“Akademiyanın bir neçə institutu ləğv edilməlidir”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bir neçə ay bundan əvvəl Modern.az saytına müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaxın profilli bir neçə institutun birləşməsini təklif edib. O zaman ziyalılar və elm adamları arasında bu təkliflə həm razılaşan, həm də razılaşmayanlar oldu.

Azərbaycan Demokrat Partiyasının sədri, elm tarixi üzrə araşdırmalar aparan Sərdar Cəlaloğlu da akademiyada institutların ayrılmasını sovet düşüncəsindən qalma bir ənənə hesab edərək yaxın profilli institutların birləşməsini təklif edir.

O Modern.az-a deyib ki, həm də elmdə fayda verməyən institutların, ümumiyyətlə, bağlanmasının tərəfdarıdır:

“Hesab edirəm ki, uyğun profilli institutlar mütləq birləşdirilməlidir, ümumiyyətlə, elmdə təmərküzləşdirilmə aparılmalıdır. Heç bir elmi nailiyyət ortaya qoymayan institutların fəaliyyəti dayandırılmalıdır. Həmin institutlar ləğv olunmalıdır. Mindən çox əməkdaşı olan institut var. Amma nə bir kitab yaza bilirlər, nə də bir fundamental elmi yanaşma, fundamental nailiyyətləri var. Dövlətin pulu niyə boş yerə sərf olunur?”

Sərdar Cəlaloğlu konkret hansı institutların bağlanmasını deməsə də, elmə töhfə verməyən hər institut üçün bu təklifi lazımlı bilir:

“Hansı institut elmə töhfə vermir, onların hamısı bağlanmalıdır. Ümumiyyətlə, dünyada da belədir: əgər hər hansı bir alim il ərzində elmi nailiyyətlər əldə etmirsə, onun fəaliyyətinə yenidən baxılır. Bizdə eləsi var ki, elmlər doktoru adını alır, amma ölənə qədər bir elmi məqalə yaza bilmir. Elə şey olar? Deməli, sən bu diplomu saxta yolla almısan da?!

Azərbaycan elmi bu gün dünya elmi ilə uzlaşmır. Dünyada bu gün ensiklopedik elm inkişaf edir. Bir neçə elm sahələri birləşir. Burada isə əksinə olaraq ayrılır. Amma düşünürəm ki, ensiklopedik elm inkişaf etməlidir”.

COMMENTS