Deputat-“Rayonda narkomaniya güclənib”

Milli Məclisin üzvü Fərhad Qəribov barəsində yayılan məlumatlar və deputatı olduğu Kürdəmir rayonundakı son durumla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.  

 

 – Fərhad müəllim, sizə məxsus olduğu bildirilən “Debutbank” ASC-yə qarşı cinayət işi açılandan sonra ölkəni tərk etməyiniz mətbuatda birmənalı qarşılanmadı. Ölkəni niyə tərk etmişdiz?

 

– Öncə onu bildirim ki, Mərkəzi Bank “Debutbank”ın lisenziyasını bir neçə il öncə ləğv edib. Açılan cinayət işinin mənə heç bir aidiyyəti yoxdur. Ölkədən səhhətimlə bağlı getmişdim. Türkiyədə ürəyimdən əməliyyat olundum. Vətənə yeni dönmüşəm.  

 

 – Bir neçə ay öncə Kürdəmirə icra başçısı təyin edilən Ceyhun Cəfərovun fəaliyyəti ilə tanışsız?

 

– Hələ rayona gedə bilməmişəm. Eşitdiyimə görə, Ceyhun müəllim icra başçısı təyin edilən gündən abadlıq işlərinə xüsusi fikir verir.  Kürdəmirin girişindəki Süd Zavodundan Ucara qədər gedən yolun sağ və sol hissələri təmir edilir, divarlar üzlənilib. Rayonun içərisində də abadlıq işləri aparılır. Mərkəzi küçələrdəki mağazalar, binalar, hasarlar abadlaşdırılıb, divarlara üzlüklər vurulub. İndi hərə bir söz deyir. Kimisi deyir ki, icra başçısı bu işləri sahibkarlara zorla gördürür və s. Sahibkarlar qazanclarının müəyyən hissəsini öz obyektələrinin təmirinə xərcləyirsə, icra başçısı bu məsələdə təşəbbüskarlıq və təşkilatçılıq edirsə, nəyi pisdir? Mağazalar irəli-geri tikilmişdi. İcra başçısı çərgə pozuntusunu aradan qaldırdı.

 

Kürdəmirdə tam abadlıq işləri aparmaq çətindir. Kanalizasiya, su xətləri tez-tez təmir olunur, yollar qazılır, asfalt örtüyü dağıdılır və s. İşlər kompleks getməlidir. Bu, tək icra başçısından asılı olan məsələ deyil. Divarlara vurulan ağlay, səkilərə düzülən daşlar rayonda qalacaq, başçı onları özü ilə aparası deyil ki… Görülən işləri dəstəkləmək, təqdir etmək lazımdır. Hər kəs öz obyektini səliqəli tiksə, rayon da abadlaşar.  

 

 – Rayon sakinlərinin şikayəti daha çox nə ilə bağlıdır?

 

– Narazılıq daha çox Kürdəmir rayon Polis İdarəsinin rəisindəndir.    

 

– Əhali niyə polis rəisindən narazıdır? – Rayonda narkomaniya güclənib. Mübarizə zəif gedir.  Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəsilə görüşüb məsələləri yoluna qoymağa çalışacam.  

 

 – Kürdəmirdə dövlət hesabına abadlıq işlərinin zəif getməsi nə ilə bağlıdır?

 

– Tək Kürdəmirə deyil, bütün rayonlara vəsaitlərin ayrılmasında müəyyən qədər ara verilib. Daha doğrusu, əvvəlki illərdə olduğu qədər ayrılmır. Bu da  2015-ci ildə Azərbaycanda Yay Olimpiya Oyunlarının keçirilməsilə bağlıdır. Yay Olimpiya Oyunlarına hazırlıq yekunlaşandan sonra rayonların sosial-iqtisadi inkişafına diqqət yüksələcək, qaz, su, kanalizasiya problemləri tam aradan qalxacaq. Pul olmadığına görə, işlər yarımçıq qalıb.    

– Aran bölgəsinin ən böyük bazarı Kürdəmirdədir və rəhbəri oğlunuzdur. Yaxın vaxtlarda bazarda nə kimi yeniliklər gözlənilir? Əhalinin əsas marağında olan yerpulunun azaldılması baş verəcəkmi?

 

– Kürdəmir bazarı böyük bazardır. Orada hər il təmir işləri aparılır, bazar abadlaşdırılır. Yerpuluna gəldikdə isə bu barədə heç nə deyə bilmərəm. Bölgədə ən az yerpulu Kürdəmir bazarındadır. Araşdırma aparsanız, bunun şahidi olarsız. Satıcılardan işıqpulu alınmır.

 

 Bazarda və oradakı mağazalarda  kondisioner sistemi işləyir.  Bütün kommunal xərcləri  bazar rəhbərliyi ödəyir. Elektrik enerjisinin, benzinin qiyməti qalxırsa, bazarda da yerpulu qalxmalıdır. Deputat olduğum üçün oğlanlarım yerpulunu qaldıra bilmir ki, camaat məndən narazı qalar.  

 

 – Dəmiryolunun yaxınlığındakı bazarı nə dərəcədə təhlükəsiz hesab etmək olar?

 

– O bazar başqa adamındır. Məni bu məsələyə qatmayın. Aidiyyəti qurumlar bu işlə maraqlanmalıdılar. Kürdəmirdə mənim və oğlanlarımın gördüyü işlər göz qabağındadır.  Oğlanlarımın rəhbəri olduğu bazar və zavodlar yüksək zövqlə tikilib, insanlar üçün yeni iş yerləridir. Bizim məqsədimiz Kürdəmirdə hərtərəfli inkişafa nail olmaqdır.  

 

 – Kürdəmir Azərbaycanda təhsilin keyfiyyət göstəricilərinə görə sonuncu yerlərdən birini tutur. Bu sizi narahat edirmi?

 

– Əlbəttə. Hamı istəyər ki, onun deputatı oduğu rayon birinci olsun. Bu il Kürdəmirdə bir nəfər yetim uşaq 675 bal toplayıb. Özü də heç bir müəllim yanına getmədən. Deməli, problem şagirdlərin özündədir. Görürlər ki, ali təhsil alanlar işsizdir, oxumurlar. İndi təyinat yoxdur, işə düzəlməkdə çətinlik çəkirlər. Uşağın təhsil alması üçün nə valideynin həvəsi var, nə də uşaqların özlərinin.

 

11-ci sinifdə oxuyanda bizdən 16 şagird ali məktəbə daxil oldu. Müəllimlərimin bəzisi hələ də sağdır. Hər şeyi məktəbin, müəllimin üzərinə atmaq doğru deyil. Bacım nəvəsi qışda mənə dedi ki, dayı, məktəbdə rəhbərliyə tapşırın “otoplenie”ni söndürsünlər, sinif çox isti olur.  

 

 – Rayonda müzakirə olunan məsələlərdən biri də icra başçısının birinci müavin Vasif Məmmədovu vəzifəsindən xaric edib yerinə təhsil şöbəsinin müdiri Tacəddin Novruzovu təyin etməsidir.

 

 – Tacəddin müəllimi sakit adam kimi tanıyıram. İşində tələbkardır. Onun barəsində başqa heç nə deyə bilmərəm. Vasif müəllimi daha yaxından tanıyıram. Cavan yaşlarından dövlət işlərində çalışır. Əvvəl komsomol şöbəsində, sonra uzun müddət icra hakimiyyətində çalışıb. Cavan oğlandır, qocalmayıb hələ. Onun kariyerası qabaqdadır. Yəqin ki, dövlət Vasif müəllimin keçmiş fəaliyyətini qiymətləndirib onu uyğun vəzifəyə təyin edəcək.

COMMENTS