Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin Dünya Siyasəti

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin Dünya Siyasəti

Bu gün dünya koronavirus xəstəliyi nəticəsində yaranan iqtisadi çoküşdən,ağır böhrandan çıxış yolu aramaqda davam edir. Ancaq bu günə kimi dünyanın ən aparıcı ölkələri bele koronavirus xəstəliyinin yaratdığı böhranın nəticələrinin aradan qaldırılması üçün zamana ehtiyac duyulduğunu bəyan edirlər. Dünyanın qabaqcıl, nüfuzlu təşkilatları isə yalnız proqnozlar verməklə kifayətlənirlər.

Dünya tarixinə nəzər salsaq görərik ki, zamandan düzgün istifadə etməyi bacaran, qətiyyətli, ən ağır günlərdə qəbul etdikləri mühüm, yerində və düzgün qərarları ilə öz xalqını yaranan çətin vəziyyətdən çıxarmağı bacaran liderlər olmuşdur. Bunun məntiqi göstəricisi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiya dövründən öncəki, həmçinin pandemiya dövründə, vaxtında və düzgün verdiyi qərarları göstərmək olar. Cənab Prezidentin pandemiyadan əvvəlki dövrlərdə dünya ölkələrini daima sülhə, birgə əməkdaşlığa çağırışının şahidi olmuşuq.

Cənab Prezident İlham Əliyev hər zaman qarşılıqlı faydalı əlaqələrin qurulmasını dünyaya bəyan edərək, beynəlxalq hüquq norma və prinsiplərinə,suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmama prinsipi əsasında əməkdaşlığa hazır olduğunu bildirmişdir.Həmin düzgün siyasətin nəticəsidir ki,bu gün dünya dövlətləri Azərbaycanın nəinki regionda, dünyadakı liderliyini qəbul edir, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə öz dəstəyini verir. Hal-hazırkı vəziyyətdə dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda əsaslı arqumentlərə, məntiqə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa,həmrəyliyə çağırıb əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirərək, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü bəyan edir.

Azərbaycan Respublikasının Prezidenti və qoşulmama hərəkatının sədri Cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4 də Qoşulmama hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qurupunun videokonfrans vasitəsilə zirvə görüşü keçirilmişdir. Onu qeyd edim ki,Qoşulmama hərəkatı- özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.Azərbaycan 2011-ci ildə Qoşulmama hərəkatına tam hüquqlu üzv olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədirliyin Azərbaycana həvalə edilməsi haqda yekdil qərar qəbul olunmuşdur. Üzvlükdən qısa müddət sonra Qoşulmama hərəkatına sədrliyin ölkəmizə keçməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

Təəssüflər olsun ki, pandemiya dövründə qlobal əməkdaşlığa ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcədə bir sıra regional institutlar, beynəlxalq təşkilatlar çaşqınlıq içərisində qalaraq, beynəlxalq həmrəylik nümayiş etdirə bilmədilər. Bu zamanda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromunun” heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək, 40-a yaxın dünya dövlətini bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyevin bu təşəbbüsünün baş tutması ölkəmizin və şəxsən İlham Əliyevin özünün dünya dövlətləri və liderlərinin arasında olan nüfuzunun, etibarını göstəricisidir.

Pandemiyanın dünyada sürətlə yayıldığı bir zamanda Azərbaycan Prezidenti sədr olduğu Türk şurasının fövqəladə Zirvə görüşünü keçirməklə də regional əməkdaşlıq çağırışı etdi. Bu Zirvə görüşü ilə Türk şurası həm də Covid- 19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü.Azərbaycan Prezidentinin bu təşəbbüsü üzv dövlətlər tərəfindən dəstəkləndi və belə ağır məqamda daha sıx əməkdaşlığın önəmi vurğulandı. Bu Zirvə görüşün bir müddət sonra Şuraya üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələrində isə əməkdaşlığın dahada möhkəmləndirilməsi üçün həyata keçiriləcək praktik tədbirlər müzakirə edildi. Dövlətlər arasında əlaqələrin minimuma endirildiyi,ölkələr arasında sərhədlərin bağlandığı bir məqamda da Cənab Prezident İlham Əliyev yuxarıda qeyd etdiyim əsas siyasi fikirlərinə sadiq qalaraq, dövlətləri beynəlxalq hüquq normalarına, suverenlik, ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşmağa dəvət etmişdir.

Prezident İlham Əliyevin bu prinsip və fikirlərinin dəstəkləndiyini göstərən əsaslardan biri olaraq Respublika günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Prezident İlham Əliyevə göndərilən təbrik məktubunu göstərmək olar. Məktubda Donald Tramp Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini vurğulayır,ölkəmizin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarının və mənbələrini şaxələndirmə və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə 29 il ərzində davam edən əməkdaşlığı və Azərbaycanın töhvələrini yüksək qiymətləndirir.

Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermiş, könüllü olaraq Ümumdünya Şəhiyyə Təşkilatına maliyyə yardımı ayırmişdır. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanaraq Azərbaycanın koronavirusla mübarizədə atdığı önləyici addımlar yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında Zirvə görüşlərinin, digər görüşlərin keçirilməsi həm də onu sübut etdi ki, yaxın təmaslar olmadanda beynəlxalq əməkdaşlığı qurmaq və inkişaf etdirmək mümkündür. Cənab Prezident İlham Əliyevin bu məsələdə liderlik keyfiyyətlərini ortaya qoyması, mötəbər beynəlxalq təşkilatların Zirvə görüşlərini təşkil etməsi sözsüz ki, pandemiya ilə mübarizədə dövlətlər arası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir! Bu yolda Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Ali Baş komandan, ölkə Prezidenti Cənab İlham Əliyevə uğurlar arzulayır və daima onun siyasətini dəstəklədiyimizi səmimi qəlbdən bəyan edirik!

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bahəddin Hüseynov

COMMENTS