Azər Ayxandan Əli Kərimliyə və silahdaşlarına sərt irad

“Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan AXCP sədri Əli Kərimliyə və cəbhəçilərə qarşı müəllif yazısı ilə çıxış edib. Həmin yazını təqdim edirik:

 

Əli Kərimli və onun macəraçı-avantürist dəstəsi bizdən nə istəyir…

 

Azərbaycan siyasətinin xəstə “uşaqları” hələ də Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi müşavirəni ələşdirir. Bunlar belədirlər: illərlə bir mövzuya, bir adama taxılırlar, yanlarından zaman ötüb keçir, fəsillər dəyişir, iqtidarlar gəlir gedir, dünya, onun xəritəsi yenilənir, müharibələr başlayıb-bitir, daşqınlar, sellər olur, bunlar taxıldıqları o mövzulardan qopa bilmirlər. Yaşlarının üstünə yaş gəlməsi də köməklərinə çatmır.

 

* * *

 

Neçə gündür bu macəraçı-avantürist dəstəsi bizə sataşmaqla məşğuldur qəzetlərində. Düzdür, adımızı çəkmirlər, amma çəksələr ondan yaxşıdır. Öz aləmlərində adımızı çəkmədən bizi ictimai qınaq hədəfinə çıxarırlar. Ötən dəfədən dərslərini elə vermişik ki, əslində adlı tənqidə cürət etmirlər. Amma bu dəstənin mahiyyətinə yaxşı bələdik; sussaq, cavablarını vaxtında verməsək üstümüzə gələcəklər.

 

Sonra da… Sonra zatən hamıya bəlli. İllərdi bu cür davam edir – Əli Kərimli və onun qaragüruh dəstəsi, zombiləşmiş tərəfdarları barəmizdə ağızlarına gələni yazırlar, deyirlər. Dinmirik, cavab vermirik ki, bəlkə yorulub bu qara PR-dan əl çəkələr. Görəndəki yox, sərhədi çox keçdilər, özlərinə layiq formada ağızlarının payını alırlar və bir neçə ay susurlar.
İndi yenə başlayıblar. Qaşınırlar. Nolar. Qaşıyaq…

Əli Kərimli iki gün öncə facebook səhifəsində R.Mehdiyevin yanında keçirilən müşavirə ilə bağlı yazı paylaşıb. İstifadəsindəki qəzet də o statusu tirajlayıb. Adam bizə xeyli söz atıb o yazısında, anadolular demiş, laf soxub. Sitat-falan verməyəcəm, tanış olanlar bilir söhbət hansı məqamlardan gedir.

 

Ə.Kərimli, həmçinin dəstəsinin üzvləri bizə irad da tuturlar ki, bəs, bəzi baş redaktorlar niyə o müşavirəyə qatılmışdılar. Ötən ilin noyabrında prezidentlə redaktorların tədbirində iştirakımızı az qala vətənə xəyanət kimi təqdim edənlər indi yenə də eyni dəst-xətti seçməkdədirlər.

 

Bizə prezidentlə, digər dövlət məmurları ilə görüşməyi, onların tədbirlərinə qatılmağı o adamlar irad tutur ki, özləri Amerikanın, Avropanın media, demokratiya layihələri adı ilə kamuflyaj olmuş kəşfiyyat şəbəkələrinin qarşısında müntəzir dayanır, onlardan əmr, göstəriş, təlimat, hətta pul alırlar. Amma bizim dövlətlə, onun hər hansı təmsilçisi ilə açıq, şəffaf görüşümüzü xəyanət kimi təqdim edirlər.

 

* * *

 

Bu adamlar yadımıza 21 il öncəni salırlar. 1993-cü ilin iyununda adına qiyam deyib şişirtdikləri teatrın ilk səhnəsi oynanıb başa çatmamış panik şəkildə iqtidardakı vəzifələrindən istefa verdilər.

 

Əli Kərimli o zaman dövlət katibi postunu tuturdu. Adam postunu qoyub gizli şəkildə Bakını tərk etdi. Xeyli Kələkidə və başqa yerlərdə gizləndi, baş girlədi. Ondan sonra həmin vəzifəni qısa müddətdə Lalə Şövkət tutsa da sonradan dövlət katibi vəzifəsinin səlahiyyəti və adı dəyişdirildi. Ramiz Mehdiyev gətirildi o məqama. Öz dövləti postunu Ramiz Mehdiyevə təhvil verib gizli şəkildə paytaxtdan qaçan adam bizi R.Mehdiyevlə görüşə qatılmaqda suçlayır.

 

Belələrinin ətrafındakıların əksəriyyətinin yaşı imkan verməz o günləri xatırlamağa. Amma 1993-cü ilin yayı bizim gözlərimiz önündə keçib. Tarixdə dərin iz buraxmış biabırçılıqlara, fərariliyə imza atanlar, o səhnələrin baş rol ifaçıları qəhrəmanlıqdan, prinsipiallıqdan dəm vururlar. Əli Kərimli o zaman hardaydı ki, onun partiyasında bir adam tapılmırdı ki, təşkilata rəhbərlik etsin. Rəhmətlik Elçibəy Kələkidən Bakıya, İsa Qəmbərə məktub yazıb xahiş etdi ki, öz müavinlərindən birini müvəqqəti olaraq AXC-yə yolla, partiyaya rəhbərlik etməyə kimsə yoxdur.

 

Yaxşı, Elçibəyi başa düşdük, Surət Hüseynov onu öldürüb ölkədə vətəndaş qarşıdurması yaratmaq istəyirdi (baxmayaraq ki, bu versiya heç vaxt mənə inandırıcı görünməyib), bəs siz kimdən, nədən qorxub Kələkiyə sığınmışdınız? Aylarla, bəziləriniz illərlə tərəfdarlarınızı, partiyadaşlarınızı repressiyaların hədəfində buraxıb baş girlədiniz orda-burda. Bakıya qayıtdıqdan sonra da ilk işiniz hakimiyyətlə gizli danışıqlara gedib müxalifət daxilində separatçılıq etmək oldu.

 

Bu işlərin müəllifləri bizə əxlaq, prinsipiallıq və müxalifətçilik dərsi keçir. Gərək zamanında xalqı, dövləti, tərəfdarlarını qoyub qaçanları Bakıya və siyasətə buraxmayaydıq. Onlar da indi bizim üstümüzə-üstümüzə gəlib ağızlarına gələni danışmaz, yazmazdılar.

 

* * *

 

İqtidarı YAP-çılara təslim edənlər bunun faturasını, çekini bizə kəsir, ödətməyə çalışır. Heydər Əliyevi az qala yalvararaq iqtidara dəvət etdilər, sonra da başladılar jurnalistləri suçlamağa ki, niyə onu möhkəm tənqid etmirsiniz. Niyə onun adının qarşısına prezident yazırsız.

 

* * *

 

“Azərbaycanda repressiya tüğyan edir, demokratiya boğulur” deyən müxalifət lideri niyə bu duruma qarşı etiraz aksiyaları keçirmir? Əli Kərimli bu saat meydanlarda olmalıdır, başının dəstəsi ilə etiraz aksiyalarında baş yardırmalıdır. Amma adam “klaviatura qəhrəmanlığı” ilə məşğuldur. Facebookda bizə dərs keçməyə başlayıb, mübarizə aparmaqla bağlı statuslar yazır. Necə bir vaxtlar Kələkidə, orda-burda gizlənirdi, indi də kompüter arxasında gizlənir.

 

* * *

 

Xalqın gözündə statusu olmayanlar gündə yüz facebook statusu yazsalar da xeyri yoxdur. Heç bizim üçün də bu adamların varlığı ilə yoxluğunun bir önəmi qalmayıb artıq. Sadəcə, bəzən adam milçəköldürən kimi tərif olunan məişət alətinə əl atmaq məcburiyyətində qalır…

COMMENTS