Ali məktəblərə qəbul olanların qeydiyyatı başladı

Bu il ixtisas seçimində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Modern.az-ın məlumatına görə, tələbə adı qazanmış şəxslər avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi də avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı isə avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.

COMMENTS