Direktor kəşfiyyatçı zabiti işdən çıxartdı – Açıqlama

Direktor kəşfiyyatçı zabiti işdən çıxartdı – Açıqlama

Abşeron rayon Ceyranbatan qəsəbə sakini, ehtiyatda olan kəşfiyyatçı Şirinov Zaur Arzuman oğlu rayonun 1 saylı orta məktəbinin direktoru Çinarə Atayeva tərəfindən kiçik xidmətedici vəzifəsindən azad edilib.

Bu barədə Zaur Şirinovun Dosye.org-un redaksiyasına ünvanladığı şikayət məktubunda qeyd edilib. O bildirib ki, məsələ ilə bağlı müraciətinə aidiyyəti qurumlar laqeyd yanaşır:

“Mən keçmiş döyüşçüyəm, illərlə ordumuzda kəşfiyyatçı kimi şərəflə xidmət etmişəm. Sonra qəfil aşkarlanan onkoloji xəstəliyə görə ehtiyata buraxılmışam. Ağır xəstəliyə görə hər işdə çalışa bilməzdim. Ona görə də yaşadığım evin yaxınlığındakı 1 saylı məktəbdə kiçik xidmətedici vəzifəsinə düzəldim. Himayəmdə üç azyaşlı övladım var. Məktəbdən aldığım 250 manat məvaciblə onların müəyyən problemlərini yoluna qoyurdum. Lakin Çinarə Atayeva məktəbə direktor təyin olunandan sonra koronavirusla bağlı vəziyyətə baxmayaraq, Əmək Məcəlləsini kobud şəkildə pozaraq, heç bir əsas olmadan məni iyun ayının 18-də işdən azad etdi. Maraqlıdır ki, möhtərəm Prezidentimiz və İqtisadiyyat Nazirliyi pandemiya dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı tapşırıq versə də, Çinarə Atayeva öz şəxsi maraqlarına, həmin postu başqasına satmaq ehtirasına görə işdən uzaqlaşdırılmağım barədə əmr imzaladı”.

Məsələ ilə bağlı Abşeron rayon Təhsil Şöbəsinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı müraciət TŞ-yə daxil olmayıb:

“Şirinov Zaur Arzuman oğlu Abşeron rayon Təhsil Şöbəsinə müraciət etsin. Bu məsələ araşdırılması üçün nəzarətə götürüləcək”.

 

COMMENTS