Eldar Sabiroğlunun oğlu Baş Prokurorluğun dəvətini rədd etdi

“Gəlməyəcəm, məni gözləməyin…”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarından qovulan oğlu Rüfət Səfərov Baş Prokurorluğa çağırılıb.

Musavat.com-un məlumatına görə, bu barədə o, özü məlumat yayıb. R.Səfərov bildirib ki, Baş Prokurorluğun Təşkilati-analtik İdarəsinin prokuroru Zaur Əliyev onun mobil telefonuna zəng edərək, izahat vermək məqsədi ilə prokurorluğun inzibati binasına dəvət edib:

“Deməsinə görə, icraatımda olan bir neçə material və cinayət işində qanunazidd hallar müəyyən edilib. Odur ki, izahat vermək zərurəti yaranıb. Hazırda həmin müəllim mənim zəngimi gözləyir. Zaur müəllim və digər məsul vəzifəli şəxslərdən soruşuram, rayon prokurorluğunda kompleks yoxlama aparılarkən məni dinləməmiş, izahatımı almamış xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, sonra məndən izahat tələb edirsiz? Hansı statusda? Mən ki, prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, bir daha Cinayət Prosessual Məcəlləsinə nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunmuşsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və əlavə araşdırmanın aparılması məqsədilə müvafiq qaydada göndərim. Zaur müəllim, zəhmət çəkib məni gözləməyin”.

COMMENTS