“5 il ərzində 400 mindən artıq əhali içməli su ilə təmin edilib”

Ramik Əşrəfov: “Müxtəlif mərhələlərdə müxtəlif xarakterli çirklənmələrə qarşı qurğular quraşdırılıb”
“Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-2012-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 222 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq bu kəndlərdə yaşayan 400 mindən artıq əhali içməli su ilə təmin edilmişdir.

Kür və Araz çayları boyu məskunlaşmış və hədsiz dərəcədə fiziki, kimyəvi və bioloji cəhətdən çirklənmiş vəziyyətdə olan Kür və Araz çaylarının suyundan uzun illər ərzində heç bir təmizlənmə aparılmadan istifadə edən əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün öncə bu kəndlərdə su mənbələrinin kəmiyyət və keyfiyyət göstəriciləri üzərində dəqiq monitorinqlər aparılmış və monitorinqlərin nəticələri sutəmizləyici qurğular quraşdırılmış kəndlərdə yeraltı suların olmadığını göstərmişdir. Ən sərfəli variant kimi yaşayış məntəqələrindən təqribən 1000 metrədək məsafədən axan mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək əhaliyə verilməsi seçilmişdir”.
Bu barədə “Bizim Yol”a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Ramik Əşrəfov məlumat verib. Onun sözlərinə görə, sutəmizləyici qurğuların layihələndirilməsi və onlarda istifadə olunan texnologiyaların seçilməsində su mənbələrinin çirklilik dərəcəsi, kəndlərdə yaşayan əhalinin sayı, yerlərdə enerji təminatının vəziyyəti və digər parametrlər əsas götürülmüşdür: “Kəndlərdə quraşdırılmış sutəmizləyici qurğuların gücü adambaşına gün ərzində içməli suyun miqdarı 20-30 litr olmaqla layihələndirilmişdir və hər bir kənddə quraşdırılmış sutəmizləyici qurğudan alınan içməli su əhaliyə supaylayıcı şəbəkə vasitəsi ilə çatdırılır. Supaylayıcı şəbəkə hər bir kənddə əhalinin sayından və kəndin yerləşmə sxemindən asılı olaraq qurulmuş və hər birində 2 ədəd kran qoyulmuş supaylayıcı məntəqədən və məntəqəni sutəmizləyici qurğu ilə birləşdirən içməli su üçün nəzərdə tutulmuş müxtəlif diametrli boru xətlərindən ibarətdir. Kənddə tikilmiş supaylayıcı məntəqələrin bir-birindən məsafəsi 150-300 metr təşkil edir. Bu o deməkdir ki, kənddə yaşayan əhali ən uzağı 150 metr məsafə qət etməklə içməli su götürə bilir”.

“3 mindən çox supaylayıcı məntəqə tikilib”

R.Əşrəfov qeyd etdi ki, 2007-2012-ci illər ərzində 156 kənddə quraşdırılmış sutəmizləyici qurğuların 53 ədədini Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasında Türkiyədə modulda yığılmış, 67 ədədini Cənubi Koreya istehsalı olan və osmos texnologiyalı, 98 ədədini isə yerli şəraitdə etibarlılığı və dözümlülüyü ilə seçilən İsrail istehsalı olan qurğular təşkil edir: “Bu müddət ərzində sutəmizləyici qurğuların quraşdırılması və supaylayıcı məntəqələrin inşası zamanı 1381 km uzunluğunda supaylayıcı şəbəkə çəkilmiş, 3198 ədəddən çox supaylayıcı məntəqə tikilmiş və üzlüklə örtülmüşdür. Bundan əlavə, hər bir kənddə transformatordan qurğuya qədər 500 metrədək məsafəyə elektrik dirəkləri basdırılaraq elektrik xətti çəkilmişdir. Su mənbəyində üzən sistem üzərində qurulmuş dalğıc nasosundan qurğuya qədər 1000 metrədək uzunluğunda boru və elektrik xətləri çəkilmişdir. Yaşayış məntəqələrinin bir neçəsində elektrik transformatoru, elektrik enerjisinin aşağı olması səbəbindən kəndlərin əksəriyyətində elektrik tənzimləyicisi (stabilizator) quraşdırılmışdır. Sutəmizləyici qurğuların və supaylayıcı məntəqələrin ətrafı hasarlanaraq ərazilər abadlaşdırılmışdır”.
Nazirlik rəsmisinin bildirdiyinə görə, sutəmizləyici qurğuların və supaylayıcı şəbəkənin layihələndirilməsində kənd icmasının nümayəndələri, kənd ağsaqqalları, bələdiyyələr, icra nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak etmiş və tərtib olunan işçi və dövlət aktları bütün aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndikdən sonra sutəmizləyici qurğular müvafiq kənd bələdiyyələrinin istismarına verilmişdir: “Sutəmizləyici qurğuların böyük bir hissəsi artıq 5 ildir ki, fasiləsiz istismar edilir. Ümumiyyətlə, Kür-Araz boyu kəndlər müxtəlif su mənbələrindən istifadə edib (Kür və Araz çayları, drenaj və suvarma kanalları və s.). Bu suların çirklənmə səbəbləri və xarakteri fərqlidir (suvarma kanallarında daha az lilli, lakin mikrobioloji cəhətdən və kimyəvi tərkibinə görə çox çirklidir; drenaj arxlarında pestisidlərin çirklənmədə rolu da böyükdür; və s.). Buna görə də müxtəlif mərhələlərdə müxtəlif xarakterli çirklənmələrə qarşı qurğular quraşdırılıb. I mərhələdə nisbətən kiçik kəndlər, drenaj arxlarından istifadə edən məntəqələr əhatə olunub. Qurğular da bu xüsusiyyətlərə uyğun quraşdırılıb”.

“Su hövzəsindən götürülən xam suyun bulanıqlığının azaldılması üçün…”

Müsahibimizin sözlərinə görə, növbəti mərhələdə (2008-ci ildə) müəyyən edilmiş yaşayış məntəqələrinin əksəriyyətinin su mənbəyi bilavasitə Kür və Araz çayları olduğu üçün və çaylarda çirklilik dərəcəsinin (bəzi hallarda suda ağır metalların mövcudluğu) daha yüksək olması səbəbindən qərara gəlindi ki, suyun təmizlənməsi sahəsində unikal və ən müasir hesab edilən tərs osmos sistemlərindən istifadə edilsin: “Bu səbəbdən Cənubi Koreyanın “Hyudai Wacor Co Inc.” şirkətinin təklifi Tender Komissiyası tərəfindən həm iqtisadi, həm də texnoloji baxımdan ən əlverişli kimi qiymətləndirilmişdir. Belə ki, qeyd olunan şirkət tərəfindən təqdim edilmiş qurğuların dəyəri Almaniya, Fransa və tender prosesində iştirak edən digər dövlətlərin şirkətlərinin təklif etdikləri analoji qurğuların dəyərindən 2-3 dəfə ucuz olmuşdur”.

O, eyni zamanda, qeyd etdi ki, hal-hazırda suyun zərərsizləşdirilməsi prosesində istifadə etdiyimiz ultra fiolet lampalar həmişə əlverişli olmadığı üçün (“Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən Kürdəmir və Ucar rayonlarının bəzi kəndlərində quraşdırılmış sutəmizləyici qurğular da buna misal ola bilər və keçirilmiş laboratoriya analizləri sistemdən çıxan suyun əslində təmiz deyil, əksinə çox çirkli olduğunu müəyyən etmişdir) suyun təmizlənməsi prosesinə əlavə olaraq xlorlama və xlordan azad etmə qurğuları alınaraq quraşdırılmış və bu daha effektiv nəticələr əldə etməyə imkan vermişdir: “Bundan başqa, su hövzəsindən götürülən xam suyun bulanıqlığının azaldılması üçün əlavə olaraq 66 kənddə 40-90 m3 həcmində xam su hovuzları da inşa edilmişdir”.

COMMENTS