Astarada eyni kücədə 2-ci yanğın hadisəsi qeydə alındı

Avqustun 23-də Astara rayonunun Pensər kəndində ticarət obyektlərinin cəmləşdiyi ərazidə yanğın baş verib. Fins.az-ın məlumatına görə, yanğın zamanı xəsarət alan olmasa da, 1 çayxana bütünlüklə yanıb, eləcə də ona bitişik olan mobil telefon satışı və meyvə-tərəvəz dükanının dam örtüyü yanıb.
60 min manat ziyana düşdü

 

Çayxananın sahibi Rizvan Muradov hadisənin çayxananın dam örtüyündə elektrik naqillərində qısaqapanmadan baş verdiyini deyib: “İndiyə qədər belə bir şey görməmişəm. Çayxanadan uzaqlaşmağım 10 dəqiqə olardı, geriyə qayıdanda gördüm külə dönüb”. R.Muradov bildirib ki, çayxanada 4 soyuducu, 3 televizor, 2 pivə aparatı,1 kondisioner yanıb. Bundan başqa, çayxananın 2-ci mərtəbəsində yerləşən və çayxanada işləyən Əsli Məmmədovaya məxsus 2 otaqlı evdə 3000 manat pul, 3-4 min manat dəyərində zinət əşyası, 12 xalça, 20-25 min manatlıq cehizlik avadanlıqların yandığı bildirilir. Ümumi zərərin həcmi 60 min manata yaxındır.

 

“Sənədi olmadığına görə sığorta etdirə bilmədim”
Zərərçəkən çayxananın sığortasız olduğunu bildirib: “Kupça” olmadığına görə, sığorta etdirə bilmədim”. Rizvan Muradov telefon və meyvə-tərəvəz mağazasının yalnız dam ötrüklərinə 200-300 manat məbləğində ziyan dəydiyini əlavə edib. O, qeyd edib ki, mağazaların da sənədləri olmadığına görə, sığortalı edilməyiblər.
Son iki gündə 2-ci yanğın
Xatırladaq ki, bu Pensər kəndində baş verən 2-ci yanğın hadisəsidir. Avqustun 21-də isə kənddə “Atena” hotelinə aid mağaza yanmışdı və bundan 88 min manat zərər dəymişdi. Yeri gəlmişkən, “Atena” hoteli yanan çayxana ilə üzbəüz yerləşir. Amma Rizvan Muradov 2 gün əvvəl yanan mağaza ilə bu hadisənin arasında heç bir bağlılığın olmadığını bildirib.

COMMENTS