“Avtomobili polis əməkdaşının üzərinə sürərək qaçıb”- polis rəisi

“Avtomobili polis əməkdaşının üzərinə sürərək qaçıb”- polis rəisi

Avtoxuliqanlıqda və avtomobili polis əməkdaşının üzərinə sürməkdə suçlanan şəxs aldığı cəzadan narazı qalıb. Bir ay müddətinə həbs edilən şəxs azadlığa buraxılmasını istəyib.

Musavat.com xəbər verir ki, 39 yaşlı Xəyal Quliyev Abşeron Rayon Məhkəməsinin 21 aprel 2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 1 ay müddətinə inzibati həbs olunub.

Məlumata görə, X.Quliyev sərxoş vəziyyətdə idarə etdiyi “Hyundai azera” markalı, 99 FA 939 markalı dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı qəsəbəsində xidmət aparan polis əməkdaşının saxla işarəsinə əhəmiyyət verməyərək idarə etdiyi avtomobili polis əməkdaşının üzərinə sürərək ictimai qaydanı pozub.

Araşdırma zamanı X.Quliyevin həmin avtomobili dövlət qeydiyyat nişanları olmadan, işıqforun qırmızı işığında dayanmadan, ziqzaqvari hərəkətlər edərək idarə etməsi ilə bağlı da faktlar ortaya çıxıb.

Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı Emin Rəhimov məhkəmədə bildirib ki, Xəyal Quliyev polis əməkdaşının saxla işarəsinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili onun üzərinə sürərək qaçıb.

İnspektor Cəlil Cəlilov məhkəmədə deyib ki, X.Quliyev işıqforun qadağanedici işarəsində dayanmadığına görə tərəfindən saxla işarəsi verilsə də onun tələbinə məhəl qoymayaraq ziqzaqvari hərəkətlər edərək qaydaları pozmaqla, davamlı olaraq avtomobili idarə edib.

X.Quliyev isə izahatında göstərib ki, həmin gün spirtli içki içsə də avtomobili polis əməkdaşının üzərinə sürməyib. O, polisin saxla işarəsindən sonra maşını saxladığını deyib.

Cəzadan narazı qalan X.Quliyev Bakı Apellyasiya Məhkəməsinə də müraciət edib. Lakin onun şikayəti təmin edilməyib.

DOSYE.ORG

COMMENTS