“Bu “siyasi alver”də Əli Kərimlinin qurduğu bir hiylə var”

“Bu “siyasi alver”də Əli Kərimlinin qurduğu bir hiylə var”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu il iyulun 14-də Milli Məclis önündə baş verən hadisələr və bundan sonra cəbhəçilərin həbsə alınması ilə bağlı açıqlama yayıb.

Həmin açıqlamada hökumətə bəzi təkliflər ünvanlanıb: “Cəbhəçiləri azad edin, məni həbsə alın. Ya da cəbhəçiləri azad edin, bu payızda partiya sədrliyinə namizədliyimi vermərəm”.

“Əli Kərimlinin bu təklifləri hakimiyyətə siyasi alver təklifləridir”. Bunu isə “Turan” agentliyinə mövzu ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə söyləyib. Onun fikrincə, bu, “siyasi alver”də Ə.Kərimlinin qurduğu bir hiylə var: “O, Azərbaycan hakimiyyətini hüquqi çərçivədən çıxmağa təhrik etməyə çalışır. Sonradan da bundan öz xeyrinə istifadə etsin. Konkret hadisə olub, həmin hadisənin iştirakçıları hüquqi məsuliyyətə cəlb olunublar. Hüquq çərçivəsində də addımlar atılır”.

Deputatın vurğulamasına görə, uzun illər siyasətdə olmasına baxmayaraq, radikal müxalifət təmsilçisi demokratik prinsipləri mənimsəyə bilməyib. Onun fikrincə, belə təkliflər verməkdənsə, Konstitusiya və qanunlar çərçivəsində hərəkət etmək, Azərbaycanda demokratiyanın dərinləşməsinə töhfə verilməsi istiqamətində fəaliyyət göstərmək daha düzgün olardı.

A. Mirzəzadə habelə vurğulayıb ki, Ə.Kərimlinin sədrliyi dövründə bu partiya maksimum dərəcədə paçalanıb və Azərbaycanda bu qədər parçalanmış ikinci bir partiya yoxdur.

DOSYE.ORG

COMMENTS