Bizi intihara sürükləyən nədir…

Uğruna yaşayacağımız səbəblər uğruna öləcəyimizdən qat-qat çox ikən

Bir neçə ildir ki, sentyabrın 10-u Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Rəsmi statistikaya görə hər il 1.1 milyon insan ozünə qəsd edir, 19 milyon insanın isə özünüqəsdi uğursuz alınır. Ekspertlərə görə, “bədbəxt hadisələrdən ölənlər” də (dərmanların dozasından artıq istifadə, yollarda qəza, hündürlükdən düşmə) suisid hesab olunur. İntihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın 70%-nin kökündə depressiya durur, depressiyaya düşən insanların 15 %-i intihar edir. İntiharın 41%-nin səbəbi məlum deyil, 19% cəzalanma qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6% ehtirasa, 3% pul itkisinə, 1,4% həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə baş verir. 
ÜST ölkələr üzrə suisid göstəricilərini 3 qrupa ayırır: özünüqəsdin yüksək və ən yüksək səviyyəsi – əhalinin 100 min nəfərinə 20 və 20-dən çox intihar; özünüqəsdin orta səviyyəsi – əhalinin hər 100 min nəfərinə 10-20-yə qədər intihar; özünüqəsdin aşağı səviyyəsi – əhalinin hər 100 min nəfərinə 10-na qədər intihar. Əksər islam dövlətlərində intihar sayı demək olar ki, sıfıra bərabərdir, təxminən 100 min adama 0,1 intihar düşür. Əhalisinin daha çoxu xristianlığa və ya induizmə tapınan ölkələrdə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir – 100 min adama 17,6 intihar halı qeydə alınır. 
Azərbaycanda intihar hallarının statistikası ilbəil artıb, xüsusilə də intiharın gəncləşməsi, uşaqlar və yeniyetmələr arasında suisidin daha çox baş verməsi problemin ciddiləşdiyindən xəbər verir, onlar risk qrupuna daxildirlər. 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intihar hallarının sayı 0,6 təşkil edir. Kişilər arasında bu göstərici 1, qadınlar arasında 0,3-dür. Bu məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) web-saytından götürülüb. Təkcə uşaqlar haqqında statistikanın verilməsi, böyüklərə aid rəqəmlərin üstündən sükutla keçilməsinin səbəbi qaranlıqdır. Statistika Komitəsinin saytında isə intiharla bağlı məlumatlar ümumiyyətlə yoxdur.
 
İnternet resurslarında 2008-ci ildə Azərbaycanda 138 nəfər, 2009-cu ildə 165 nəfər, 2010-cu ildə 289 nəfər, 2011-ci ildə 414 nəfər, 2012-ci ildə 482 nəfərin intihar etdiyi bildirilir. Verilən statistika bir-birindən fərqlənir, Komitənin məlumatına görə 2013-cü ildə 71 uşaq intihar edib, Daxili İşlər Nazirliyinə istinadən yayılan məlumatda bu rəqəmin 34 olduğu bildirilir. Təkcə 2014-cü ilin dörd ayı ərzində Azərbaycanda 122 nəfərin intihar etməklə dünyasını dəyişdiyi deyilir. Yanvar-aprel aylarını əhatə edən statistikada 11 nəfərin məktəbli və yeniyetmə olduğu qeyd edilir. 
 
Son bir ayda universitetə qəbul ola bilməyən iki abituriyent intihar edib. KİV bunu sadəcə bir məlumat kimi verir, uzaqbaşı bir psixoloqa müraciət edib intiharın səbəb ola biləcəyi ehtimalları axtarır. Əslində onları qınamaq da olmaz, intiharın səbəbini hüquq-mühafizə orqanları cəmiyyətə açıqlamalı, digər dövlət qurumları növbəti qurbanların olmaması üçün tədbirlər planı hazırlamalı və təxirə salmadan da həyata keçirməlidirlər. Lakin bu barədə daim eşitdiyimiz bir-iki şablon cümlə var: hadisə barədə özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. Vəssalam. O yeniyetmənin nə üçün özünə əl qaldırdığı cəmiyyətə naməlum qalır, ya da uzaqbaşı bir müddət çevrədəkilərin müzakirə mövzusu olur, ailənin də ömür boyu damğası. 
 
Müşahidəmə görə, Azərbaycanda intihara dair statistikadan qaçılır və belə halların KİV-də yazılmasına pis nümunə kimi baxılır. Başqa ölkələrdə statistika xalqdan gizlədilmir. Məsələn, qonşu Türkiyənin Statistika qurumunun web-saytında intiharlar barədə məlumatlar açıqlanır. Rəqəm təbliğat deyil, intiharın hansı üsulla olduğu təbliğatdır və bizdə də dövlət qurumları bu vəzifəni “layiqincə” yerinə yetirirlər. 
 
AQUPDK-nın web-saytında intiharla bağlı sadəcə bir araşdırmaya rast gəldim, o da daha çox ÜST-ün statistikası üzərində qurulmuş, xarici mütəxəssislərin fikrinə əsaslanır. Halbuki, hər ölkənin spesifik xüsusiyyətləri var, intihar səbəbləri də ölkədən-ölkəyə dəyişir. Bizimkilər isə məlumatları tərcümə edib köçürməklə məşğuldurlar, bu sahədə ciddi təhlil yoxdur. Azərbaycanda intihara səbəb müşahidələrimizə görə xırda məmur bürokratiyasından tutmuş, bakirəlik probleminə qədərdir. Halbuki inkişaf etmiş ölkələrin belə problemləri yoxdu. Komitədə isə dünyadakı intiharların səbəbləri göstərilir və yenə də onların ekspertlərinin məsləhət bildikləri çıxış yolu təklif edilir. Hesab edirlər ki, intihar hallarının azalması üçün əsasən maarifləndirmə işləri aparılmalıdır. İlk növbədə KİV-də zorakılıq və ölüm səhnələrini əks etdirən seriallara, verlişlərə qadağa qoyulmalıdır. Yəqin televiziyaları nəzərdə tuturlar. Bu bir az mübahisəlidir, həmin proqramlar keçən il də vardı, ondan əvvəlki illər də, intihar statistikası isə sürətlə artır. 
 
Bir də hesab edirlər ki, orta məktəblərdə “məktəb psixoloqu” sosial təsisatının fəaliyyəti gücləndirilməlidir. Bununla razılaşmamaq olmur. Orta məktəb psixoloqlarının nə iş gördükləri valideynlərə bəlli deyil. Onlar bir-iki sorğu ilə vəzifələrini bitmiş hesab edirlər, halbuki ən böyük yük ailədən sonra məktəbin üzərinə düşür ki, təhsil ocaqlarında da yeniyetmə və uşaqlarla iş daha çox psixoloqlara həvalə olunur. Çünki bu, onların birbaşa vəzifələridir. Bir çox ailələrdə ünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Bunun qarşısının alınması üçün “məktəb psixoloqu”nun valideynlərlə mütəmadi olaraq işləməsi zərurəti ortaya çıxır. Bizdə iki məktəbli var, hələ psixoloqun bizimlə danışmağa cəhd etdiyini görməmişəm, amma biz bacardığımız qədər onunla danışır, uşaqlara yardım etməsini xahiş edirik. O da bir-iki “seans”dan sonra vəzifəsinin icrasına “xitam” verir. 
 
İnterneti də uşaq intiharında günahkar bilirlər, amma bu yaxınlarda youtube-da baxdığım azyaşlı qatillərin əksəriyyətinin serial cinayətləri keçən əsrin 70-80-ci illərinə təsadüf edir. O vaxtlar heç internet yox idi, filmlərin sayı da məhduddu. Amma komitənin yeniyetmə və uşaqların asudə vaxtının təşkil edilməsinin vacibliyi barədə irəli sürdüyü ən uğurlu təklifdir. Hesab edirlər ki, (yəqin bunu da xarici mütəxəssis rəylərindən oxuyublar) onların maraqlarına səbəb olan, özlərini ifadə və təsdiq edə biləcək məşğuliyyətlərə cəlb olunması mücbət nəticələr verə bilər. Təəssüf ki, bu imkanlar bizdə məhduddur. Məsələn, yay tətili boyunca məktəblilərin düşərgələrə getmək seçimi yoxdur, əvvəla belə düşərgələrin sayı azdır, sonra da həmin o az sayda olanlar çoxlarının büdcəsinə görə deyil. Nisbətən imkanlı ailələrin uşaqları isə böyüklərlə bərabər dicəlməyə gedirlər. Bir dəfə yazmışdım ki, bizim küçənin oğlan uşaqları qız kimi böyüyürlər, çünki dörd bir yanımızı zəbt edib əjdaha binalar tikiblər, oğlanların velosiped sürməsinə belə yer yoxdur. Odur ki, onlar da bir küncdə oturub ordan-burdan söhbət, bəlkə də qeybət edirlər. Şəhərimizdə sayca çox olmayan üzgüçülük hovuzlarına isə o qədər xlor tökürlər ki, uşaqlar sudan çıxandan sonra bir xeyli özlərinə gələ bilmirlər. 
 
AQUPDK-nin təqdim etdiyi məruzədə konkret Azərbaycanda yeniyetmə və gənclərin hansı səbəblərdən intihara əl atdıqları təhlil olunmur. Halbuki, bu kateqoriyadan olanların intihar sayının artması onlara dair tədbirlərin də dövlət qurumları səviyyəsində hazırlanmasını zəruru edir. Ali məktəbə qəbul ola bilməyən nə üçün özünə qəsd etməlidir? Bu təhsildəki ciddi problemlərin olduğundan xəbər verir. Başqa ölkələrdə də belə hallar olur. Məsələn, iki il əvvəl Rusiyada orta məktəbi qızıl medalla bitirən oğlan universitetə girə bilmədiyinə görə özünə qəsd eləmişdi. 
Amma dediyim kimi hər ölkənin spesifikliyi var. Azərbaycanda ali məktəbə girənlərin 99 faizi repetitor yanına gedir. Amma bu, çox stressli bir prosesdir. Təsəvvür edin, uşaq məktəbə gedir, məktəbdən sonra hər gün ən az iki repetitora, sonra növbəti günün dərsləri və testlərinə hazırlaşır. Sonda qəbul ola bilməyənlərə qarşı ailənin qınağı və çevrədəkilərin tənəsi var. Valideyn övladının ali məktəbə hazırlaşması üçün yemir-içmir, boğazından kəsib repetitora xərcləyir. Odur ki, uşağı qəbul olunmadığı zaman onunla sərt davranır, ya da bu başdan hədələyir. Valideyni haradasa başa düşmək olar. Çevrədəkilər daha amansızdırlar. Vacib deyil qonşunuz sizi döysün, onlar sizin zəif damarınızdan basmağı yaxşı bilirlər. Qəbul olunmadığınızı bilə-bilə sadəcə hərənin bir dəfə “hansı fakültəyə daxil oldun?”, deyə eyhamla soruşması özü belə təzyiqdir. Ya da tanıdığı-tanımadığı ailələrin övladlarından sitat gətirəcək, qəbul olunduqları universitetləri sadalayacaqlar. Çevrənin təzyiqi həmişə üzərimizdə var, təkcə iş və ya təhsil sahəsində deyil, adamlar şəxşi işlərinizə də qarışmağı özlərinə borc bilirlər. Mən bu xüsusiyyətin bizdən başqa bir millətdə olduğunu düşünmürəm. 
 
Özəl liseylərlə bağlı araşdırmalarımız bir daha təsdiqlədi ki, onlar dövlət təhsil müəssisələrindən daha yaxşı təhsil verirlər və uşaq sadəcə bir məktəbə getməlidir. Yəni şagird də müəllimdə öz məsuliyyətini bilir və vaxtını jurnal pulu, fond pulu yığmaq kimi absurd bir işə həsr eləmir, iki tərəf də psixoloji sarsıntı keçirmir, sadəcə dərslə məşğuldurlar.  Məncə Təhsil Nazirliyi və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası kimi iki qurumdan birinin təhsil verməsi, digərinin imtahan aparması da növbəti bir stressdir. Özünə əl qaldıranlar başa düşmürlər ki, dünyanın sonu deyil, yenidən hazırlaşıb qəbul ola bilərlər, ya da başqa bir sənət seçərlər. “Hər kəs universitetdə oxuyacaq”, deyə bir qanun yoxdur. Heç məktəbdə düzəməlli oxumayan, hətta fiziki qüsuru olan insanlar tanıyıram ki, bir gözlə belə hər şeyə nail olub: yaxşı işi, ailəsi, uşaqları, ona yetəcək qədər əmlakı var. Həqiqətən də insanı xoşbəxt hiss etdirəcək o qədər anları var ki, həyatınızdakı müvəqqəti “qara zolaq”lar belə o günlərin gələcəyi və ya geri dönəcəyinə ümidləri zərrə qədər azaltmamalıdır. Həyatını dəyişmək insanın öz əlindədir, əgər siz rutin həyatı seçmisinizsə, onu bir anda dəyişib, maraqlı edərsiz. Ya da əksinə, əyləncə sizi çox bezdiribsə, bir qədər o əyləncələrdən qaçıb “dincələ” bilərsiniz. 

 

COMMENTS