Ermənistana verilən vaxt bitdi: “yeni hərbi texnika, silah-sursatlar alınır” xəbərdarlığı-düşmən üçün əcəl zəngi

Ermənistana verilən vaxt bitdi: “yeni hərbi texnika, silah-sursatlar alınır” xəbərdarlığı-düşmən üçün əcəl zəngi

Yəqin xatırlayırsınız, Prezident İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsində Ermənistanı seçim etməyə çağırmışdı. Demişdi ki, əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. “Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”-söyləmişdi cənab Əliyev.

O zaman Ali Baş Komandanın Ermənistana altı ay vaxt verdiyini, bu xəbərdarlığın arxasında əməli addımların dayandığını əminliklə yazmışdıq. Vaxt-vədənin yetişdiyini Prezident İlham Əliyevin cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dedikləri də təsdiqlədi. Ermənistan rəhbərliyi ötən yarım il ərzində çox manevrlərə əl atdı, gah imzasının arxasından qaçmağa, gah vədlərindən yayınmağa çalışdı, gah da İrəvandakı “Fransa” meydanında Qarabağ razılaşması ilə bağlı etiraz şousu göstərən revanşistlərin kölgəsində gizlənməyə cəhd göstərdi, heç bir xeyri olmadı. Təsadüfi deyil ki, Azərbaycan rəsmi İrəvanın status-kvonu saxlamağa yönəlik cəhdlərinin qarşılığında “danışıq naminə danışıqlar”da iştirak etmək niyyətində olmadığını qətiyyətlə bəyan etdi, Ermənistanın sərhəddəki təxribatlarına əsgərimiz silahla cavab verdi, diplomatiyamız yenidən Qarabağ məsələsi ətrafında spekulyasiyalara yol vermək istəyən paytaxtlara, mərkəzlərə, aktorlara yerini göstərdi, “status”, “Minsk Qrupu”, “ermənilərin təhlükəsizliyi” nağıllarına tutarlı cavablar oldu.

16363721255053140881_1000x669.jpg (207 KB)

Prezident Əliyev dünənki (15 iyul-E.P.) müşavirədə bir sıra vacib məsələlərə münasibət bildirərkən rəsmi İrəvana da növbəti dəfə “sarı kart” göstərdi. Bu, xəbərdarlıq həm də Azərbaycanı yerli-yersiz ittiham etmək cəhdi göstərən çevrələrə ünvanlanmışdı.  Sitat: “Cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir”.

Dövlət başçısı bildirdi ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilməsi müsbət addım kimi qiymətləndirilə bilərsə, bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki “Ermənistan tərəfi buna o qədər də meylli deyildi”. Prezident avqustda ikinci görüşün keçirilməsinin nəzərdə tutulduğunu qeyd etməklə yanaşı, qeyd etdi ki, tezliklə nəticə əldə olunacağını gözləmir, çünki delimitasiya uzun bir prosesdir.

Hazırda tələb olunan böyük sülhün imzalanmasıdır, lakin Ermənistan hər yola əl atır ki, prosesi uzatsın. Ermənilər düşünürlər ki, hansısa tarixi şərait yaranar və proseslər onların xeyrinə işləyər. Bu dərəcədə xəstədir bu millətin başbilənləri, ideoloqları. Diqqət edin, vaxtilə parlamenti güllə-boran edib Qarabağ sülhünü əngəlləməyi bacaranların xələfləri indi də Ermənistan parlamentinin işini iflic etmək üçün mandatlarından belə imtina ediblər, təki proses dayansın, Nikol Paşinyan etirazlardan, ən sonda terrordan (!!!) çəkinsin, sülhü imzalamasın.

indir (24).jpg (39 KB)

Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib, amma sözdə, üzdə…Əməldə öhdəliklərinə əməl etmir. Prezident də dedi: “Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Məsələn, 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. Hansı ki, Laçın yolu açıqdır və üstəlik, Azərbaycan Xankəndi ilə Ermənistan arasında rahat əlaqəni təmin etmək üçün yeni yol çəkir. Çünki Azərbaycan dövləti kişi dövlətdir, sözünə sadiqdir. Sitat: “10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyi əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülmür”.

İndi Ermənistanın “gördüyü” işə diqqət edək. Dövlət başçısı qeyd etdi ki, bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur: “Texniki-iqtisadi əsaslandırmaolmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib”.

ffffdfdsswe.jpg (160 KB)

Ermənistan ancaq aranı qarışdırmağın yollarını arayır, yollar tikmək, əlaqələr qurmaq, dalandan çıxmağın çarəsini tapmaq əvəzinə. Bədbəxt ölkədir, idarəçiləri daxil…İlk dəfə deyil ki, sözlərinin arxasından qaçırlar…Tarix boyu xəyanət ediblər, anlaşmanı pozublar, vədlərindən qaçıblar. 1918-ci ildə yalvardılar, İrəvanı güzəştə getdik. Nə faydası, “Bakı da bizimdir”-dedilər. Başları əziləndə yenə də bir daha torpaq iddialarının olmayacağını dedilər. Lakin cəmi iki il sonra Sovet Rusiyasının arxasında gizləndilər,  “Zəngəzursuz havamız çatmır, ölürük” dedilər, qopartdılar… Prezident Əliyev bütün bunları hamıdan yaxşı bilir, təsadüfi deyil ki, növbəti dəfə sonuncu çıxışında tarixi faktları xatırlatdı.

Sitat:  “Son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim – Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq”. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının Prezidenti bəyan edir bunu! Kimlərsə Ermənistanda Rusiya hərbçilərinin olduğunu xatırladır. Amma vaxt var idi eyni “arqument” sahibləri Qarabağın da hərb yolu ilə azad olunmasını mümkün saymırdılar, ruh düşkünlüyü yaratmağa çalışırdılar. Tarixi şərait yarandımı, Azərbaycanın qətiyyəti öz sözünü dedimi, Tovuza xain hücum zamanı “bu, Ermənistanın boyunu aşan hücumdur”- deyən Türkiyə Prezidentinin və dövlətinin hər cür dəstəyi sayəsində ordumuz, dövlətimiz Zəfər tarixini yazdımı? Odur ki, Ermənistanın revanşist davranışları davam edərsə, günün birində Azərbaycan bayrağı Zəngəzurda da dalğalana bilər. Kəlbəcər və Laçının intensiv atəşə tutulması isə Azərbaycanı TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ görməyə, TƏHLÜKƏSİZLİK ZOLAĞI yaratmağa vadar edə bilər. Unutmamışıq, on illər boyunca Ermənistan ətraf 7 rayonu ona görə azad etmirdi ki, guya bu ərazilər ona “Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyi” üçün lazım idi. İndi Azərbaycan Ermənistanı özünün keçmiş arqumenti ilə vura bilər. O zaman erməni tərəfinin iddiasını anlayışla qarşılayan mərkəzlər bu halda da zəhmət çəkib Azərbaycanın mövqeyini bölüşərlər. Kəlbəcərdə, Laçında Ermənistanın viran qoyduğu yaşayış məntəqələrini tikirik. Ermənistan hələ bu cinayətlərinə görə beynəlxalq səviyyədə cəzasını almayıb, indi də güllə yağışı altında əbədi qalası deyilik ki…Günün birində o MÜBARƏK ƏMR verilə bilər! Lakin nəyi, nə zaman demək məsələsi var.

k.jpg (118 KB)

Azərbaycan Prezidenti əslində “biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik” xəbərdarlığını Qarabağdakı bir ovuc erməniyə status istəyənlərə ünvanladı, təkcə ermənilərə deyil. 1988-89-cu illərdə Ermənistandan azərbaycanlıların sonuncu hissəsi, 250 mindən çox insanımız qovuldu, mülkləri, ev-eşikləri, ata yurdları yağmalandı. Qarabağdakı 20-25 min erməninin “göz yaşlarını” silənlər nədənsə bircə dəfə Ermənistandan deportasiya olunan Azərbaycan türklərindən kəlmə kəsməyib bu vaxtadək. Hələ biz 1948-54-cü illərdəki deportasiyadan danışmırıq. Azərbaycana qarşı terror törədən ermənilərin azad olunmasını tələb edən çevrələr Ermənistanı əsir, itkin, girov azərbaycanlılarla bağlı sorğu-sual etmir, hansı ki, 4 min nəfərdir onlar! Azərbaycan Prezidenti son zamanlar davamlı şəkildə bu faktları xatırladır, Ermənistanı açıq və gizli himayə edənlərin üzünə deyir, cavab istəyir.

Prezident “ölmüş Minsk qrupunu” diriltmək cəhdlərinə də tutarlı cavabını verdi: “Minsk qrupuna ehtiyac yoxdur”-dedi. Sözü neçə dəfə deyərlər?! Minsk qrupu “ölüb”, “umer”, “est mort”,”is dead”!!! Hansı dildə başa düşürlər bunlar? Azərbaycanın dövlət başçısı birdəfəlik deyib ki, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Üstəlik, Rusiya da nəhayət, daşı ətəyindən töküb ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Mənasız söhbətlərlə vaxtımızı almasınlar, zəhləmizi tökməsinlər, biz az ciddi olsunlar!

Azərbaycan Prezidentinin Ermənistana və havadarlarına xəbərdarlıqlarının yekununda hərbi sahədə görülən işlərdən, altı ay ərzində hərbi sahədə də aparılan islahatlardan danışması şübhəsiz ki, düşməni, onun arxasında dayanmağa həvəsli görünənləri düşündürməlidir.

Sitat: “Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb”.

jujujuj.jpg (129 KB)

Ermənistanla hələ dəqiqləşdirilməyən sərhəd boyunca yeni, müasir hərbi hissələr, Qarabağdakı komando hərbi birlikləri…səsləndirilən xəbərdarlıqların məntiqi davamıdır. Vaxt bitib, Ermənistan ciddi düşünməli, qərarını verməlidir. Tiflisdə xarici işlər nazirlərinin ilk ikitərəfli görüşü də Ermənistan üçün şans sayıla bilər. Ən nəhayət, Qarabağdakı erməni hərbi birləşmələri, terrorçu qüvvələrin dərhal çıxarılmasına məsul olanlar da yaxşı-yaxşı düşünsünlər, cənab Əliyevin dedikləri həm də onlara aid idi. 10 noyabr öhdəliklərinə nə qədər tez əməl edilsə, bir o qədər yaxşıdır.

Vaxtilə biz yazanda ki, Prezident Əliyev Ermənistana 6 ay vaxt verdi, bəzi tanınmış siyasətçilər belə, şübhə ilə yanaşmışdılar. Budur, son müşavirədə dövlət başçısı bir çox məsələləri açıq şəkildə söylədi. Sitat: “Biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni (Qarabağdakı silahlılardan bəhs olunur-E.P.) qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları – Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb – necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.

Bundan da açıq söhbət olarmı? Terrorçu qüvvələrə qarşı əməliyyatın anonsudur artıq. Artıq sözlə hər şey deyilib, yaxşısı budur düşünsünlər, “Dəmir Yumruğ”a əziyyət verməsinlər, səssiz-səmirsiz cəhənnəm olsunlar Azərbaycan torpaqlarından!

Elşad Paşasoy,

COMMENTS