“Formula-1” yarışlarına görə Bakıda yollar bağland

2016-cı il iyulun 17-də Bakı küçələrində saatda 207 km sürətlə yarış maşınları şütüyəcək. Bakı artıq “Formula-1” 67-ci dünya çempionatına hazırlaşır.
 
Musavat.com xəbər verir ki, gələn il Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində tikinti işləri davam edir.
 
Bu yarışlarda əsas tələb, hamar, heç bir problemi asfalt yoldur. Çünki yüksək sürətlə hərəkət edəcək olan avtomobillər üçün hamar olmayan yolda qəza şəraiti yarana bilər. Beynəlxalq Avtomobil İdmanı Federasiyasının tələbinə əsasən, asfalt örtüyü 6-8 sm qalınlığında dəyişilməlidir. Hazırda da paytaxtda bu işlər görülür. 
 
Xaqani küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində, həmçinin Bülbül prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində, eləcə də Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinədək olan hissəsində yeni asfalt örtüyünün çəkilişi aparılır.
 
Hazırlanacaq asfalt yollarının, sonradan yerin dərin qatında yerləşən kommunal qovşaqlarında yarana biləcək nasazlıq halları üzündən sökülməsinin qarşısını indidən almaq məqsədilə hazırda önləyici tədbirlər görülür.
 
Aparılan təmir işlərinə görə, adıçəkilən istiqamətlər üzrə kəsişən küçə və prospektlərdə ciddi nəqliyyat sıxlığı yaşanır. Sürücülərin bəziləri bu haldan şikayət edir, bəziləri isə yeni asfalt örtüyün çəkilməsini müsbət qarşılayırlar. 
 
Marşrut sürücüsü Dadaş Qasımov deyir ki, yolun qazılması həm tıxaclara səbəb olur, həm də onları marşrutunun yolunu dəyişməyə vadar edib: “Məcbur yolumuzu dəyişmişik. Camaat həmişə “Sahil” metrostansiyasından çıxıb, burada dayanırdı. İndi yolu bağlayıblar deyə, istiqamət dəyişib. Hamı çaş-baş qalıb. Əsas yolların girişini lentlə, beton daşlarla qapadıblar. Günün pik saatlarında tıxaclar yaranır. Bilirəm ki, bunu o maşın yarışlarına görə edirlər. Mərkəzdə də o cür yarış keçirmək məntiqli deyil.  Bakı ətrafı yolların çoxsu boşdur. Yarışı orada keçirmələri daha yaxşı olardı. Onsuz da sıx və maşın cəhətdən bol olan küçələrdə belə yarışı keçirmək gülməlidir”.
 
Şəhər sakini Tamerlan Salahov isə təmirə görə, işə gecikdiyini deyir: “Mən qapımda maşın saxlaya bilmirəm. Çünki təmir gedir. Məcbur qalıb, maşını uzaq yerdə park edirəm. Üstəlik, buna görə ödəniş də edirəm. Hər səhər avtomobilimə minib, işə getmək üçün azı 400-500 metr piyada yol gedirəm. Bu da işə gecikməmə səbəb olur”. 
 
Xanım Aslanova adlı xanım sürücü isə təmir işlərinə başqa tərəfdən yanaşdı: “Ölkəmizdə avtomobil yarışlarının və ya başqa idman yarışlarının keçirilməsi yaxşı haldır. Ölkənin tanınmasına kömək edir. Xarici media bu yarışdan yazacaq və sözsüz ki, o xəbərdə “Azerbaijan” sözü mütləq keçəcək. Amma bir məsələ var. Bizim yollara 2 gün öncə çəkilən asfaltla maşın sürən zaman adam özünü təpələrin üzərində hərəkət edirmiş kimi hiss edir. Bu yolu normal çəkə biləcəklər? Bir də bu yarışları bəhanə edib, Bakının ətrafında olan kəndlərin, küçələrin yollarına asfalt çəksələr yaxşı olar”. 
 
Yolların asfaltlanma işləri Azərbaycanın “AzVirt” MMC şirkəti tərəfindən aparılır. Yarışın keçirilməsi üçün Azadlıq meydanı, Puşkin, Xaqani, Bülbül, Zərifə Əliyeva, Əziz Əliyev, Qoşa Qala, İstiqlaliyyət, Niyazi küçələri və Neftçilər prospektində asfalt örtüyünün iki lay olmaqla yenilənməsi nəzərdə tutulub. Ümumilikdə 6 kilometr uzunluğunda tras 8 sağ və 12 sol döngədən ibarətdir. “Bakı Şəhər Halqası” şirkətinin sifarişi ilə hazırlanan layihədə tras maksimum saatda 340 kilometr sürət üçün nəzərdə tutulub. Təmir işlərinin 2016-cı ilin may ayında tamamlanması planlaşdırılır.
 
“Azərbaycanda təşkil olunacaq Formula-1 Avropa Qran-Prisinin yolları üçün büdcədən 12 milyon manat ayrılıb” – Bu sözləri qran-priyə “son 6 ay” tədbirinə həsr olunmuş ilk mətbuat konfransında Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov deyib. Nazir bildirilib ki, Əməliyyat Komitəsi yarışlara hələlik 5 milyon xərcləyib: “Sürprizlər edəcəyik. Cümə, şənbə və bazar axşamları əyləncənizə rəng qatmaq üçün xarici ulduzların iştirakı ilə müxtəlif konsert proqramları təşkil ediləcək.  Azərbaycan vətəndaşları üçün bilet qiymətində 40 faiz endirim ediləcək. Biletlərin qiyməti 19 manatdan başlayır. Ən bahalı bilet isə 620 manatdır.
 
Yarışlarla bağlı Bakıya 2500 adam gələcək. Bura idmançılar, komanda üzvləri, həkimlər və sairə daxildir. Onlar həm otellərdə, həm də olimpiya kəndində yerləşdiriləcəklər. Bu kənddə 1 bina personal üçün ayrılıb. Ehtiyac olsa bütün binalarda turistləri də yerləşdirmək mümkündür”. 
 
Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.

COMMENTS