Azərbaycan bir ölkə ilə quru sərhədini açır?

Azərbaycan bir ölkə ilə quru sərhədini açır?

Gürcüstan tərəfi Azərbaycanla quru sərhədlərin açılmasını istəyir. Bununla bağlı xarici işlər naziri İlya Darçiaşvili danışıb. Nazir hesab edir ki, Azərbaycanın Gürcüstanla quru sərhədləri açılarsa, qonşu ölkədən gələnlərin sayı artacaq. İ.Darçiaşvili Gürcüstanın “Birinci Kanal”ına bildirib ki, sərhədlərin turizmin daha da inkişafı üçün tamamilə açıq olması arzuolunandır:

“Qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu ziyarətçilərimiz olub və bunun gələcəkdə də davam etməsini istəyirik”.

Bu açıqlama Gürcüstanla sərhədlərin açılmasının anonsu sayıla bilərmi?

Mövzu ilə bağlı Globlainfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın qonşu ölkələrlə sərhədlərini bağlaması siyasi məsələ deyil:

Qabil Hüseynli

“Bu, pandemiya ilə bağlıdır. Analoji addımı bir çox ölkə atıb. Başda Gürcüstan olmaqla qonşu ölkələrlə sərhədlərin bağlı qalması tədbir xarakterli addımdır.

Məlum olduğu kimi, mövcud vəziyyətə, ölkəyə girib-çıxanlara nəzarət etmək daha asandır. Xüsusilə belə olanda ölkəmizə qarşı risk yaradacaq agentura şəbəkələrini izləmək, habelə təhlükəsizlik tədbirlərini gücləndirmək daha rahatdır. Yəni bu addım pandemiya ilə bağlı atılsa da, hazırda özündə bir sıra digər məsələləri də ehtiva edir.

Bununla belə sərhədlərin açılması həm qonşularımız, həm də bizim üçün faydalı ola bilər. İlya Darçiaşvilinin açıqlaması Tbilisinin bu məsələdə həvəsli olduğunu göstərir. Bakının buna necə cavab verəcəyi hələ bəlli deyil. Ümumiyyətlə, bu məsələ ilə bağlı qərarı ölkə başçısı verəcək. Hesab edirəm, pandemiyanın da səngiməsi fonunda sərhədlərin tədricən açılması baş tuta bilər”.

Turan Rzayev

COMMENTS