Azərbaycan jurnalistinin böyük səhvi

Hər bir jurnalistin reytinq, populyarlıq və s. kimi istəkləri ilə yanaşı, bir missiyası olmalıdır.

Cəmiyyəti, fərdi olduğu toplumu hədəfə alan və narahat edən problemləri anında görməlidir. Bakıda 15 nəfərin ölümü, 50-dən çox insana xəsarət yetirən binanın yanması da böyük faciələrə yol aça biləcək çox ciddi bir problemlə üz-üzə olduğumuzu ortaya çıxardı. Şəhərdə 3000-ə yaxın bina, yəni təxminən 30 min ailə ani bir təxribat və ya qəza üzündən eyni aqibətlə üzləşə bilər. Yəni üzərinə jurnalist missiyası götürmüş hər bir kəs bu problemi dərhal qabartmalı və günahkarların yaxasından yapışmalı idi. Toplum da şüuraltı bir hisslə jurnalistlərdən bunu tələb edir.

Bu baxımdan Azərbaycan xalqının telejurnalist Mətanət Əlverdiyevanın aparıcısı olduğu tok-şouda faciənin üstünü ört-basdır etməyə çalışmasını qəzəblə qarşılamasını tam təbii və yerində nümayiş etdirilmiş bir reaksiya saymaq lazımdır. Hansısa qurumların erməni sosial şəbəkələrində belə gülüş obyektinə çevrilmiş fəaliyyətini malalayan jurnalist bu azmış kimi problemi yaddan çıxarmağa çalışır: “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”- deyə sözlərinə təbəssüm qatmağa çalışır.

Təbii ki, sosial şəbəkələrdə Azərbaycanın əli qələm tutan hər bir kəsi – jurnalistlər və jurnalist olmayanlar Mətanət Əlverdiyevanı haqlı tənqidə tutdular, onun peşəkarlıqdan, humanistlikdən və Vətən sevgisindən uzaq olduğunu bildirdilər. Tanınmış jurnalistlər, mədəniyyət və incəsənət xadimləri Mətanətin efirdən uzaqlaşdırılmasını tələb etməyə başladılar.

Hamı gözləyirdi ki, neçə ilin jurnalisti qalxacaq və səhvini etiraf edəcək, hər halda öz səhvini etiraf da bir növ böyüklükdür. Amma tam tərsinə oldu. Canlı yayıma çıxan Mətanət Əlverdiyeva əvvəl verilişində faciəyə toxunmamaq, onun malalamaq istədiyinə haqq qazandırmağa çalışdı. Daha sonra da onu bu biganəliyinə, elin dərdini görməməyə çalışmasına görə tənqid edən Azərbaycan xalqına günahlandırmağa başladı. “Mən onların alqışı ilə dünyaya gəlməmişəm ki, onların qarğışı ilə dünyadan gedim” dedi. Hətta iddia edib ki, 14 saniyəlik həmin sözləri ora yapışdırıblar.

Həmin gün sosial şəbəkələrin erməni iştirakıları bayram edirdi. Bu o qədər iyrənc idi ki, hətta bir neçə vicdanlı erməni fikir adamı ayağa qalxaraq bunun mənəviyyatsızlıq olduğunu dedilər. “Bakıda körpə uşaqların, yaşlı insanların ölümünə görə bayram etmək əxlaqsızlıqdır”,- deyə erməni xalqına müraciət etdilər. Bu əməlləri etmiş erməni millətinin təmsilçisi olduqlarına görə utanc duyduqlarını bildirdilər.

Bakıda isə həmin gün əyləncəli verilişin aparıcısı olduğunu iddia edən Mətanət Əlverdiyeva isə hər şeyi unutmağa və faciə etməməyə çağırırdı. Dünən mən Bakıdakı faciəyə görə sevinən ermənilərin mənəviyyatsız əməllərindən yazmışdım. Bu gün isə təxminən oxşar sözləri deyən azərbaycanlı jurnalistin barəsində yazacağımı ağlıma da gətirə bilməzdim. Amma bu da oldu.

COMMENTS