Ermənistana sığınan azərbaycanlı ailə yoxa çıxıb

Ermənistandan sığınacaq istəyən azərbaycanlı ailə ölkəni tərk edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan miqrasiya xidmətinin rəisi Qaqik Eqanyan xəbər verib.

Onun sözlərinə görə Orucovlar ailəsi dekabrın əvvəlində ölkəni tərk edib. Orucovların hara getməsi barədə isə xəbər yoxdur.

Qeyd edək ki, 2014-cü ilin 29 yanvar tarixində 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Erməni mətbuatı iddia edir ki, ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzoyeva adılı xanımla ailə qurmasından sonra başlayıb. Lakin ailəsi, hətta qonşuları belə Cavidin bu iddialarının yalan olduğunu deyir.

Cavid Orucov Ermənistanda da və bundan sonra Azərbaycanda da yaşamağın mümkünsüzlüyünü irəli sürərərək, Avropa ölkələrindən sığınacaq istəyirdi. Onun bu barədə istəyi bir dəfə rədd edilmişdi.

Qeyd edək ki, Qərb dövlətlərində sığınacaq ala bilmədiyi üçün 2014-cü il yanvarın 29-da Ermənistana keçən Cavid Orucov həmin ilin aprel ayında BBC-nin yerli müxbirinə verdiyi müsahibədə yataqxanada qaldığını, vəziyyəti qənaətbəxş olmadığı üçün bu ölkəni də tərk etmək istədiyini demişdi.

COMMENTS