Belçikada da terrorçularla savaş başladı, iki islamçı öldürüldü

Belçikanın Vervyö şəhərində antiterror əməliyyatı keçirilib.

Virtualaz.org saytı RTBF telekanalına istinadən xəbər verir ki, intensiv atışma nəticəsində özünü islamçı adlandıran iki terrorçu öldrülüb, biri isə yaralanıb.

Bütün bunlar Vervyö şəhərinin mərkəzi vağzalına hücum zamanı baş verib. Telekanal əməliyyat zamanı daha bir neçə nəfərin həbs olunduğunu bildirir.

Şahidlərin sözlərinə görə, Vervyö şəhərinin Kollej küçəsində 3-4 dəfə partlayış və intensiv atışma səsləri eşidilib. Kvartalın sakinlərinin köçürülməsinə ehtiyac yaranmasa da küçəyə dərhal onlarla polis maşını, minaaxtaranlar bölüyü və təcili yardım briqadaları cəlb olunub.

Telekanal bildirir ki, məhv edilən islamçı radikalların yaşı 20-dən çox olmayıb. Kəşfiyyat məlumatlarına görə, onların ikisi də Vervyö şəhərinə Suriyadan bir həftə qabaq qayıdıbmış və Belçikada dəhşətli terror aktları törətməyə hazırlaşırmış. Amma bu məlumatlara rəsmi qurumlar tərəfindən hələ heç bir şərh verilmir.

Bununla belə RTBF telekanalı onu da xatırladır ki, yanvarın 9-da Parisdə terror aktı törədən Amedi Kulibaliyə silah satmaqda şübhəli bilinən şəxs həbs olunmuşdu.

COMMENTS