“Qarabağ”ın futbolçusu Maksim Medvedyev Azərbaycan Premyer Liqasının 10-cu turunda “Rəvan”a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlər müsahibə verib
Qol.Az-ın məlumatına görə, qələbəni şərh edən müdafiəçi digər sualları da acavablandırıb
– Avropa Liqasında “Monako”ya, Premyer Liqanın son turunda isə “Sumqayıt”a məğlub olduqdan sonra “Rəvan”la matça çox ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Üç xal qazansaq da, rəqib bizə ciddi müqavimət göstərdi. Sözün açığı, “Rəvan”ın belə çıxış etməsi bizim üçün sürpriz oldu. Onların oyununu çox bəyəndim. Əksər futbolçuların gənclərdən təşkil olunmasına baxmayaraq, çox sərbəst oynayırdılar. Başqa komandalara nisbətən “Rəvan” “Qarabağ”dan çəkinmədi. Qol vura bilməsələr də, epizodları çox oldu. Bizə çətin anlar yaşatdılar. Matçın ilk hissəsində onların qapısına yaxın düşmək olmurdu. Müdafiədə çox yaxşı təsir bağışladılar.
– Hamı “Qarabağ”dan böyükhesablı qələbə gözləyirdi…
– “Qarabağ” üçün əsas olan üç xal qazanmaq idi. Hesabın heç bir fərqi yoxdur.
– “Sumqayıt”a məğlub olduqdan sonra “Rəvan” üzərində çətin qələbə qazandınız. Demək olarmı ki, son vaxtlar “Qarabağ”ın oyunu alınmır?
– Meydanda hər şey edirik, mübarizə aparırıq. Statistikaya baxanda görünür ki, bütün rəqiblərdən üstün futbol oynayırıq. Amma son nöqtəni qoya bilmirik. Elə bil nəsə çatışmır.
– Qeyd etdiyin çatışmazlıqları Reynaldonun yoxluğu ilə əlaqələndirmək olar?
– Əlbəttə, Reynaldonun yoxluğu bizim üçün problemdir. O, “Qarabağ”ın hücum xəttində böyük bir fiqurdur. Reynaldo bütün futbolçularla meydanda yaxşı anlaşa bilir. Fərdi olaraq da çox güclüdür. Bir çox futbolçu onun qarşısında özünü itirir. Armentoros da güclü futbolçudur. Amma o hələ yenidir və potensialını tam göstərə bilmir. Vaxt lazımdır ki, rəqib müdafiəçilər ondan da çəkinsinlər.
– Çempionat oyunlarının sıx qrafiklə keçirilməsi oyununuza təsir edirmi?
– “Qarabağ” iki il bundan öncəki komanda deyil ki, bir oyunçu hər tərəfdə oynasın. Heyətimizdə 26-27 futbolçu var. “Sumqayıt”la oyunda da gördünüz ki, bizi tamamlayan futbolçularımız var. Onlar rəqibdən yaxşı oynadılar.
– Avropa Liqasının qrup mərhələsində “Monako” ilə qarşılaşacağınız matçdan öncə Premyer Liqada AZAL-la oyununuz var…
– AZAL son iki turda “Neftçi”ni məğlub edib, “Qəbələ” ilə bərabərə qaldı. Liderlərə qarşı çox yaxşı mübarizə aparırlar. Bizi də çətin oyun gözləyir. Amma biz meydana qələbə üçün çıxacağıq. Qələbə bizə onlardan çox lazımdır.
– “Monako” ilə səfər matçı göstərdi ki, bu komandanı məğlub etmək olar. Sən necə düşünürsən?
– Səfərdə qələbə qazanmaq üçün hər şey etdik. Amma qol vura bilmədik. Hər kəs bilməlidir ki, “Qarabağ” hələ “Monako” səviyyəsində komanda deyil. Ancaq biz bu gün onlarla başabaş mübarizə aparırıqsa, “Qarabağ”ın gələcəyi daha yaxşı olacaq.
– “Qarabağ”ın qrupdan çıxmaq şansının bu oyundan asılı olduğunu söyləmək olar?
– Mən belə deməzdim. Digər komandalarla elə də xal fərqimiz yoxdur. Bəzən bizi saymırlar. “Anderlext” bizə məğlubiyyətə görə azarkeşlərinə kompensasiya verir. Amma bu futboldur. Hər şey ola bilər. Ona görə də son oyuna qədər kimin qrupdan çıxacağını demək olmaz.
COMMENTS