Ağcabədi polisi, prokurorluğu qanunları ayaqlayır.

Gözəl ibratamiz bir deyim var. O cəmiyyətlərdə ki qanun şahdır, orada xoşbəxtlik, firavanlıq, əmin-amanlıq hökm sürür. Ancaq əksi olan o cəmiyyətlərdəki şah qanun rolunda çıxış edir, oradan qaç canını qurtar.

Belə cəmiyyətlərdə insanın dəyəri olmur. Belə cəmiyyətlərdə məmurlar etdiyi əməllərə görə sorumsuz olurlar.Belə cəmiyyətlərdə cəzasızlıq mühiti hökm sürür. Belə cəmiyyətdə əxlaqsızlıq, mənəviyyatsızlıq, əxlaq rolunda çıxış etməyə başlayır. Belə cəmiyyətdə fərarilər, saxtakarlar, əxlaqında problemi olanlar başa, ancaq vətənpərvərlər, qanunun aliliyini tələb edənlər, əsasən, azad ruhlu insanlar arxaya itələnirlər. Çünki onlar qaranlığa işıq salan aydınlardır və bayquş kimi xarabalığı sevənlərin qati düşmənləridir.

Nə baş verir?

Ağcabədi rayonu Ofşar kənd sakini Murad Məmişovun dedikləri:mən başıma açılan oyunlarla bağlı rayon polis şöbəsinin müstəntiqi Anar Süleymanovdan,bölmə rəisi Famildən,rayon prokuroru Səməd Soltanovdan şikayətçiyəm. 2014 cü ildə Ağcabədi rayonu Təzəkənd sakini Şəhriyar Cəfərov oğlum Məmişov Mülhazimi bıçaqlayaraq ona ağır bədən xəsarətləri yetirmişdir. Oğlum ağır halda xeyli müddət Ağcabədi rayon mərkəzi xəstəxanasında müalicə olundu. Hadisə baş verən vaxt oğlumun yanında olan şahidə polis hədə-qorxu gələrək ona güya həmin vaxt orada olmadığını və heç kimi görmədiyini deməsini tələb etmişdir və bu istəyinə də nail olmuşdur.

Cinayət işini saxtalaşdırıblar.

Müstəntiq Anar Süleymanov hadisə vaxtı alınmış ilkin ifadələri məhv edərək işə yeni sahidlər və ifadələr əlavə etmişdir. Eyni zamanda həmin dönəmdə ekspert həkimin xəsarət barədə verdiyi rəyi yenidən dəyişdirərək saxtalaşdırmışdır. Hansı ki,ilkin ekspert rəyi hazırda məndə var. Hadisəni törədən şəxs müstəntiq Anar Süleymanovun yaxın qohumudur. Ona görə də işi saxtalaşdırıb oğlumu həbs elətdirmək istəyirlər. Bu özbaşnalıqlarla bağlı mənim yuxarı instansiyalara yazdığım şikayət məktubları rayon polisinin üzərinə göndərilib və onlar da ağıllarına gələni yazıb mənə göndərirlər və bu minvalla vaxt udurlar. Faktiki olan budur ki, işin yekunlaşdırılıb məhkəməyə göndərilməsi prosesi baş vermir. Bir sözlə, polis və prokurorluq əlbir olaraq işı ört-basdır etməyi məqsəd kimi görürlər.

Bu adamlar məni də bıçaqlamışdılar.

Mən 2013 cü ilin yayında Moskva şəhərində olarkən bu adamlar-ata Nemət Cəfərov və oğlu Şəhriyar Cəfərov tərəfindən bıçaqlanmışam. Bu məsələ barədə Ağcabədi polisi həmin dönəmdə polis işçisi Rəşadın əli ilə izahatımı aldı və o işdən bu günə kimi səs səmir çıxmadı.İşi ört-basdır etdilər. Çünki prokurorluq və polis Cəfərovlardan külli miqdarda rüşvət alıb cinayət işini ört-basdır elədilər. İndi də oxşar olayı oğlumun başına gətiriblər. Son günlər rayon polis şöbəsinin əməkdaşları tez-tez gəlib həyətimizə soxulub oğlumu tələb edirlər. Bu təhdidlərə görə artıq 1 aya yaxındır ki,oğlum evdən qaçaq düşüb, bilmirik haradadır, başına nə iş gəlib. Ağcabədi polisi, prokurorluğu cinayət törətmiş şəxsləri açıqca himayə edir. Ağcabədidə polis və prokurorluq qanunları ayaqlamaqla məşğuldurlar. Mən Azərbaycan hökumətinə, daxili işlər nazirinə, baş prokuroruna müraciət edirəm. Xahiş edirəm oğlum və mənə qarşı baş vermiş qanunsuzluqları ədalətlə araşdırılmasına lazımı göstərişlərinizi verəsiniz. Ağcabədi polisi və prokurorluğu polis,prokurorluq adına yaraşmayan işlərlə məğuldurlar. Burada əgər pulun varsa istənilən cinayəti ört basdır eləmək olar. Xahiş edirəm əməli tədbirlər görəsiniz.

Elçin İsmayıllı

COMMENTS