Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olur?

Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olur?

“Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başlaması radikal müxalifətlə mübarizədə Ermənistanın baş naziri Nikol Paşinyanın əlini gücləndirəcək. Radikal müxalifət Paşinyanın Rusiyanın ziddinə ABŞ və Avropa İttifaqı ilə daha çox yaxınlaşmasını tənqid edir, bunun Ermənistan üçün faydalı olmayacağını bildirirlər”.

Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, radikal müxalifət Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinə və Qarabağda separatizmə son qoyulmasına rəğmən, İrəvanın Kremllə ittifaqdan uzaqlaşmasının əleyhinədir: “Rusiya Qarabağı tərk etməyə başladıqdan sonra Paşinyan deyəcək ki, “Rusiya ermənilərin təhlükəsizlik təminatçısı rolundan birdəfəlik imtina edib”. Bu durum Paşinyanı Azərbaycanla məsələlərin həllinə həvəsləndirməlidir. Rusiya Cənubi Qafqazdan tədricən gedir, ABŞ və Avropa İttifaqı isə Ermənistana görə Azərbaycanla və Türkiyə ilə qarşıdurmaya getməyəcək. Bunu Paşinyan da anlamamış deyil, Ermənistanın yeganə alternativi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır”.

Politoloq Kremlin rusiyalı sülhməramlıları Qarabağdan nəyin müqabilində çıxarması məsələsinə də toxunub.

Bildirib ki, “Rusiya daxil olduğu məkanı tərk etmir” tezisi Azərbaycan nümunəsində ortadan qaldırıldıqdan sonra “Rusiya hərbçilərinin Qarabağı vaxtından əvvəl tərk etməsi Bakının Kreml qarşısında hansısa şifahi öhdəliyi sayəsində mümkün olub” tezisini gündəmə gətirib: “Şifahi öhdəlik kimi Rusiyanın istəyi ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olacağı göstərilib. Rəsmi Bakının bu təşkilata üzv olmasının şərti bəllidir: Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Bu saziş imzalanandan sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə oluna bilər”.

E.Şahinoğlu diqqətə çatdırıb ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv olan digər ölkələrin Azərbaycanla sıx əlaqələri var: “Ermənistan xaric, bu təşkilatdakı üzv dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və hər biri ilə sıx iqtisadi əlaqələr mövcuddur. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü isə mümkün deyil. Azərbaycan hərbi bloklara qoşulmur və bu səbəbdən Qoşulmayanlar Hərəkatının üzvü olub. Bu məntiqi Kreml də qəbul edib”.

Turan ORUC

COMMENTS