Çat verən yollarımız

Çat verən yollarımız

Dosye.org xəbər verir ki, anspress ölkədə asfalt örtüyünə niyə zəmanət verilməməsini araşdırıb

 

Bakı-Sumaqayıt yolunun bəzi hissələrində asfalt-beton örtüyü sıradan çıxıb. Bir neçə il əvvəl tikilən yol istismar müddətini yavaş-yavaş başa vurur. Magistral yolun beton hissələrinə asfalt yamaqların vurulması isə buna əyani sübutdur. Dövlət büdcəsindən bu yolların tikintisi üçün milyonlarla pul xərclənsə də, nədənsə salınan yolların keyfiyyəti aşağıdır. Təkcə son on ildə Azərbaycanda yollara 10 milyard manatdan çox vəsaitin xərclənməsinə baxmayaraq, Azərbaycanda yol problemi hələ də öz həllini tapmayıb. Bəs görəsən, bu qədər pulların xərcləndiyi yollar niyə keyfiyyətsiz olur?

Anspress-in araşdırmasından məlum olub ki, ölkədə tikilən yollar lazımi standartlara cavab vermir. Mütəxəssislərin fikrincə, xüsusilə Bakıda şəhər daxili yollar çəkilərkən şirkətlər ucuz asfalta qaçırlar və belə asfaltda parafinin səviyyəsi yüksək olur. Şirkətlər asfaltın tərkibindəki parafini təmizləmirlər, çünki bu, ayrıca prosesdir və asfaltın qiymətini artırır. Məhz bu səbəbdən şirkətlər ucuz asfaltdan istifadə etməyə üstünlük verirlər. Nəticədə, az xərc çəkməklə daha çox qazanc edirlər.

Əslində isə yol çəkilişi nəzəriyyəsinə görə yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır. Adətən, bitumun tərkibində parafin çox olduqda asfaltın keyfiyyəti aşağı düşür. Aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş vermiş yollarda çatlar yaranır, bu isə daha sonra dərinləşərək bəzi yerlərdən asfalt laylarının qopmasına və çalalar yaranmasına səbəb olur.

Mütəxəssislər qeyd edir ki, sadalananlarla yanaşı yol tikintisi ilə məşğul olan podratçı şirkətlər yolun keyfiyyətinə də zəmanət verməlidir. Avropa ölkələrində bu təcrübə geniş yayılıb. Məsələn, Almaniyada Hitlerin vaxtından salınan yollar hələ də istifadə olunur və heç bir təmirə ehtiyac yoxdur. Bəzi ölkələrdə isə yol tikinti şirkətləri asfalt-beton örtüyünə 50 illik zəmanət verirlər. Şirkət yolun örtüyündə baş verən hər hansı qüsura birbaşa məsuliyyət daşıyır və ehtiyac olduğu təqdirdə bütün təmir işlərini öz öhdəsinə götürür. Amma təəssüf ki, bizdə bu təcrübədən elə də geniş istifadə edilmir.

Nəqliyyatçıların hüquqi problemlərinə yardım ictami birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun fikrincə, yolların keyfiyyəti şirkətlərin yol çəkilişi texnologiyasına düzgün riayət etməməsi ilə bağlıdır:

“Bizdə yolların çoxunu büdcə vəsaitlərini tələm-tələsik işlətmək naminə qış vaxtı – noyabr, dekabr aylarında çəkirlər. Yəni yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir. Həmçinin qruntu yaxşı presləmirlər, məsələn, hər hansı kommunikasiya xəttini çəkmək üçün xəndək çəkilir və ya çala qazılır, sonra onun üstü torpaqlanır, malalanır və yaş-yaş üstü asfaltlanır. Belə asfalt nə şaxtaya, nə də istiyə duruş gətirə bilməz”.

Ekspert bildirir ki, yağışlı-qarlı başqa ölkələrdə yollar, əsasən, şaxtalı havalarda yola səpilən duzlar və ya başqa kimyəvi qatışıqlar üzündən dağılır. Amma bizdə qışda duz, qum səpilməyən yollar buz bağlayır və buz açılandan sonra darmadağın olur. Mütəxəsisin fikrincə, bu, onu deməyə əsas verir ki, Azərbaycanda yol çəkilişi zamanı istifadə edilən komponentlər keyfiyyətsizdir. Komponentlər dedikdə isə əsasən asfalt üçün işlədilən bitum nəzərdə tutulur.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə anspress-ə açıqlamasında məsələyə aydınlıq gətirib. Qurum rəsmisi Bakı-Sumqayıt yolunun beton hissəsində yaranan problemi özünə xas üslubda izah edib: “Bakı-Sumqayıt yolunun beton olan hissəsində fikir versəz, görərsiz ki, Sumqayıta gedən istiqamətdə yol yaxşıdı. Amma Sumqayıtdan Bakıya gələn istiqamətdə yol örtüyü dağılıb. Buna səbəb ağır tonnajlı yük maşınlarının bu yoldan istifadə etməsi olub. Bu yolun bərpası ilə bağlı işlər görülür. Mərhələ-mərhələ işlər aparılır”.

Burada maraqlı bir sual ortaya çıxır. Görəsən, bu yol tikilərkən yük maşınlarının yoldan istifadə edəcəyi nəzərə alınmayıbmı? Əgər nəzərə alınıbsa, o zaman niyə yol örtüyü sıradan çıxır? Bu cür sualların cavabını ekspertlər konkret təkliflərlə izah edirlər. Mütəxəssislərin fikrincə yola tikinti şirkət tərəfindən zəmanət verilməsi bu kimi problemlərin qarşısını birdəfəlik alacaq.

“Azəryolservis” ASC-nin rəsmisi isə bu zəmanət məsələsi ilə bağlı şirkətlərin öhdəliyi olduğunu deyib. O bildirib ki, podratçı şirkətlər yola bir-iki il müddətinə təminat verir. Pünhan Mürsəliyevin sözlərinə görə, bağlanılan müqaviləyə əsasən, yolda baş verən hər bir qüsur yolu tikən şirkət tərəfindən aradan qaldırılır.

Mütəxəssislər isə dünya və Avropa təcrübəsindən istifadə etməyin vacib olduğunu deyirlər. Söhbət bir-iki illik zəmanətdən deyil uzunmüddətli zəmanətdən gedir. Minimum 5 il yola zəmanət verilməsi dövlət büdcəsindən yollara daha az pul xərclənməsinə səbəb olar. Ekspertlər belə addımların, həmçinin Azərbaycanda fəaliyyət göstərən yol tikinti şirkətlərinin məsuliyyət hissini artıracağına ümid edirlər. Bununlada həm dövlət büdcəsinə qənaət etmək, həm də ölkədə yeni keyfiyyətli yollara qovuşmaq mümkün olar.

COMMENTS