“Azadlıq” qəzeti fəaliyyətini bərpa edə bilmir

Nəşriyyata olan borcunun bir qismini ödəyib razılaşmağa çalışan qəzet “Qasid”i məhkəməyə verəcək

 

Ölkənin aparıcı müxalifət qəzetlərindən olan “Azadlıq” qəzeti çapını bərpa edə bilməyib. Bu barədə “Musavat.com”a qəzetin redaktoru Sücəddin Şərifov bildirib. O qeyd edib ki, avqustun 5-də qəzeti çap edəcək “Azərbaycan” Nəşriyyatına olan borclarının bir hissəsini ödəməyə çalışacaqlar: “Nəşriyyatdan da bildirilmişdi ki, borcumuzun bir hissəsini ödəsək, yenidən çap olunmaqla bağlı məsələyə baxıla bilər. Biz kiçik bir hissəni ödəməyə cəhd edəcəyik, buna çalışırıq. Bizim nəşriyyata 20 min manat borcumuz var”.

Redaktor həmçinin bildirib ki, “Qasid” Yayım Firmasının satdığı qəzetlərin pulunu verməməsi onları çətin duruma salıb: “Çoxsaylı müraciət və çağırışlar nəticəsiz qalıb, ”Qasid” borcunu ödəmir. İndiyə qədər bir manat da ödənilməyib, 70 min manat bizə borcları var. Bizə çatacaq pulu verməmələrinin hesabına redaksiya hər gün böyük məbləğdə ziyana düşür”.

S.Şərifodun sözlərinə görə, qəzet nəşrini bərpa edəndən sonra “Qasid” məhkəməyə veriləcək: “Bizimlə bağlı baş verənlər siyasi qərardır. Yeganə yol əlbəttə ki, məhkəməyə verməkdir. Amma biz gücümüzü ”Azadlıq”ı bərpa etməyə yönəltmişik. Məhkəmə aylarla davam edir, uzun bir vaxt tələb edir. Bu, anındaca həll olunacaq məsələ deyil. Biz gücümüzü səfərbər edib, imkanlarımızı birləşdirib qəzetin çapını bərpa etməyə səy göstəririk. Sonra isə həm borca, həm də ziyana görə məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, qəzet öz çapını iyulun 31-də dayandırmağa məcbur olub. “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Qəzetdən bildirilib ki, səbəb qəzetin nəşriyyata olan borclarıdır. Bildirilir ki, qəzet borcu düşünülmüş şəkildə salındığı maliyyə böhranına görə ödəyə bilmir. Qəzetin ən böyük satıcısı “Qasid” firması ona olan 70 min manatdan artıq borcu ödəmir. KİV-ə dövlət dəstəyi fondu da qəzetin layihələrini maliyyələşdirməkdən imtina edib. Qəzet satış firmalarına yaradılan əngəllərə görə “Azadlıq”ın tirajı və deməli, gəlirləri də azalıb.

COMMENTS