ASAN xidmətdəki problemlərdən İlham Əliyevə şikayət edildi

ASAN xidmətdəki problemlərdən İlham Əliyevə şikayət edildi

Vətəndaş F.K (şikayətçinin xahişi ilə adını tam vermirik, ancaq şikayətçi ölkə rəhbərliyinə öz imzası ilə məktub yazıb və şikayətlərin surətini redaksiyaya təqdim edib) ölkə rəhbərliyinə ASAN xidmətin 4 saylı xidmət bölümündə üzləşdiyi qanunsuzluqlarla bağlı məktub yazıb.

Həmin məktubda deyilir:

“Artıq 2-ci dəfədir ki, 4 saylı Asan xidmətinə müraciətimdə saxtakarlıq ilə üzləşdiyimi düşünməkdəyəm. Sabunçu rayonu, Pirşağı qəsəbəsində mülkiyyətim olan 1174/T saylı bağ sahəmə elektrik enerjisi ilə təmin etmək üçün 4 saylı ASAN xidmətinə müraciət etdiyim zaman, mənə qəbz verərək 207 manat 70 qəpik ödəməli olduğumu bildirdilər. Ödəməni həyata keçirmişəm.

Halbuki bağ sahəmdə elektrik şəbəkəsinə qoşulma nöqtəsi 3 metr məsafədədir və tələb olunan güc max 5 kVT-dır. Məbləgin yüksək olması səbəbindən yaranmış şübhələrə əsasən apardığım araşdırma sonrası aşağıdakı nəticələri ictimai nəzarət olaraq Sizə çatdırmağımı özümə borc bildim.

Tarif Şurası ilə əlaqə saxladğım zaman onalar mənə ödənişin əsassız olmasını bildirdilər.

Belə ki;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 Avqust 2013-cü il 234 nömrəli qərarının 2.19 bəndinə əsasən bu işlər ödəmə olmadan enerji təchizatı şəbəkəsi tərəfindən həyata keçirilməli idi. Lakin göründüyü kimi “Azərişıq” öz çirkin əməllərinə etibar etdiyimiz ASAN xidmətinədə də koordinasiyalı şəkidə istifadəsinə yol açıb.

Nazirlər Kabinetinin Qərarı.

2.19 Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt (7 kVt da daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qoşulma nöqtəsi 50 metr olduqda (50 metr də daxil olmaqla), sifarişçi tərəfindən qoşulma işləri ilə bağlı xərclər və qoşulma haqqı ödənilmir, ETM texniki şərtlər əsasında (qoşulma ilə bağlı layihə işləri də daxil olmaqla) ETŞ-yə qoşulma işlərini öz hesabına 15 (on beş) iş günü müddətində həyata keçirir.
Lakin əlavədə verilən sənədlərdən görünür ki, qayda və qanunlara riayyət edən yoxdur və saxtakarlıı, korrupsiyanı rəsmiləşdirilir.

Hörmətli cənab Prezident. Artıq 2-ci dəfədir ki, 4 saylı ASAN xidmətində işlərin asan getməsi üçün müraciətdə olmuşam və hər iki işlərimdə sözün həqiqi mənasında çətinliyə düşərək, mənəvi və külli miqdarda maddi ziyana düşmüşəm. Bu barədə Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinə, Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinə, 108 ASAN xidmətinin çağrı mərkəzinə və s. aidiyyatı qurumlara müraciətlər etsəm də, şikayətlərim təmin edilməyib. Yalnız əsassız cavablar verilməkdədirlər, günahkar olsalar da işlərini davam etdirməkdədir (Baş Prokuror yanında Korrupsiya İdarəsində1-ci şikayətimin qeydiyyat nömrəsi 1074 q, digər qrumlardan gələn məktublar isə tərəfimdə saxlanılır, lazım olduqda kütləvi informasiyalar vasitəsiylə paylaşılacaqdır).

ASAN xidmətinin sadə vətəndaş olaraq məni bu şəkildə aldatmasından, günahkar şəxslərin cəzalandırılması və ölçü gətirilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Ümidvaram ki, günahkarlar öz cəzasına çataraq mənə dəymiş mənəvi və maddi ziyanı qaytaracaqlar”.

Dosye.org

COMMENTS