Böyükağa Hacıyev: “Bakıda meydana fərqli “Neftçi” çıxacaq”

“Hər şeydən əvvəl sizləri təbrik edirəm. Amma bu cütün qalibinə avqustun 28-də aydınlıq gələcək”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la ilk oyunundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda meydana fərqli “Neftçi”nin çıxacağını bildirib: “Bu görüşdə 2:0 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, məğlub olduq. Futboldur. Ötən gün mətbuat konfransında demişdim ki, maraqlı oyunun şahidi olacaqsınız. Bir oyunda 5 qolun vurulması matçın necə gərgin keçməsindən xəbər verir. Bir neçə oyunçumuzun olmaması müdafiədə boşluqlar yaratmışdı. Bir həftə sonra Bakıda meydana fərqli bir “Neftçi” çıxacaq. Səfərdə vurulan 2 qol bizim xeyrimizə işləyəcək. “Partizan” vəziyyətdən çıxış yolunu hökmən irəli atılmaqda görəcək. Biz də çalışacağıq ki, bundan maksimum yararlanaq”.

B.Hacıyev komandanın serbiyalı qapıçısı Saşa Stamenkoviçin səviyyəsindən aşağı çıxış etdiyini bildirib: “Saşa Stamenkoviç səviyyəsindən aşağı çıxış etdi. Ola bilsin, stadiondakı aura ona bir az mənfi təsir göstərdi. Ona görə avqustun 28-ini gözləyək. Həmin gün hər şeyə aydınlıq gələcək”.

Qeyd edək ki, “Neftçi” və “Partizan” komandaları arasında cavab qarşılaşması avqustun 28-də, Bakıda keçiriləcək.

COMMENTS