ABŞ nüvə raketlərini Avropadan Rusiyaya tuşlayacaq

Azərbaycan isə “bufer zonada” yer alacaq
ABŞ Rusiyanın təcavüzkar hərəkətlərinə cavab vermək üçün Avropada yaxın və orta mənzilli raketlər yerləşdirməyə hazırlaşır. “Assoşieyted Press” bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, hazırda administrasiya Rusiyanın orta və yaxın mənzilli nüvə raketlərinə dair müqaviləyə əməl etməməsinə qarşı cavab tədbirlərini müzakirə edir.

Bu diskussiyalar Rusiya ərazisindəki hədəflərə zərbə endirmək üçün nüvə silahlarının dislokasiyasının təkmilləşdirilməsinə də aiddir.

“Hərçənd ki, müzakirələrdə birbaşa nüvə silahları haqda danışılmır”- deyə mənbə bildirib.

1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanmış müqaviləyə əsasən tərəflər orta və yaxın mənzilli raketləri tamamilə ləğv etməli idi. Lakin ötən ildən başlayaraq Rusiya nüvə başlığı daşıya bilən yaxın mənzilli “İsgəndər-M” raket komplekslərini Avropa ilə sərhəddə – Kalininqrad vilayətində yerləşdirib.

ABŞ bunu Rusiyanın 1987-ci il müqaviləsini pozması kimi qiymətləndirib. Rusiya isə ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirmək planlarını bu müqavilənin pozulması kimi qiymətləndirir.

Agentlik qeyd edir ki, hazırda Obama administrasiyası Rusiyaya qarşı “bir sıra aqressiv cavab addımları” hazırlayır. Bura Rusiyaya preventiv zərbə endirmək üçün Avropada orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi də daxildir.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının rəisi, general Martin Dempsinin administrasiyaya təqdim etdiyi məruzədə bu barədə göstərilib.

Bu zaman üç variant nəzərdən keçirilir. Birinci variant Rusiyada raket bazalarına preventiv zərbələrin endirilməsi, ikinci variant Rusiyanı çəkindirmək üçün Avropada raketlərin yerləşdirilməsi, nəhayət, üçüncü və ən yumşaq variant Rusiyadan buraxılan raketlərin havada məhv edilməsidir.

Digər məlumata görə, müdafiə naziri Eşton Karter Birləşmiş Ştatların Rusiyaya qarşı cavab tədbirlərini müzakirə etmək üçün Avropada məxfi danışıqlar aparmağa hazırlaşır.

Pentaqon rəhbəri ilə görüşə Avropa ölkələrindən 20-dən çox general, səfirlər və digər rəhbər şəxslər dəvət olunub.

Toplantıda Ukrayna ətrafındakı böhran və Rusiyanın artan təhdidlərinə qarşı ortaq cavab variantları müzakirə olunacaq. Bu, NATO müdafiə nazirlərinin iyunda keçiriləcək görüşünə hazırlıqdır.

Kaliforniya Universitetinin əməkdaşı, analitik Edvard Uolker Rusiya ilə ABŞ arasında getdikcə artan gərginliyi şərh edərkən bildirib ki, tərəflərin yenidən partnyorluğa qayıtması artıq mümkün deyil və qarşıdurma daha da dərinləşəcək.

Onun fikrincə, Qərb Rusiyaya qarşı Belarus, Ukrayna, Gürcüstan və Azərbaycanın daxil olduğu “bufer zonası” yaratmalıdır.

E.Uolker “Business İnsider” jurnalında dərc edilmiş məqaləsində hadisələrin üç mümkün inkişaf ssenarisini nəzərdən keçirir. ABŞ və Rusiya normal münasibətlərə və tərəfdaşlığa qayıdır; tərəflər düşmənçilik münasibətlərini qeyri-sabit şəkildə dərinləşdirir. Bu zaman dəqiq oyun qaydaları və “qırmızı xətt” müəyyən edilmir. Nəhayət, tərəflər düşmənçilik münasibətlərini stabil qaydada davam etdirir, bu zaman tərəflər arasında müəyyən oyun qaydaları və “qırmızı xətt” olur.

Analitik hesab edir ki, ikinci variant müharibə riskini kəskin artıracaq. Onun fikrincə, ən az ehtimal edilən məhz birinci variantdır – tərəflərin yenidən normal münasibətlərə qayıtması üçün imkanlar tükənib.

Üçüncü ssenarinin reallaşması üçün isə Rusiya ilə NATO arasında bufer zonası yaratmaq lazımdır. Bura Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan daxil olmalıdır.

E.Uolker hesab edir ki, bufer zonasının yaradılması beynəlxalq müqavilənin imzalanması yolu ilə qanuni status almalıdır. Bufer zonası üçün əsas şərt ondan ibarət olmalıdır ki, bu ölkələr heç bir hərbi ittifaqa daxil olmur və öz ərazilərində xarici qoşunların yerləşdirilməsini qadağan edir.

COMMENTS