Bitməyən savaşın əbədi əsgəri… ƏBÜLFƏZ ELÇİBƏY

Nur içində yatasan! 

 

Böyüklərdən böyük Bəy!İ

 

Bu gün hamı şəhidlikdən danışır… Bir Müqəddəs Şəhiddən də mən danışım… Amma din, hakimiyyət yox, Milli amal uğrunda, bütün məqamlardan uca olan Məfkurə uğrunda şəhid olan, gözü mayıf məmləkətini qaranlıqdan işığa çıxarmaq üçün özünü şam kimi gilə-gilə əridən, əməlləri ilə, əqidəsi ilə könüllərdə özünə əbədi heykəl ucaldan (parklarda yox!) , Peyğəmbər ömrü yaşayan… Bu fani dünyadan elə Peyğəmbər yaşında köçüb gəldiyi Haqqa qovuşan, Bütöv Azərbaycan sevdalı… Təbriz, Savalan yaralı Şəhidimizdən — ELÇİBƏYDƏN… O Şəhiddən ki, heç vaxt nə sinə döyməyimizə, nə də Ağlamağımıza qıymazdı… Mən öləndə məni ağlamayın! “Qaragilə” ilə dəfn edin məni.. məzarım üstündə türkü oxuyun! deyə vəsiyyət də eləmişdi Böyük Bəy!…
…. Mən nə Kərbəlanı, nə də Aşuranı görmüşəm, amma Bəyin dəfn günü Bakıda kişili, qadınlı milyonların küçələrə axışıb… hönkürə-hönkürə… özlərini döyə-döyə, saç yola-yola “ƏN BÖYÜK ELÇİBƏY! BAŞQA BÖYÜK YOX!” deyə ağladığı zaman qocaman, zorla yeriyə-yeriyə izdihama qoşulan, ağsaçlı, nurani bir qadının dilindən “Elçibəy, Sən gedişinlə bizə Kərbəla müsibətini yaşatdın, bala!”-deyə fəryad qopardığını, naləsini öz qulağımla eşitmişəm.. indiyəcən də qulağımdan getməyib o yanıqlı səs… Bəyin vida mərasiminə toplaşan insan selini – o məşum izdihamı hər xatırlayanda ətim ürpənir… İlahi, Kişilər ağlayırdı.. həm də hönkürərək…Kişilər ağlamaz, Atam balası.. Kişilərin belə dəhşətli ağladığını, başını Milli Elmlər Akademiyasının divarlarına döyə-döyə hönkürdüyünü görəndə dəhşət içindəydim… uşaq yaddaşımda ilişib qalıb bunların hamısı…
P.S. Bu gün Səhər Nail Nurəddinin — “Səmimi olun… Ağlayanda da ürəkdən ağlayın… Bir az da özümüz üçün ağlayın. Mümkündü ki, bir xalq kimi ölmüşük, ağlayanımız yoxdu…” sözlərini oxuyanda nədənsə həmin gün gəldi gözümə.. etiraf edim, bu günə qədər yalnız onda toplu halda adamların səmimi ağladığını görmüşdüm.. hətta polislər də izdihama qarışıb ağlayırdı.. hamısı maskasını evdə qoyub gəlmişdi… heç kəs artistlik eləmirdi, heç kim qeyri-səmimi, rolda deyildi… Biz toplum olaraq.. Kərbəlanı da, Aşuranı da həmin gün yaşayırdıq… Getdiyi müqəddəs yolda amalı uğrunda hər əzaba mətinliklə sinə gərən ŞƏHİDimizi tapşırırdıq torpağa…
Nədənsə bugün axşamacan həmin o məşum 22 avqustun ovqatından qopa bilmədim… Axşam Universitetdən çıxanda da “Vicdanım narahatdı.. Bəyi ziyarət etməmiş getməyək evə! –dedim.. Fəxri xiyabanın qapısındakı gözətçi “Cavan oğlan, indi ziyarət vaxtıdı?.. belə selləmə yağışda?? -deyə sual dolu nəzərlərlə Bizə baxanda.. Elşən həmişəki sakit tərzilə “Ziyarətin saatı, havası olmur, Ağsaqqal! Ehtiyacımız olmasa, bu havada gəlməzdik, dedi… Görüşdük .. dərdləşdik Bəylə.. yüngülləşdim bir az… üst-başımız islanmışdı.. Biz xiyabandan çıxanda saçımızdan damcılayan suya camaat nədənsə çox əyri-əyri baxırdı.. üzlərdən asanca oxumaq olurdu bunu : Yəqin başlarına at təpib.. bu yağışda Fəxri xiyabanda nə dərdləri var? ….
“Sizi deyib gəlirdim, ey mənim müsəlman qardaşlarım, nədən böylə məhzun-məhzun baxırsınız ki? Üst-başımızdakı da sudu, bildiyiniz saf yağış suyu… biz mübarək başımızı yarmağa getməmişdik, qan deyil bu mübarək təpəmizdən axan.. bir ŞƏHİDi ziyarətə gəldik… amma … sadəcə zikr edərək… sadəcə anaraq… baş-başa dərdləşərək…
Çünki, Şəhidlər o kəslərdir ki, onlar ölmür (Bəqərə, 154)…Şəhidlər Tanrı qatında əbədiyyən diridirlər… Ölməzi isə ağlamazlar, Atam balası…
……………..
P.S. Ağlı başında, məntiqi yerində olan adam Allahın verdiyi canı niyə zəncirlə döysün ki… Bütün hallarda zəncir insan beynində əsarət, buxov anlamına gəlir. yəni zəncir sözü ilə müqəddəs olan bir şeyi, haqsızlığa qarşı etiraz eləməyi, azadlıq anlayışını əsla yan-yana qoymaq olmur. Öz haqqını bilməyən, gündə min kərə öz haqqını tapdalatdıran insanlar Hüseynin haqqını heç zaman görə bilməzlər. təfəkkürünün sıfırın altında olduğunu isbatlamaqdan və sürü halında cahil kütləyə, axına qoşulmaqdan başqa bir şey deyil bu..Ama xoşbəxtdirlər ki, salındıqları vəziyyətdən xəbərləri yoxdur… Uca Haqq yolunda faydalı olmaq, xeyirli işlərlə məşğul olmağı məscidlərdə zəncir vurmaq, baş yarmaq kimi qavrayırlar. Həyatı boyu nəinki cəmiyyətə, heç özünə belə doğru-dürüst faydası dəyməyən, ömrünü-gününü başqalarına ziyan vermək qalsın bir yana, heç özü-özünə əməlli-başlı bəhrəli şəkildə xərcləyə bilməyən, ağlı özünü, öz həyatını normal idarə edə bilməyən milyonlardır onlar. Yəni anlayacağınız kütlə. Nə qədər ki, haqqlarını bilməyən cahil kütlə var, nə qədər ki insanlar kitaba qarşı allergiyalıdır, nə qədər ki insanlar ərəb dilində mərsiyə oxumağı türkün açıq ana dilində kitab oxumaqdan daha üstün tutur, bütün bunlar qeyri-səmimi tamaşa olaraq davam edəcək. Övladlarımızı əli kitablı, elmli edək ki, onların – yəni, bu kütlənin sayı azalsın. Dinin Aydınlanma məktəbindən daha çox siyasət kimi yürüdüldüyü cəmiyyətlərdə Aydın adam olmaq çətin məsələdir. Şeyx Nəsrullahlara iman gətirən bir toplumun arasında yaşaya bilməyin özü də cəsarət, səbir, dözüm və fədakarlıq istəyir adamdan.. Şeyx Nəsrullahların meydan suladığı, baş Şeyxinin biznes kralı olan bir cəmiyyətdə Bizlər hələ də Kefli İsgəndər mövqeyində olacağıq. Ey Kitab adamları, bilirəm, hamımıza çox çətindi belə mühitdə yaşamaq.. lütfən, yuxarıdan baxin, ironik yanaşın məsələlərə.. özünüzü üzməyin! Silkinib, yanlışlarını anlayıb, özünü və mahiyyətini, milli keçmişini dərk eləməyə cəhd etməyən bir toplumu zorla dəyişə bilmərik ki?! SÜRÜNMƏK ÜÇÜN DOĞULANLAR UÇA BİLMƏZLƏR..
… Dinin Aydınlanma məktəbindən daha çox siyasət kimi yürüdüldüyü cəmiyyətlərdə Aydın adam olmaq, həqiqətən, olduqca çətin məsələdir. Allah bizə səbir versin! Allah zehin açıqlığı versin! Allah haqq, ədalət, insanlıq, ləyaqət yolunda xərclətsin ömrümüzü. Allah Onu bütün ruhuyla, varlığıyla dərk edənlərin, Haqqın uca məqamını anlaya bilən və o ilahi nuru, işığı həqiqətən görənlərin ürəyindən Haqq sevgisini əksik etməsin. Amin!

Xəyalə Əfəndiyeva

COMMENTS