“Ancaq hesab edirəm ki, İsa Qəmbər ora dəvət olunmalı idi”- Rafiq Manaflı

Milli Şuranın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı qurumun keçirdiyi mitinq və sonrakı qərarlar barəsində Hafta.az-a müsahibəsində danışıb.

 

Müsahibəni təqdim edirik:

 

– Mitinqə 10 min nəfər iştirakçının gələcəyini gözləsəniz də, bu qədər adam gəlmədi. Siz necə, razı qaldınızmı keçirdiyiniz mitinqdən?

 

– Son dövrdə baş verən həbslərdən sonra cəmiyyətdə ruh düşkünlüyü vardı. Əlbəttə də ki, bu situasiyada mitinqin həmişə olduğundan fərqli olaraq izdihamlı keçirilməməsini normal qəbul etmək lazımdır. Bu faktoru nəzərə alaraq deyə bilərik ki, mitinq normal keçdi. Biz demək istədiyimiz fikirləri mitinqdə çatdıra bildik.

 

– Növbəti mitinq barəsində müzakirələr edirsiniz?

 

– Hər halda müzakirələr olunacaq. Qarşıdan bələdiyyə, parlament seçkiləri gəlir. Təbii ki, bu dörvlərdə mitinqlərin davamlı olmağı qaçılmazdır. Buna görə də əlbəttə ki, növbəti mitinqimiz də olacaq.

 

– Müsavat Partiyasının funksionerlərinin tribunaya dəvət olunmamasına necə baxırsınız?

 

– Bu məsələ müzakirə olunub. Əlbəttə, Müsavat Partiyasının daxilində gedən proseslər bu partiyanın daxili işidir. Biz Müsavat Partiyasında hər şeyin normal, öz axarı ilə sona çatmasının arzusundayıq. İstəyirik ki, partiya bu proseslərdən bütöv şəkildə çıxsın. “Müsavat”ın zəifləməsi ümumi müxalifət cəbhəsinin zəifləməsidir. Ancaq hazırda onların qurultaydan sonra öz aralarında müəyyən narazı fikirləri səsləndirilir. Kimlərəsə üstünlük verib legitimləşdirmək bizim işimiz deyil. Mitinq Milli Şuranın olub. Ora heç kim dəvət olunmayıb. Kim istəyibsə, gəlib. Ancaq hesab edirəm ki, İsa Qəmbər ora dəvət olunmalı idi. Sözün düzü mən sonradan bilmişəm ki, İsa Qəmbər orada olub.

COMMENTS