Amerika Azərbaycanı Rusiyaya “uduzub”?

Hikmət Hacızadə: “ABŞ üçün aeroport AzadlıqRadiosundan vacibdir”; Ərəstun Oruclu: “Hakimiyyət indi əl-ayağa düşüb ki, gəlin, münasibətləri bərpa edək”

İqtidar daxilində anti-Amerika ritorikası güclənib. Hətta SSRİ ilə ABŞ arasında gedən “soyuq müharibə” dövründə belə tərəflər bir-birinə hansısa mərhələdə güzəştə gedirdi. Son illərdə isə rəsmi Bakının götürdüyü kurs Amerikanın Azərbaycanı itirməsi kimi qiymətləndirilir.
Artıq Birləşmiş Ştatların Bakıda yalnız səfirliyi qalıb. Hökumət isə səfirliyə yeni bina tikməyə belə yer ayırmır. Bu gedişat Amerikanın mövcudluğunun simvolu olan “Mcdonalds” restoranlar şəbəkəsinin də nə vaxtsa bağlanacağını istisna etmir.

Çünki Amerikanın Azərbaycandakı mediası, institutları, əməkdaşlıq etdiyi qeyri-hökumət təşkilatları, təhsil proqramları, fondları ölkəni tərk etməli olub. Artıq bu şəbəkələşmə dağıdılıb və ilk növbədə Qərbin informasiya məkanı buxovlanıb. Hazırda nə Milli Demokratiya İnstitutu (NDİ), nə “Sülh korpusu”, nə də “Soros” fəaliyyətdədir. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu da işini dayandırmalı olub. Son olaraq isə AzadlıqRadiosunun Bakı ofisinin fəaliyyətinə xitam verilib.

Bir çox ekspertlərə görə, rəsmi Bakı müəyyən mənada balanslı siyasət yeritməklə hər iki qütblə məsafəli olub.

Azərbaycan uzun müddətdir ki, Rusiya ilə yaxından əməkdaşlıq etsə də, Qərblə regional proseslərdə, o cümlədən  enerji məsələlərində əməkdaşlıq edir.

Politoloq Hikmət Hacızadənin fikrincə, Azərbaycan strateji cəhətdən Amerika üçün çox vacibdir. Onun sözlərinə görə, söhbət Azərbaycanın yerləşdiyi coğrafiyadan gedir. H.Hacızadə Əfqanıstana daşınan yükün 30 faizinin Azərbaycandan keçdiyini qeyd edərək bu məsələlərin ABŞ üçün daha prioritet olduğunu düşünür: “Yəni Amerikaya aeroport lazımdır. İrana da Azərbaycandan nəzarət olunur. Birləşmiş Ştatlar üçün bu faktlar çox əhəmiyyətlidir. Ona görə də ”Sülh korpusunu” və digərlərini qurban verdilər. Belə desək, aeroport AzadlıqRadiosundan vacibdir. Odur ki, başqa yol tapılmalıdır.

Elə ki, İranla Amerika barışdı, onda Azərbaycan lazım olmayacaq, aləm qarışacaq. Amerika üçün təhlükəsizlik məsələsində əvvəlcə evin içi, sonra çölü vacibdir. Bu da Azərbaycanı Rusiyaya yaxınlaşdıracaq”.   

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə fərqli düşünür. Onun fikrincə, bu təsisatların qalması ilk növbədə Azərbaycana lazım idi. Politoloq hesab etmir ki, Amerika Əfqanıstan və İrana görə öz institutlarını qurban verib: “Qurban verib nə deməkdir? Bu institutların çalışması münasibətlərin geniş inkişafı üçün Azərbaycana vacib idi. Eyni zamanda təminat idi. İstər siyasi, istər mətbuat, istərsə də enerji sahəsində əməkdaşlıq Azərbaycanın inkişafı üçün lazımlı idi. Amma Azərbaycan hökuməti bunu istəmədi və Vaşinqtondan buna xüsusi maraq göstərilməyəcək. Əgər İran və Əfqanıstana qurban verilməsi kimi qiymətləndiririksə, onda Avropa institutlarına nə deyək? Onlar da qovulub çıxarılıb”.

Ə.Oruclu Amerikadakı səfirimiz Elin Süleymanovun müsahibəsini rəsmi Bakının Vaşinqtonla münasibətləri bərpa etməyə hesablanmış sayır: “Amma güman etmirəm ki, Amerika münasibətləri bərpa etmək istəyir. ABŞ institutlarını zorla saxlamayacaq ki? Qanunla onların fəaliyyət çərçivəsi daraldı.  Bu, ABŞ-dan asılı deyildi. İndi əl-ayağa düşüblər ki, gəlin münasibətləri bərpa edək. Kim ABŞ-la bu cür davranar? Həm də bütün bunlar Rusiya ilə yaxınlaşmağa görədir. Əslində hakimiyyət Kremlə yaxınlaşmaq istəmirdi. Sadəcə, həm Moskvaya imitasiya edirdi ki, ruspərəstəm, həm də Qərbi şantaj edirdi. Qərb dedi ki, lap yaxşı, yolunuz açıq olsun”.

COMMENTS