. Hazırda üçüncü əməliyyata ehtiyacı var. Düzü, orada əməliyyat aparılmasına da razı deyilik. Ona görə də nəfəs almasındakı problemlər olduğu kimi qalır. O cür şəraitdə bu problemi əsaslı olaraq, aradan qaldırmaq mümkün deyil. Nəfəs ala bilmir, beyninə oksigen getmir, ürək döyüntüləri artıb, qıcolmaları var. Sağlamlığındakı bu problemlər əsəb-sinir sisteminə də mənfi təsir göstərir. Artıq 4 ilə yaxındır ki, bu vəziyyətdədir. Nə edəcəyimizi bilmirik ”.

Ə.Zeynallı 2011-ci il oktyabrın 28-də sabiq deputat G.Əhmədovanın iddia və şikayətilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

COMMENTS