Arif Hacılı Müsavatda baş verən istefalardan danışdı

Müsavat başqanı Arif Hacılı partiyadakı son istefalardan danışıb.

O, “Qafqazinfo”ya açıqlamasında Əhliman Abbasın sədrlikdən istefa verməsi ilə əlaqədar səsləndirdiyi bəyanata münasibət bildirib.

O qeyd edib ki, Müsavat Partiyasında hazırda strukturların formalaşması prosesi gedir: “Biz bu prosesi oktyabr ayının sonunadək yekunlaşdırmağa çalışacağıq. Müsavat Partiyasında Azərbaycan tarixində ilk dəfə alternativ seçki kampaniyaları təşkil olunmaqla başqan seçkiləri keçirilib. Seçkilərin nəticələrindən narazı qalan ayrı-ayrı adamlar öz mövqelərini açıqlayır. Əhliman Abbasın belə mövqe açıqlaması ilə bağlı təəssüf hissi keçirirəm. Hesab edirəm ki, hətta partiyanı tərk edirdisə, keçmiş partiya yoldaşları ilə korrekt davranmalı idi. Ancaq partiya üzvlərinin əksəriyyəti haqqında belə fikirlərin səsləndirilməsi açığı məni həm təəccübləndirdi, həm də təəsüfləndirdi. İstefa məsələləri partiya nizamnaməsinə uyğun olaraq yoluna qoyulacaq”.

Müsavat başqanı həmçinin onun adı altında facebookda yaradılmış gizli qrup barədə də danışıb. Qeyd edib ki, facebookda minlərlə qruplar var və onun başçılığı altında facebookda hər hansı bir qrup heç vaxt yaradılmayıb.

Partiyanın gələcək taleyi məsələsinə də toxunan Arif Hacılı vurğulayıb ki, təşkilatın bu durumdan necə çıxaçağını hər kəs görəcək: “Partiya daha dinamik və çevik fəaliyyət göstərən bir təşkilata çevriləcək. Müsavat Partiyası VIII qurultayında da bütün Azərbaycan cəmiyyətinə və dünyaya demokratik bir təşkilat olduğunu təsdiq etdi. Müsavat Partiyasının həm Azərbaycan daxilində, həm də kənarda nüfuzu qalxıb. Ayrı-ayrı adamların Müsavat Partiyasının qurultayının nəticələrinə kölgə salmaq istiqamətindəki açıqlamaları bütövlükdə bu prosesin mahiyyətini dəyişdirə bilməz. Belə açıqlamaların nə partiyaya, nə də ki həmin açıqlamaların müəlliflərinə heç bir xeyri var”.

COMMENTS