ABŞ səfiri: “Azərbaycanın məqsədlərini dəstəkləyirik”

ABŞ-ın Azərbaycandakı Səfiri Robert F. Sekuta 11 sentyabr hadisələrinin 14-cü ildönümü ilə bağlı açıqlama yayıb.  

Modern.az-ın məlumatına görə, 3 minə yaxın kişi, qadın və uşağın həyatına son qoyan 11 sentyabr terror hücumunun 14-cü ildönümünü qeyd edilir. Həm Amerikadan, həm də dünyanın digər ölkələrindən olan insanlar bu hücumun qurbanı olublar.

Diplomat bildirib ki, bu kimi faciələrin gələcəkdə baş verməməsi üçün addımlar atılmalıdır: “Vaxt keçdikcə belə hücumların qarşısının alınmasına dair anlayışımız inkişaf edib və təhlükəsizliyin artırılması, məlumatların paylaşılması, ekstremist ideologiyalarına qarşı mübarizə kimi fəaliyyətləri özündə əks etdirib. Biz başa düşürük ki, sözügedən təhlükələrə qarşı yeganə olan bir həll yolu yoxdur və heç bir dövlət bu təhlükələrin öhdəsindən tək gələ bilməz”.   

Səfir qeyd edib ki, 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən birinci dövlətlər sırasında olub: 

“Amerikalılar bu dəstəyi indi də dəyərləndirirlər. O vaxtdan bəri Azərbaycanın göstərdiyi dəstək artıb. Azərbaycan ABŞ-ın və NATO-nun Əfqanıstanda ekstremizmə qarşı apardıqları mübarizədə tərəfdaşı olub. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatları üçün maddi-texniki təchizatların nəqliyyatını təmin edib. Azərbaycan ekstremist təşkilatlarının maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardım göstərib”.  

Cənab Robert F. Sekuta bildirib ki, Azərbaycan digər dövlətlər üçün dini tolerantlığın canlı nümunəsidir: “Azərbaycanda mövcud olan dini tolerantlığı nəzərdən keçirəndə ümid etməyə başlayırıq ki, bir gün dini zəmində olan zorakılıq keçmişdə qalacaq”. 

ABŞ səfiri Azərbaycanı dəstəklədiklərini bildirib: “Biz Azərbaycanın iqtisadi diversifikasiya, korrupsiyaya qarşı mübarizə və hökumətin insanlar qarşısında cavabdehliyinin artırılması kimi məqsədlərini dəstəkləyirik.   Biz Azərbaycanla sözügedən məqsədlərin əldə olunması üçün tərəfdaşlığımıza sadiqiq. Düşünürük ki, bu yolla istənilən ekstremist ideologiyasından azad olan  Azərbaycan sabit və firavan gələcəyini təmin edə bilər”.

Səfir bütün Azərbaycanlılara göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.  

COMMENTS