Bərdənin mal bazarı bağlandı

Son günlər ölkənin Aran rayonlarında iri buynuzlu heyvanlar arasında yayılan yoluxucu “Nodulyar dermatit” virusu artıq respublikanın 10 rayonunda müşahidə edilir.

 

Ümumilikdə respublika ərazisində 11 iribuynuzlu heyvan bu xəstəlikdən ölüb. Dövlət Baytarlıq İdarəsinin rəisi Siyalə Rüstəmova deyir ki, yeni virus daha çox Ağdaş rayonunda geniş yayılıb. Elə bu səbəbdən də Ağdaş və digər 10 rayonda heyvan bazarları müvəqqəti bağlanıb.

 

“Bu rayonların bütün giriş və çıxışlarında Dövlət Baytarlıq Xidmətinin müfəttişləri ilə birlikdə polis nəzarət məntəqələri yaradılıb. İribuynuzlu diri heyvanların rayonlardan çıxışı qəti qadağa qoyulub”.

 

Virusa yoluxmuş heyvanların ət və süd məhsullarının istifadəsinə gəlincə, Siyalə Rüstəmova bildirir ki, hazırda paytaxtın, eləcə də rayonların iaşə obyektlərində ciddi yoxlamalar aparılır.

 

“Bu xəstəlik ətdən keçmir. Yalnız diri heyvanlardan bir-birinə yoluxur. Yoluxma ağcaqanad və digər həşəratlar vasitəsi ilə baş verir. Xəstəliyin insana keçmə ehtimalı isə tamamilə yoxdur. Qeyd edim ki, sözügedən virusa xırdabuynuzlu heyvanlar yoluxmur”.

 

Xəstəlik ölkəmizdə qeydə alındığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə müayinə üçün lazım olan testlər qısa müddətdə alınaraq respublikaya gətirilib. Respublika Baytarlıq laboratoriyasında aparılan müayinələr nəticəsində yayılan virusun “Nodulyar dermatit” olması təsdiqini tapıb.

 

Virusun qarşısını almaq məqsədi ilə bütün rayonlar lazımı tibbi preparatlarla təmin edilib və bütün tədbirlər bu tədbirlər dövlət hesabına aparılır. Son günlər mövsümlə əlaqədar heyvanlar arasında bir sıra xroniki xəstəliklər də baş qaldırıb. Bu cür xəstəliklər aşkarlandıqda onların müalicəsi heyvan sahiblərinin öz vəsaiti hesabına həyata keçiriləcək.

Virusa yoluxan heyvanların ilk olaraq yemek yemir.

 

Dövlət Baytarlıq Xidmətinin rəisi deyir ki, sonra heyvan halsızlaşır, ağzından su axma, arxa ayaqların tutulması, bədəninin müxtəlif hissələrində diametri 2-3 santimetr olan şişlərin əmələ gəlməsi və bədən hərarətinin yüksəlməsi də müşahidə edilir. İribuynuzlu mal-qara təsərrüfatı olan şəxslərin deyilən əlamətləri müşahidə edərlərsə, o zaman Dövlət Baytarlıq Xidmətinin 563 24 85 nömrəli qaynar xəttinə məlumat verməsi lazımdır.

 

Qeyd edək ki, “Nodulyar dermatit” virusu ölkənin daha çox Aran və Qarabağ bölgəsindəki iribuynuzlu heyvanlar arasında yayılıb. Artıq xəstə heyvanlar arasında ölüm halları da qeydə alınıb. Bu xəstəliyə yoluxan 1600 heyvandan 11-i tələf olub. Bərdə rayonunda 100 baş heyvanda “Nodulyar dermatit” virus xəstəliyi aşkar edildiyindən Bərdənin məşhur mal bazarı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bazarın fəaliyyətinin nə zaman bərpa olunacağı hələlik məlum deyil.

 

Həmin bazar ölkənin ən iri mal bazarlarından biri, hətta birincisidir. Bəs ölkənin ən böyük mal bazarının fəaliyyətinin dayandırması ət və ət məhsullarının qiymətinin bahalaşmasına təsir göstərə bilərmi?

Ekspert Vahid Məhərrəmov hesab edir ki, hazırda ölkənin soyuducu anbarlarında kifayət qədər ət və ət məhsulları var:

 

“Bizim tədarükçülər adətən mal ətini bazarlardan alırdılar və qiyməti də bazar tənzimləyib. Lakin indi tədarükçülər gedib şəxsi təsərrüfatlardan alacaq, bu zaman isə həmin heyvanların xəstə olub-olmadığı yoxlanılmayacaq. Eyni zamanda həmin fermerlər tədarükçüyə malı bir qədər baha qiymətə satacaqlar. Beləliklə bazarlara xəstə ətlərin çıxarılması ehtimalı yaranacaq”.

 

Ekspert əlavə edib ki, virusa yoluxmuş heyvanların ətini və süd məhsullarını yemək məsləhət görülmür. Çünki yayılan virusun insan orqanizminə mənfi təsiri olmadığı deyilsə də, istənilən bir virusda mutasiya prosesi gedə bilir. Bu isə xəstəliyin insan orqanizminə keçməsi ilə nəticələnir. Bütün bunları nəzərə alıb əhalinin virus daşıyıcısı olan mal-qaranın ətindən və süd məhsullarından istifadə etməməsi tövsiyə edilir.

COMMENTS