Azərbaycan Ordusundan Ağdərəyə doğru daha bir addım – az qaldı

Azərbaycan Ordusundan Ağdərəyə doğru daha bir addım – az qaldı

Ermənistanın təxribatçı davranışları və havadarlarının sülh prosesini pozmaq cəhdlərinə əsgərlərimizdən qətiyyətli cavab; polkovnik: “Rusiya sülhməramlıları da yaxın həftələrdə öz məsuliyyətlərini başa düşəcəklər”

Yayılan son məlumatlara görə, Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyib. Bu haqda “Caliber” saytı məlumat yayıb. Qeyd edək ki, ordumuz bundan təxminən iki həftə öncə Fərrux kəndi və eyniadlı yüksəkliyi erməni silahlı quldurlarından azad etmişdi.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın masada və sahədə üstünlüyü, qələbələri böyük sülhü və böyük, həlledici qələbəni yaxınlaşdırır. Ermənistan hakimiyyəti Azərbaycan tərəfin sülh şərtlərini qəbul edib, problemi yoluna qoymağa hazır kimi görünür. Paşinyana daxildə revanşistlər təzyiq göstərir. Amma bu təxribatlar başlanmış nəhəng prosesin qarşısını kəsə bilməyəcək. Bir qədər ləngidə bilər, amma dayandırması mümkün deyil. Bir məqam da var ki, son 1 ildə Ağdərə istiqamətində erməni quldurların 15-dən çox postu ləğv edilib. Ordumuz orada istehkam qurmaq istəyən, səngər qazan, bunker tikən quldurları buna peşman edib. Ermənistan Fərruxda əldən verdikləri mövqelərlə bağlı səs-küy qaldırırlar. Bütün bunların fonunda isə Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşğuldur. Azərbaycan tərəf genişmiqyaslı antiterror əməliyyatlarını da istisna etmir heç vaxt. Hətta bu istiqamətdə ciddi hazırlıqlar da görülür, müşahidələrə görə…

Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyib - VİDEO

Xatırladaq ki, martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Aprelin 7-də Zakir Həsənov Kəlbəcərdə olub. Təlim mərkəzində nazir görüş keçirib. Bu addım, bu səfər olduqca əhəmiyyətli idi. Ümumiləşdirib belə demək olar: Azərbaycan siyasi rəhbərliyi, Prezident İlham Əliyev işğaldan azad edilən torpaqların qorunması və işğalda qalan ərazilərin geri qaytarılması üçün genişmiqyaslı prosesləri davam etdirir. Yaxın günlərdə yaxşı xəbərlər eşitmək ümidindəyik. Lakin sülh prosesini pozmaq istəyənlərin də öz mənfur niyyətlərindən əl çəkmədiyini açıq-aşkar müşahidə edirik. Belə ki, aprelin 6-da Brüsseldə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşdə mühüm razılamalar əldə olundu. Rəsmi Bakının Ermənistan qarşısında qoyduğu 5 şərtin qəbulu və hətta delimitasiya, demarkasiya prosesinə başladılması ilə əlaqədar birgə komissiyanın bir ay müddətində yaradılması barədə anlaşmanın ardınca İrəvanın xarici siyasətində “xaric notlar”ı hiss etməkdəyik. Elə Ermənistan XİN-in 11 apreldə Azərbaycana qarşı əsassız və absurd iddialarla dolu bəyanatı rəsmi İrəvanın sülhə maraqlı olmadığını növbəti dəfə təsdiqlədi. Heç şübhəsiz ki, Ermənistanın ziddiyyətli mövqeyi yalnız öz “iradə”sindən irəli gəlmir, çünki bu iradə 44 günlük müharibədə sındırılıb. Sadəcə, ötən həftə Ermənistan XİN başçısı Ararat Mirzoyanın Moskvaya səfəri, rusiyalı həmkarı ilə görüşü və bu görüşdən sonra Lavrov səviyyəsində növbəti dəfə prosesin uzanmasına yönəlik mövqenin sərgilənməsi İrəvanı Brüssel anlaşmasını pozmağa həvəsləndirib. Ermənistan XİN-in 11 apreldə yaydığı bəyanat bu ölkənin nəinki sülhə hazır olmadığını, hətta növbəti sarsıdıcı zərbələri almaq istədiyini nümayiş etdirir. Rəsmi Bakı İrəvanın yaydığı həyasız bəyanatın cavabını operativ şəkildə verib. “Ermənistan XİN-in növbəti əsassız, hüquqa zidd, düşmənçilik dolu bəyanatını rədd edir, iki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq”, Azərbaycan XİN bəyan edib. Belə görünür ki, Brüssel anlaşması da elə kağız üzərində qalacaq və məsələləri Azərbaycan əsgəri həll etməli olacaq.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan Ordusu müdafiə naziri tərəfindən qoyulan tapşırıqların icrası ilə məşğuldur: “O təsdiq edilmiş və icra edilən tapşırıqlar arasında Azərbaycanın Ağdərə rayonu ilə bağlı da dəqiq və aydın məsələlər var. Hazırda bəzi mətbu orqanlarında, sosial media üzərindən gedən aktiv müzakirələr də həmin məsələlərin bir elementidir. Doğrusu, görülən işlər bir qədər qrafikdən geridə qalır, o səbəbdən ki, orada olan adı ”sülhməramlı” olan, əslində isə ermənilərə var-gücü ilə dəstək olan kontingent, son vaxtlar səlahiyyət həddini bəzi yerlərdə çox aşıb. Onlara başa salmaq və yuxarı komandanlığın qərarlarından sonra görülən işləri davam etdirmək də bir az vaxt aparır. Məhz ona görə bəzi işlər axsamaqla davam edir. O ərazilər Azərbaycan əraziləridir və orada qısa müddətdə ölkəmizin qanunları tətbiq olunmalıdır və olunacaq!”

Ü.Cəfərov qeyd etdi ki, Rusiya sülhməramlılarının hazırkı komandanı general Andrey Volkov son aylar çox əsəbi və həddini aşan qərarlar verməklə gündəmə gəlir: “Ancaq bu bədbəxt rus generalı öz qərarlarına da, sözlərinə də özü kimi hörmət qoymur. Buradan əmr və göstərişlər verir, daha sonra isə onları ləğv edir. Əvvəlcə qurulan əlavə postların sonradan ləğv edilməsi ilə bağlı qərarlar da bu generalın necə ”ağıllı hərbi rəhbər” olmasına daha bir sübutdur. Azərbaycan Ordusunun artan gücü və qətiyyəti qarşısında ermənilər hiss edirlər ki, sonu onlar üçün yaxşı olmayacaq. Fərruxla bağlı aldıqları tərs şapalaq da ruslara çox pis təsir edib. Azərbaycan Ordusu yaxın həftələrdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə bağlı yuxarı rəhbərliyə məruzələr etməlidir. O məruzə də ediləcək. Bunu hər kəs başa düşür. Rusiya sülhməramlıları da yaxın həftələrdə öz məsuliyyətlərini başa düşəcəklər. Düşməyəcəkləri təqdirdə isə onları çox mədəni və diplomatik dildə başa salacağıq”.

Akif Nağı — Vikipediya

QAT sədri Akif Nağının fikrincə, müşahidələr göstərir ki, Azərbaycan əsas məsələnin, yəni “Xankəndi məsələsi”nin həlli istiqamətində hərəkətlərini davam etdirir: “Fərrux yüksəkliyi ilə bağlı addımlar, məncə, həm də düşmənin və digər maraqlı tərəflərin reaksiyasını yoxlama aksiyası idi. İndi qeyri-rəsmi qaydada olsa da, Ağdərə istiqamətində irəliləmələrə dair xəbərlər gəlir. Sizin qeyd etdiyiniz, Müdafiə Nazirliyi səviyyəsindəki hazırlıq işləri də təsadüfi deyilmiş. Bu belə də olmalıdır. Azərbaycan ehtiyatı əldən vermədən, təxribatlara uymadan işlərini zərgər dəqiqliyi ilə həyata keçirir. Bunu ermənilər də görür, ona görə də təxribatlar törətməyə, dezinformasiyalar yaymağa çalışırlar”.

A.Nağı qeyd etdi ki, onların məqsədi Qərbdən Azərbaycana qarşı təzyiqlərə nail olmaqdır, amma istədiklərini əldə edə bilmirlər: “Hələ ki Qərb, birinci növbədə ABŞ Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmaq zorundadır. Son Brüssel görüşü, həmçinin ABŞ Dövlət Departamentinin bu günlərdə verdiyi açıqlama bunu deməyə əsas verir. Qərb bölgədə sülh və sabibliyin bərqərar olmasını istəyir, bunun üçünsə Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsinin vacibliyini başa düşür. Digər tərəfdən, ermənilər Azərbaycanla Rusiya arasında qarşıdurma yaratmağa, regiondakı sülhməramlıları təxribatlara sövq etdirməyə çalışırlar. Amma burada da istədiklərini əldə edə bilmirlər. Rusiya prezidenti və xarici işlər nazirinin istənilən məsələ ilə bağlı ”araşdırma aparılır” tipli cavablarla kifayətlənməsi Kremlin də Azərbaycanın haqlı mövqeyi ilə hesablaşdığını, ən azından bu mərhələdə “dözüm” göstərdiyini nümayış etdirir. Proqnoz vermək, hadisələri qabaqlamaq istəmirəm, amma tam inanırıq ki, Azərbaycan bayrağının Xankəndi, Xocalı, Ağdərədə dalğalanacağı gün uzaqda deyil”.

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan öz qanuni ərazilərində istədiyi fəaliyyəti həyata keçirə bilər: “Biz hansısa digər dövlətin beynəlxalq hüquqla tanınan ərazilərində təxribatlar etmirik. Nə də ki, başqa dövlətlərin ərazilərinə qarşı hansısa iddialarımız olmayıb. Amma təəssüflər olsun ki, son günlər yayılan məlumatlar bizdə ciddi təəccüb yaradır. Məsələn, mediada yazılır ki, rus sülhməramlıları Fərruxa yaxın ərazilərdə müşahidə kameraları quraşdırır. Maraqlıdır, rus sülhməramlıları kimi qorumaq istəyir? Müşahidə kameraları nə üçün artırılır? Eyni zamanda Rusiya üçün ən gərgin zamanlarda Azərbaycan onunla strateji müttəfiqlik sazişi imzaladı. Lakin Fərrux kəndi ətrafında baş verənlər göstərdi ki, rus sülhməramlıları komandanlığı və Rusiya hərbi kontingentinin bəzi fəaliyyətləri bəzən qəbuledilməz olur”. Ekspert qeyd etdi ki, hələ də 10 noyabrda imzalanan bəyanatın müddəaları yerinə yetirilmir: “İndiyə kimi separatçı terrorçular Qarabağın az hissəsində qalıblar. 10 noyabrda imzalanan bəyanat sülhməramlıların hansı hallarda həmin ərazilərdə olmağını müəyyən edir. Amma sülhməramlıların müvəqqəti gəlməyi ilə paralel olaraq Xankəndindən, Xocalıdan, Ağdərədən hələ də bölücü terrorçuların ”qaraqışqırıqlarını” duyuruq. Onların səslərinin hələ də kəsilməməyi birbaşa sülhməramlıların onları çıxartmamağı ilə bağlıdır. Azərbaycan öz qanuni ərazilərində mövqelərini möhkəmləndirir. Baş verən proseslər də göstərir ki, Ermənistan siyasi rəhbərliyinin hansısa açıqlamalarına güvənmək olmaz. Onlar daim üçüncü qüvvələrin təhrikləri ilə prosesi çətinləşdirirlər. Ona görə də bizim tam haqqımız çatır ki, öz ərazilərimizdə istədiyimiz addımları ataq. Brüssel razılaşması da qalib tərəf kimi Azərbaycanın diqtə etdiyi şərtləri möhkəmləndirir. Daha əvvəl Rusiyada da əldə edilən razılaşmalar var. Bu bəyanatlar yerinə yetirilməlidir. Eyni zamanda Ermənistan sülhü sabotaj etməməlidir. Əks təqdirdə, “Dəmir Yumruq” həmişə yerindədir”.

Yazı çapa hazırlanarkən məlum oldu ki, Türkiyə Nazirlər Kabinetinin aprelin 12-də keçiriləcək toplatısında Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediləcək. Bu isə Ermənistan və havadarları üçün daha bir xəbərdarlıqdır. Şuşa Bəyannaməsi hələ işə salınmayıb, bu haqda da düşünmələri lazım…

Elşad PAŞASOY

COMMENTS